Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

Bakalavrlar xüsusi qabiliyyət tələb edən ixtisaslaşma üzrə keçirilən imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti) saylı proqramına aid ixtisaslaşmasına qabiliyyət imtahanı iyunun 23-də, 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqrama aid ixtisaslaşmasına qabiliyyət imtahanı iyunun 24-də, 70 (Təsviri sənət istiqaməti) saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı isə iyunun 21-də keçiriləcək. İmtahan saatı və yeri haqqında məlumat bakalavrın “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunub. Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini: - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün səhifələrinə “İmtahan proqramı” forması da yerləşdirilir. Bakalavr ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.xeber100.com

İyun 18, 2023 11:10

Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 11-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. DİM-dən bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunacaq. Hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir. İmtahan bütün binalarda eyni vaxtda saat 10:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 15 dən 25-dək aparılıb. İmtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib. Onlardan 16461 nəfəri Azərbaycan bölməsi, 1244 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab kartının doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Gəncədə 5, Naxçıvanda 2, Abşeronda 3, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 12934, Naxçıvanda 463, Gəncədə 1323, Sumqayıtda 1317, Abşeron 742, Mingəçevirdə 560, Lənkəranda 366 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 71 ümumi imtahan rəhbəri, 204 imtahan rəhbəri, 1628 nəzarətçi-müəllim, 244 buraxılış rejimi əməkdaşı (mühafizə), 71 bina nümayəndəsi cəlb olunacaq. Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün iyunun 5-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə imtahana buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: - Şəxsiyyəti təsdiqləyən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi”ni; Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq. Təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.xeber100.com

İyun 8, 2023 3:08

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

İyunun 4-də Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan 18 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2667 nəzarətçi – müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi cəlb edilib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Üç nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar. İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin teleqram kanalına, digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək. Bu gün saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər. İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.xeber100.com

İyun 4, 2023 3:05

IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Həmçinin bu gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlayıb. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil edilib. İmtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi–müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi cəlb edilib. İmtahanda 14683 (IV qrup 5576, I qrup – informatika 9107) abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 12942 (IV qrup 4774, I qrup – informatika 8168) nəfər Azərbaycan, 1741 (IV qrup 802, I qrup – informatika 939) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7108 nəfəri oğlan, 7575 nəfəri isə qızdır. 13206 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1297 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 155 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 93 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 2007-ci ildəndir. İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.xeber100.com

İyun 3, 2023 6:54