Xocavənd rayonunun işğalından 25 il keçir…

1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunu işğal edib.Azərtac xəbər verir ki, Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük əksəriyyətini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirib. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.Xocavənd rayonunun ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsr), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarla digər abidələr 25 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min kubmetr/gün olan yeraltı şirin su yataqları var. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yaşı 2000 və 1000 il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş azat ağacları da mühafizə edilirdi.Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar məhv edilib.xeber100.com

Oktyabr 2, 2017 12:29

23 avqust 1993-cü il…

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər.Azərtac xəbər verir ki, hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib.Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür.Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar.xeber100.com

Avqust 23, 2017 1:00

Ağdamın işğalından 24 il keçir…

Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il keçir.1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.xeber100.com    

İyul 23, 2017 8:30

Şuşa şəhərinin işğal olunmasından 25 il ötür…

Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 25 il ötür. Xatırladaq ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.xeber100.com

May 8, 2017 12:14

2 Aprel 1993-cü il…

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.xeber100.com

Aprel 2, 2017 1:48

Xocavəndin işğalının 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

Azərbaycanın füsunkar guşələrindən olan Xocavəndin erməni təcavüzkarları tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində anma mərasimi keçirilib. Azərtac xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibə veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, “N” saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocavəndli məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, işğal nəticəsində Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Diqqətə satdırılıb ki, xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub, 300 nəfərdən çox insan əlilə çevrilib, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.xeber100.com

Oktyabr 3, 2016 3:42