Sərhədyanı bölgələrdə tədris mühiti pozulub

İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.  

Aprel 4, 2016 4:14

Utancverici statistika…

Ötən ilin buraxılış imtahanlarının utancverici statistikası açıqlandı 2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib.  Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər olub. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərdən 12-si Astara, 9-u Sabirabad, 8-i Lerik rayonundan olub. Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsindən 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsindən 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsindən 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsindən isə 1 nəfərin də oxuyub-yaza bilməiyi aşkarlanıb.    

Mart 29, 2016 1:04

Növbəti mərhələ aprel ayında baş tutacaq

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı davam edir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatına martın 18-dən başlanılıb. Martın 28-ə qədər 600 vakant yerə 1700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq. Nazirlikdən verilən məlumata görə, yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar. "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. "Uğur sertifikatı” olan şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.

Mart 28, 2016 3:02

“The Ranking Web” son siyahısını açıqlayıb

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan "The Ranking Web" və ya "Webometrics" son siyahısını açıqlayıb. Bu barədə UNEC-dən məlumat verilib. Məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ötən ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. Webometrics göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik olan təsir meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir. UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir. Qeyd edək ki, "Webometrics" reytinq sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlayır. Bu iki ayın ilk 10 günü məlumatlar əldə edilir və ayın 28-dən tez olmayaraq ayın sonunda reytinq müəyyənləşir. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur, qəbul forması da yoxdur, hətta əlaqə saxlamaq üçün e-mail ünvanı bele göstərilməyib. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.

Fevral 8, 2016 5:55

Multikulturalizm Azərbaycanda həyat tərzi kimi

Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, qış məktəbi ötən ilin yayında keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilib. Məktəbin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Xarici ölkə universitetlərindəki tələbələrin, mütəxəssislərin “Azərbaycan multikulturalizmi” fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözləri ilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir. 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.   Məktəbə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43 nəfər, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 nəfər tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.      

Fevral 8, 2016 5:49