Dövlət İmtahan Mərkəzi qəbul imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.DİM-dən Azərtac-a bildirilib ki, magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9-dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19 min 885 bakalavr ərizə təqdim edib. Onlardan 18 min 139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10 min 530-u cari ilin, 9 min 355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri, 1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.xeber100.com

Fevral 28, 2021 1:37

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Fevralın 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları keçirilir.DİM-dən Azərtac-a bildiriblər ki, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçirilir və saat 11:00-da başlanıb.İmtahanlar 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanlarda iştirak etmək üçün 1537 namizəd qeydiyyatdan keçib.Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir: Dinləyib-anlama bloku; Oxuyub-anlama bloku; Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar); Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).Qeyd edək ki, doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1328 nəfər qeydiyyatdan keçib. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı (fevralın 15-də keçiriləcək) üzrə isə 5 nəfər imtahana yazılıb.DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.xeber100.com

Fevral 14, 2021 9:56

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.UNEC-dən Azərtac-a bildirilib ki, Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova əcnəbi tələbələri universitetin ictimai-sosial həyatında fəal olmağa çağırıb. Prorektor onlara elmi tədqiqatların aparılması, müxtəlif layihələrin hazırlanması istiqamətində lazımi dəstəyin göstəriləcəyini bildirib.Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev əcnəbi tələbələrə miqrasiya sənədləşməsi və proseduraları ilə bağlı məlumat çatdıraraq, yarana biləcək problemlərin həlli istiqamətində onlara tövsiyələrini verib.Görüşdə əcnəbi tələbələri maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.UNEC-də Çin, Rusiya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əfqanıstan, Nepal, Maldiv, Mərakeşlə birlikdə 34 ölkədən 354 əcnəbi tələbə təhsil alır. Onların 302 nəfəri bakalavr, 45 nəfəri magistr, 7 nəfəri isə doktorant və dissertantdır. 2020/2021-ci tədris ilində isə UNEC-ə 100 nəfər əcnəbi tələbə qəbul olunub. Qəbul həm ənənəvi, həm də onlayn qaydada aparılıb.xeber100.com

Yanvar 26, 2021 1:14