Qəbul imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.DİM-dən Azərtac-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28 min 699 abituriyentdən 408-i imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) iyulun 22-24-də saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər iyulun 20-22-də DİM (Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28) və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə, ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər komissiyaya müraciət etməzdən əvvəl öz səhifələrində “cavab kartı” və “cavab vərəqi”nin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apellyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.xeber100.com

İyul 19, 2019 1:39

I və IV ixtisas qrupları üzrə abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.DİM-dən Azərtac-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap olunacaq.Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 nömrəli buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da “Abituriyent” jurnalının 2019-cu il 2-ci nömrəsində və “2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI” xüsusi buraxılışında dərc edilib. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.xeber100.com

İyul 17, 2019 10:58

2019/2020-ci tədris ili üçün qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.DİM-dən Azərtrac-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub. Saat 11:00-da başlanan imtahan 3 saat davam edəcək.İmtahanda 28 min 699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 min 134 abituriyent II qrup, 17 min 565 abituriyent III qrup üzrə imtahan verir.Abituriyentlərdən 26 min 523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12 min 411 nəfəri oğlan (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16 min 288 nəfəri isə qızdır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25 min 291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunudur (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.Bakı şəhərində 12 min 608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.xeber100.com

İyul 7, 2019 9:37