İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

İyunun 21-dən etibarən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.Müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan olunacaq. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış ola biləcəklər.Tezliklə namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidir. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.Onlayn müsahibələrin keçirilməsi ilə bağlı müvafiq təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.xeber100.com

İyun 16, 2021 9:44

Azərbaycan Texniki Universitetinin Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.AzTU-dan Azərtac-a bildirilib ki, iclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanmış ikili diplom proqramı haqqında müqavilənin müddəaları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak etmiş tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib.Elmi şuranın iclasında AzTU-nun da tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda, universitet-sənaye işbirliyinin gücləndirilməsidir.xeber100.com

İyun 2, 2021 7:31

2020-2021-ci tədris ilinin imtahan sessiyası distant formada keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə qeyd olunur ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmalıdır.Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.xeber100.com

May 17, 2021 1:32