Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına başlanılıb.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilib. Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. YQYK-lar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay, Şirvan şəhərlərində fəaliyyət göstərir.Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri məqbul”la (5 ballıq şkala üzrə) qiymətləndirilir. Üç və daha yüksək bal (bədən tərbiyəsi və idman ixtisası üzrə 4 bal) “məqbul” qiymət hesab edilir.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digərlərini də seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri barədə “Abituriyent” jurnalının üçüncü nömrəsində ətraflı məlumat əldə etmək olar.xeber100.com

İyul 19, 2017 11:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, bu qurumun tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar. Pərvin Əhmədova respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci və 2016-cı illərdə qızıl medal qazanıb, “Ədəbiyyat biliciləri” müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb, “Parlaq zəka” intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.İlhamə Hüseynova isə respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-cı ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub, XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.Ümumilikdə bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə hələlik 12 abituriyent 700 bal toplayıb.I və IV ixtisas qrupları üzrə imtahanda yeddi nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə BŞTİ-nin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına Liseyin məzunu Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına Liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.xeber100.com

İyul 17, 2017 11:22

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.DİM-dən Azərtac-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb edilib.İmtahanlarda 34041 abituriyent iştirak edir. Onlardan 17888-i II qrup üzrə, 16153-ü III qrup üzrə imtahan verir.İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.xeber100.com

İyul 14, 2017 12:20

Dövlət İmtahan Mərkəzi qəbul şərtlərini açıqlayıb

Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılacaqlar.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 25-dən avqustun 3-dək keçiriləcək. 11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi isə avqustun 15-dən 19-dək aparılacaq.Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-dək davam edəcək. Qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.Doqquzillik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək aparılacaq.xeber100.com

İyul 13, 2017 1:50