9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə…

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunub.Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatıblar.Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırıb.Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış edib, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik edib.Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışıb.Digər çıxış edən veteranlar keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər.xeber100.com

May 9, 2019 4:15

Şuşa şəhərinin işğalının 27-ci ildönümündə…

Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.XİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:"1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.İşğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdləri etməkdədir. Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasınn qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".xeber100.com

May 8, 2019 4:36

Ağdamın işğalından 25 il keçir…

Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il keçir.1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir.xeber100.com

İyul 23, 2018 12:35

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”…

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 26 il ötür.Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

May 8, 2018 3:54

Kəlbəcər rayonunun işğalından 25 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür.Azərtac xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub.İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.Qeyd edək ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımlar atır. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.xeber100.com

Aprel 2, 2018 3:25

“Azərbaycan Xalq Cümhuriyyəti – 100”…

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti  – 100” adlı esse yazı müsabiqəsi olub.Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub.Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaqdır.Müsabiqəyə cari ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcəkdir.xeber100.com

Mart 6, 2018 12:05