Xarici İşlər Nazirliyi: Liviyada həbsdə olan vətəndaşlarımız vətənə qayıdıblar

Liviya Dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev bu ilin yanvarın 21-də vətənə geri qayıdıblar.Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.Məlumatda deyilir: “Bildirmək istərdik ki, 2016-cı ilin mart ayında Türkiyə Respublikasında qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya Dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəmini matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.Həbsdə olan vətəndaşlarımız - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 2020-ci il 29 dekabr tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.Vətəndaşlarımızın təcili təxliyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlərin nəticəsində, Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə vətənə geri qayıtması mümkün olub. Təxliyə prosesi Türkiyə Respublikası və Liviya Dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib”.xeber100.com

Yanvar 21, 2021 12:39

Qanlı Yanvar hadisələrindən 31 il ötür…

Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.Azərtac xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər.Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, şəhidlərə borcluyuq.Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 100-dən çox sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı.Bu qanlı hadisələrdən bir gün sonra – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə nümayiş etdirir.xeber100.com  

Yanvar 20, 2021 12:34

İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil

Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Cıdır düzündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə Azərbaycan Prezidenti bildirib.Xalqımızın birliyindən danışan Prezident deyib: “Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.xeber100.com

Yanvar 15, 2021 10:34

Xarici İşlər Nazirliyi Ermənistanın əsassız ittihamlarını rədd edib

Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 2020-ci il 13 yanvar tarixli bəyanatı ilə bağlı şərhində yer alıb. Şərhdə deyilir: “Ermənistan XİN-nə xatırladırıq ki, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilən 150 minədək azərbaycanlı Ermənistan SSR-nin 24 rayonu və İrəvan şəhərindən zorla Azərbaycana köçürüldü. Eləcə də Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının növbəti dəfə zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi. Lakin 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir. Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür. Bölgədə bütün hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, tərəqqi şəraitində birgəyaşayış fikirlərinin təşviq olunması əvəzinə, rəsmi Yerevanın uydurma əsaslarla düşmənçilik propaqandasını davam etdirməsi təəssüf doğurur və bu ölkənin əsl niyyətini üzə çıxarır. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır”.xeber100.com

Yanvar 13, 2021 2:55