Müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb. Sazişin məqsədi Tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir. Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər: - hərbi təhsil, treninq və təlimlər; - müdafiə və təhlükəsizlik siyasəti; - sülhməramlı və humanitar əməliyyatlar; - NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq; - silahlara nəzarət və tərk-silah; - hərbi qanunvericilik; - maddi-texniki təminat; - mülki-hərbi əməkdaşlıq; - müdafiə sahəsində kibertəhlükəsizlik; - hərbi xəritəçilik; - hərbi tibbi xidmətlər; - sosial, idman və mədəni tədbirlər; - humanitar minatəmizləmə; - qarşılıqlı maraq kəsb edən digər sahələri. Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək: - rəsmi səfərlər və işçi görüşləri; - ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi; - treninq və təlim tədbirlərində iştirak; - qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi; - konfrans və seminarlarda iştirak; - mədəni və idman tədbirlərində iştirak; - birgə razılaşdırılmış digər əməkdaşlıq formaları. Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir. Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər. Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.xeber100.com

Sentyabr 6, 2023 11:16

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin konfransı keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin növbəti, 5-ci konfransının bu il Bakıda keçirilməsi nəzərdə tutulur. Bu barədə İƏT-in nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə bildirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanın ötən dövrdə İƏT-lə, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarla uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizin İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğu, dünyada İslam həmrəyliyinin güclənməsində mühüm töhfələr verdiyi bildirilib. İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransının da Bakıda təşkil edildiyi qeyd olunub. Vurğulanıb ki, həmin konfrans çərçivəsində Prezident İlham Əliyev mənzil-qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb və təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərdən bəhs olunub. Həmin Mərkəzin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində mühüm rol oynayacağı vurğulanıb. İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyəti qeyd olunub. Bakıda keçiriləcək növbəti konfransın da bu istiqamətdə mühüm irəliləyişə imkan yaradacağı bildirilib. Görüşdə konfransın təşkili məsələləri müzakirə edilib, müvafiq razılaşma sənədi imzalanıb.xeber100.com

Sentyabr 5, 2023 11:28

Azərbaycan İsveçrə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır

Azərbaycan İsveçrə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu barədə Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli Gününə həsr olunmuş tədbirdə bildirib. “Azərbaycan İsveçrə ilə əlaqələrə böyük diqqət yetirir və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır” – nazir deyib və diqqətə çatdırıb ki, ölkələr arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edib. O, İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etdiyini, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) isə İsveçrədə əhəmiyyətli dərəcədə təmsil olunduğunu xatırladıb. Öz növbəsində, İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet Azərbaycanda olduğu 6 ay ərzində ölkəni gəzmək və Azərbaycan mədəniyyətinin bütün zənginliklərini görmək imkanı əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla İsveçrə arasında oxşar cəhətlər var - hər iki ölkə çoxmillətlidir, gözəl təbiətə malikdir və turistlər üçün cəlbedicidir. A.Hoffet pandemiyadan sonra Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artdığını qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, iqtisadi əməkdaşlığın inkişafı üçün hələ də böyük potensial var.xeber100.com

Sentyabr 5, 2023 11:25

Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib

İyulun 26-da Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib. biznes forumda Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib. Biznes forumda çıxış edən Ə.Əhmədov bildirib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır. Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb. Biznes forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də Ələt Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumatlandırılıblar. Qırğızıstanın biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar. Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə edilib. Biznes forum çərçivəsində Azərbaycan Respublikasının və Qırğızıstan Respublikasının investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.xeber100.com

İyul 26, 2023 2:38

İyulun 22-23-də Şuşada Qlobal Media Forumu keçiriləcək

İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçiriləcək. Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək. Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılacaq. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edəcək. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər. Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.xeber100.com  

İyul 21, 2023 1:33

Hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

İyulun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib. Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.xeber100.com

İyul 13, 2023 2:31