Fazil Mustafa: “Hazırda dünyada yeni siyasətin formalaşması prosesi gedir”

“Azərbaycanda fiziki say müxalifəti var. Ölkədə əqli parlaq müxalifət yoxdur. Ona görə də bu müxalifət görüşünü ifadə edən insanlar da parlamentdə konstruktiv bir fəaliyyətin önə çəkərək öz dünyagörüşlərini dilə gətirən, hakimiyyətlə fiziki üz-üzə gəlməyə üstünlük verməyən, daha çox intellektual müstəvidə ölkənin problemlərini diqqətə çatdırmaq istəyən və onun həlli yollarını göstərən insanlar var ki, biz də özümüzü onların təmsilçisi hesab edirik”. Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya aiddir. Həmin Fazil Mustafa ki, uzun illərdir parlamentdə hər sahədə olan problemlərin qabardılmasında yaxından iştirak edir və ən önəmlisi 35 illik siyasi fəaliyyətində tutduğu yoldan, əqidəsindən dönmür. Maraqlı müsahib kimi tanınan Fazil Mustafa xeber100.com saytının suallarını cavablandırıb, necə cavablar verib, onu sadəcə müsahibəni oxuduğunuz zaman görəcəksiniz. -Dünya ölkələrində baş verən hadisələr, siyasi oyunlar, bəlkə maddiyyat hərisliyi o dərəcədə inkişaf etdi ki, nəticədə nə vaxt, nəyin sona çatacağı və ya birilərinin olanlara –DUR-deməsi sanki mümkünsüzləşdi. Bəlkə bu mümkünsüzlüyün səbəbidir ki, artıq Avropa Birliyi parçalanmaq təhlükəsi ilə qarşılaşıb, Türkiyədə olan vəziyyət göz qabağında-yəqin ki, referendumdan sonra türk milləti sözün həqiqi mənasında parçalanacaq, müsəlman ölkələrində olan durum, ümumiyyətlə isə dünya böhranın içində...Bütün bunlara bir siyasətçi olaraq necə xarakterizə edərdiniz? -Siyasətçi olaraq mənzərəni heç də bu qədər vahiməli görmürəm. Çünki hazırda dünyada yeni siyasətin formalaşması prosesi gedir. Dünyanın supergücü sayılan ABŞ artıq bu roldan imtinanı dilə gətirir və öz qabığına çəkilməyə çalışır. Bu təbii olaraq bütün digər birlik modellərinə, ayrı-ayrı ölkələrin taleyinə ciddi təsir göstərəcək səviyyədə bir dəyişim deməkdir. Avropa Birliyi də, NATO da, Rusiya, Türkiyə kimi ölkələr də bu siyasət dəyişimindən öz nəsibini hökmən alacaqdır və yeni münasibətlər sisteminə uyğunlaşmağa çalışacaqlar. Hərə bir formada bəndi-bərəni möhkəmlətməklə məşğuldur. Türkiyə isə bu önləyici addımı referendumla atmağa cəhd edir. Türk millətinin parçalanması barədə deyilənlər daha çox illüziyaya bənzəyir, çünki idarəetmə formasının dəyişməsi heç bir halda türk cəmiyyətinin iç strukturunu dəyişəcək gücdə deyil. Dünyaya gəlincə isə, təsəvvürə gətirin yüz il öncənin, səksən il öncənin dünyasını. İndiki böhran onlardan daha dəhşətli deyil ki?.. Dünyanın hər yerində arzuolunmaz gərginliklər olsa da, müsbət hal odur ki, tənzimləyici güc də mövcuddur və hələ ki, hər kəs istədiyini edə bilmir. Məsələn, Şimali Koreya nüvə silahını istifadə etməyə cəsarət etmir, İran uranın zənginləşdirilməsi üçün hələ ki, beynəlxalq qurumlardan icazə alır və bu kimi faktorlar nəzarətsiz böhran anlayışını ortadan qaldırır. -Müsahibələrinizin birində “Siyasət insanı bir az alıb aparır, bir az bayağılaşdırır, həm də insanı bəlli bir ideologiyanın quluna çevrir” demisiniz. Bütün bunlar bir yana, siyasət adamı siyasi oyunların qurbanı olursa və nəticə etibarilə də millətin həyatını da bu oyunun bir parçası edirsə... -Əslində hər bir siyasətçi, Marks Veberin  təbirincə desək, iki əxlaqın arasında seçim etmək şansına malikdir. Birincisi, inanc əxlaqıdır, ikincisi isə məsuliyyət əxlaqıdır. İlk dövrlərdə siyasətə qədəm qoyanların üstünlük verdiyi əsasən inanc əxlaqı olur, tədricən isə praktik siyasətin içində məsuliyyət əxlaqı ağırlıq qazanmağa başlayır. Kimlər ki, məsuliyyət əxlaqına daxili transformasiyasını gerçəkləşdirə bilmir, o zaman bəlli bir ideologiyanın prinsiplərindən kənara çıxmaqda çətinlik çəkir, bayağılaşmağa, özünü təkrarçılığa və siyasi məcaraçılığa məhkum edir. Millətin taleyi ilə oynayanlar daha çox inanc əxlaqına üstünlük verənlər içində yer alırlar və özlərinin cızdığı xəyali hədəflərə cəmiyyəti sürükləyib aparmağa çalışırlar. Ona görə də müasir siyasətin əsas istiqamətini məsuliyyət əxlaqı müəyyənləşdirməlidir, əks halda cəmiyyətin taleyi üçün gözlənilməz risqlər qaçınılmazdır. -Ömrünüzün əsas illərini siyasətə həsr etmisiniz. 90-cı il hadisələri siz nəslin əsas fəlaiyyət dövrü kimi tarixə yazıldı. O illər sizə nə qazandırdı və ya peşman olduğunuz anlar oldumu? -35 ildir siyasətin içindəyəm. Ötən əsrin 90-cı illərin təlatümləri bizim gəncliyin ən qaynar vaxtına təsadüf etdiyi üçün siyasətin cazibəsindən uzaqlaşmamız mümkün olmadı və gücümüz çatan və çatmayan istənilən yükü çiyinlərimizdə daşımalı olduq. Siyasətə qazanmaq və ya peşmançılıq kontekstindən baxmaq birmənalı olaraq yanlışdır. Bu bir xidmət sferasıdır, qabiliyyət, bilgi və erudisiya ilə cəmiyyətə xidməti özün seçmiş olursan. Sənin siyasətdə mövcudluuna nə qədər ehtiyac var, yaxud da fikirlərinlə, sözlərinlə, icraaatınla cəmiyyətin işinə nə dərəcədə yarayırsan, bunun mənfi və ya müsbət nəticələrini birbaşa özünlə, xarakterinlə, şəxsiyyətinlə, iş əmsalınla əlaqələndirməyə borclusan. Yoxsa, xalq anlamır, dediyimi başa düşmür, doğru yolda deyil kimi bəhanələr mütləq səni qazanc və peşmanlıq barədə düşünməyə məcbur edəcək. Əslində siyasət bütövlükdə bir prosesdir, bitməyən bir proses. Siyasətdə qazanc və ya əksinə peşimançılıq olmaz. Söhbət sadəcə dövlətə, millətə, insanlığa uğurlu və ya uğursuz xidmətdən gedə bilər. -Azərbaycan müstəqil ölkə olaraq tanındı, müstəqillik az qala bütün dünya ölkələri ilə bağlantı qurmağa imkan verdi. Ancaq gözlənilən nəticə hələ də yoxdu. Bəlkə müstəqillikdən daha çox şey gözləyirdik. Necə bilirsiniz, bu qədər informasiya bolluğu içində olan bu cılız düşüncə tərzinin səbəbi nədir? -Müstəqilliyin özü bir fakt olaraq hansısa bir millət üçün əvəzedilməz bir dəyərdir. Ancaq 26 ilin müstəqilliyindən, xüsusilə də böyük dövlətlərin görünən və görünməyən təzyiqi  altında olan bir dövlətin müstəqilliyindən bəlkə gözlədiyimiz qazanc bir qədər real deyil?! Bizim indiki ən böyük uğurumuz məhz müstəqilliyin fakt olaraq qorunub saxlanmasıdır. Ardınca beynəlxalq aləmdə tanınma və möhkəmlənmə cəhdlərimizdir. Bizim gözləntimiz, xəyallarımız çox ola bilər, dünyanın reallığında biz daha nələr etməliydik, daha çox bu suala cavab tapmalıyıq. Kimlərsə gözləyirdi ki, biz Qərbi Azərbaycan torpaqlarını, Borçalını, Dərbəndi, Güney Azərbaycanı geri qaytaracağıq, bu xəyalların yaşaması üçün geniş poeziya imkanları mövcuddur, ancaq siyasət imkanları haradasa yox dərəcəsindədir. Kiçik bir Qarabağı geri ala bilmədiyimiz bir ortamda belə gözləntilərimizi çək--çevir etməyimiz daha doğru olmazdımı? Müstəqillikdən umacaqlarımız əslində müstəqilliyin mahiyyətini nə dərəcədə anlayıb-anlamadığımızın bir meyarıdır. Fikrimcə, nəticə barədə bu cür pessimist düşüncələr müstəqilliyin mahiyyətini anlamamaqdan doğur. -Əslində cılız düşüncə dedikdə, getdikcə geriyə doğru gedən nəslin düşüncə təfəkkürünü nəzərdə tuturam. Misal olaraq isə sadəcə təhsil sistemini, təhsil sistemində olan bərbad durumu xatırlatmaq istərdim. -Cılız düşüncə yalnız təhsil sistemi ilə bağlı deyil, əsasən təhsil sisteminin yarıtmazlığı ilə bağlıdır. Burada din, mədəniyyət, tarixi ənənələr də müəyyən faktor olaraq öz sözünü deyir. Əlbəttə, savadlı, bilgili insanların sayının çox olması cəmiyyətin ümumi düşüncə sağlamlığına ciddi təsir göstərir, ancaq bu heç də doğru mühakimənin əsası sayılmaz. Problemləri düşünərək həll etmək, yeməyi dəfələrlə çeynəyərək həzm etməyə bənzəyir. Biz yeməyi çeynəmədən mədəyə ötürdüyümüz kimi, həyatın qarşımıza çıxardığı problemləri düşünmədən beynimizə yığmağa üstünlük veririk. Düşünmədən mühakimə yürüdən, bilgi sahibi olmadan fikir sahibi olmağa çalışanların çoxluq təşkil etdiyi cəmiyyətlərin cılız düşüncədən uzaqlaşması mümkün deyil. -Uzun illərdir parlamentdə milləti təmsil edirsiniz. Və parlamentdə oturanlar içində az sayda olan millət vəkilləri millətin, ölkənin problemnlərini qabartmaqla qalmır, eyni zamanda həmin problemin həlli üçün çalışır. Digərləri niyə susur, axı onların susmağının nəticəsidir ki, Azərbaycan parlamentinin fəaliyyətini qənaətbəxş hesab etməyənlər var... – -Parlamentin fəaliyyətini bu cür qiymətləndirilməsində həqiqət payı var. Çünki insanlar parlamentə ən aktual məsələlərin müzakirəsi yeri kimi baxırlar. Bu da o deməkdir ki, ağıl-ağıldan üstündür prinsipi var. Bir problemə fərqli baxışlar daha doğru həll yollarına varmağa imkan tanıyar. Müzakirə mühiti sağlam olanda, deputatlar da içində narahatçılıq yaradan fikirləri gündəmə gətirirlər, insanların vəziyyətini yüngülləşdirici təkliflər verirlər. Kimin fəal və ya passif olmasına isə sırf məsuliyyət nöqteyi-nəzərindən baxmaq lazımdır. Seçici qarşısında məsuliyyət, millət və dövlət qarşısında məsuliyyət biganəliyi insana yaxın buraxmaz. Nəticəsi nə olursa olsun, mən bunu deməliyəm prinsipi hər bir millət vəkili üçün dəyişməz olmalıdır. Ən azı aldığın əmək haqqının halallığı üçün sözünü deməlisən. Ən azı verdiyin vədlərin doğruluğu üçün bunu etməlisən. Ona görə də parlament tribunasına istirahət yeri kimi baxıla bilməz. Daha çevik qərarların qəbul edildiyi, daha faydalı diskussiyaların aparıldığı parlament dövlətin gücünün göstəricisidir. Biz hamımız parlamentdə daha qızğın debatların aparılmasına, insanların qanunverici orqana güvənməsinə çalışmalıyıq. -Güclü ordudan, ordu quruculuğundan danışırıq, ancaq Qarabağ torpaqları hələ də işğal altındadır, dinamik sürətdən danışırıq, ancaq ölkənin ümumi həyat səviyyəsi sanki sürətlə geri gedir, hər sahədə olan inkişafdan danışırıq, ancaq hər sahədə olan yanlış fəaliyyət bir bataqlıq yaradıb, rüşvətə qarşı mübarizədən danışırıq, ancaq bütün işlər rüşvətlə həll olunur və s. Hörmətli millət vəkili, sizə elə gəlmirmi ki, bütün bunlar sanki bir natarazlıq yaradır? Əllbəttə, çevrəmizdə natarazlıqlar, naqisliklər kifayət qədərdir. Bəzən deyilənlərlə həyat gerçəklikləri üst-üstə də düşmür. Bununla belə, biz dövlətimizin varlıq səbəblərinə daha geniş pəncərədən baxmalıyıq, əsas mahiyyət üzərində düşüncələrimizi ağırlaşdırmalıyıq. Azərbaycan şimal və cənub təhlükəsi ucbatından öz istədiyi modeli qurmaqda sıxıntılar yaşayır. Və Qarabağ üçün yalnız erməni ilə savaşmadığımız hamıya gün kimi bəllidir. Ətrafımızla da da, okeanın o tayı ilə də  torpaqlarımızın azad olunması üçün savaş və bazarlıq gerçəkləşdiririk. Bu həm də o deməkdir ki, necə olmağımıza da tam qərar verə biləcək maksimum imkanlara sahib deyilik. Ancaq nə olur olsun, unutmamalıyıq ki, nöqsanlarla birlikdə  bu qurdlar süfrəsində müstəqilliyin əsas atributlarını qorumağa çalışmağımız ən böyük uğurlarımızdan biridir. -Deyəsən elə doğrudan da hazırda Azərbaycanın yaxşı bir sərkərdə modelinə də ehtiyacı var, sizin də dediyiniz kimi Azərbaycan gəncini qəhrəmana çevirməyi bacaran sərkərdə modelinə... -Biz əslində belə bir modeli axtarmaq əvəzinə onu basdırmaqla məşğuluq. Şəxsən mənim üçün bu sərkərdə modelini 1918-ci ilə Azərbaycanı erməni-rus işğalından azad etmiş Nuri Paşa obrazı ilə qura bilərik. Müzəffər bir sərkərdə, qətiyyətli bir paşa. Tarixdən gətirdiyimiz mücərrəd, ziddiyətli qəhrəman obrazları bir işə yaramır, ideya olaraq günümüzə uyunlaşdırıla bilmir. Azərbaycan gənci üçün bu modeli doğru tapdığımız halda daha çox ona bənzəməyə, onun kimi qalib olmağa can atacaqlar...  

Aprel 8, 2017 6:56