XI Azərbaycan beynəlxalq təhsil sərgisi keçiriləcək

Oktyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil (“Education 2017”) sərgisi keçiriləcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək. Tədbirdə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Ümumilikdə, sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və təlimlər üzrə proqramlar təqdim ediləcək. İştirakçılar bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Tədbirin baş sponsoru respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sərginin reallaşmasına dəstək göstərəcək. Tədbirin təşkilatçısı isə “Caspian Event Organisers (CEO)” şirkətidir.xeber100.com

Oktyabr 2, 2017 11:15