“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Aprelin 6-da Milli Məclisin elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.Azərtac xəbər verir ki, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Qeyd edilib ki, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, inteqrativlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyyən edilir.Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da həmin sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur."Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlılığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir.Həmçinin bildirilib ki, ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.Sənəddə qeyd olunur ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

Aprel 6, 2017 12:35