“Müstəqilliyə aparan yol: Azərbaycan- Gürcüstan” adlı müsabiqə elan edilib

Ölkəmizin Gürcüstandakı səfirliyi Azərbaycan və gürcü xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsi elan edib.Bu barədə Azərtac-a səfirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə Gürcüstanın 15 yaşından yuxarı vətəndaşları iştirak edə bilərlər. İştirakçılar mövzu üzrə rəsm və inşa yazılarını təqdim etməlidirlər.Ən yaradıcı rəsm əsəri və inşa yazısı ekspertlər tərəfindən seçiləcək və hər iki nominasiya üzrə ilk üç yeri tutanlar mükafatlandırılacaq.Müsabiqənin nəticələri yanvarın 18-də açıqlanacaq.Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaq.Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazan şəxslərdən öz işlərini yanvarın 17-dək səfirliyin [email protected] ünvanına göndərməlidirlər.Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən səfirliyin (+995 32) 224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur.xeber100.com

Yanvar 9, 2021 4:14

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciəti!

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən şəxslərə müraciət edib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.Namizədlər qəbul komissiyalarına müraciət edərkən təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.Müraciətlər yanvarın 11-dən 30-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən müvafiq komissiyalarda qəbul edilir.Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.xeber100.com  

Yanvar 9, 2021 4:12

Prezident İlham Əliyev: Şuşaya mütləq dəmir yolu da çəkilməlidir

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Orada həm ənənəvi, həm bərpaolunan enerji növləri geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib.Dəmir yolları ilə bağlı hazırlıq işləri getdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”.Prezident, həmçinin bildirib ki, Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir.“Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.xeber100.com

Yanvar 7, 2021 1:57

İlham Əliyev: Bu il Füzulidə beynəlxalq hava limanı yaradılacaq

Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcək. Artıq göstəriş verilib və indi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.Dövlətimizin başçısı deyib: “Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısının hazırlanması barədə tapşırıq verərək deyib: “Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”.xeber100.com

Yanvar 6, 2021 11:22

İspaniyanın “La Vanguardia” qəzeti yazır…

İspaniyanın EFE informasiya agentliyinin saytında, "La Vanguardia" qəzetində "İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib" sərlövhəli məlumat dərc edilib.Azətac xəbər verir ki, məlumatda bu gün Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Azərbaycanın geri qaytardığı Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdiyi bildirilir.“Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm. Şuşa buna layiqdir. Hesab edirəm ki, Şuşa təkcə Azərbaycanın deyil, regionun mədəni paytaxtı hesab oluna bilər. Vaxt itirmədən, eyni zamanda tələsmədən Şuşanın ilkin, tarixi siması bərpa olunmalıdır”, - deyə dövlət başçısından sitat gətirilir.Diqqətə çatdırılır ki, Şuşada bərpa işlərinə artıq başlanılıb, evlərin və tarixi abidələrin bərpası istiqamətində işlər aparılır.Qeyd olunur ki, Azərbaycan Prezidenti divarlarında təhqiramiz yazılar yazılan, inək və donuzların saxlanıldığı məscidlərin dağıdılması və təhqir edilməsində Ermənistan hakimiyyətini ittiham edib.Məlumatda Prezidentin işğal dövründə Azərbaycan şəhərlərinin dağıdıldığını qeyd edərək, Ermənistan rəhbərliyini vandalizm və barbarlıqda günahlandırdığı bildirilir.Bundan başqa, azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Fərmanı ilə layiqli həyatı təmin edəcək Qarabağ Dirçəliş Fondunun yaradıldığı diqqətə çatdırılır.Məlumatda Şuşanın tarixindən də bəhs edilir.xeber100.com

Yanvar 6, 2021 11:17

Avropa Şurası Parlament Assambleyasının növbəti qış sessiyası təşkil olunacaq

Üzvlərinin yenidən görüşməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021-ci il yanvarın 25-dən 28-dək keçiriləcək növbəti qış sessiyası fərqli formatda təşkil olunacaq. Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edəcək, digər qismi isə sessiyaya virtual qoşulacaq.Azərtac xəbər verir ki, AŞPA-nın qış sessiyasında Avropa Şurasının Baş katibinin müavini, Parlament Assambleyasının Baş katibi, eləcə də Yunanıstan və İsveçrə üzrə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron şəkildə təşkil olunacaq.Almaniyanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Almaniya Federal xarici işlər naziri Heiko Maas Assambleya üzvləri qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq. Baş katib Marija Pejčinović Burić məruzəsini təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarına cavab verəcək.Sessiya çərçivəsində COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktiki mövzular ətrafında debatlar aparılacaq.Sessiyanın gündəliyindəki mövzular arasında etnik profilləşmə, təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər və xroniki xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə dair mövzular da yer alır.Dörd gün davam edəcək sessiyada Polşa və Moldovada hakimlərin müstəqilliyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövzuların, eləcə də Assambleyanın Monteneqroda həyata keçirdiyi monitorinqdən sonrakı dialoqa dair nəzarət prosedurlarının təkamülünə dair debatların aparılması planlaşdırılıb.Assambleyanın plenar iclasında Gürcüstandakı seçkilərə dair hesabat müzakirə ediləcək. Sonda üzv dövlətlər qanuni öhdəlikləri ilə bağlı ciddi pozuntuya yol verdiyi təqdirdə Parlament Assambleyası və Nazirlər Komitəsinin birgə Prosedura -2319 (2020) saylı Qətnaməyə nəzarətlə bağlı qurumun Nizamnaməsində dəyişikliyə dair fikirlər səsləndiriləcək.xeber100.com

Yanvar 2, 2021 7:00

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

Dekabr 31, 2020 8:30