Türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə bağlı qərarlar qəbul ediləcək

İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası işə başlayıb. Sessiyanın açılış mərasimi Türkiyənin Baş naziri Binəli Yıldırımın dünyadakı tarixi-mədəni miras nümunələrinin məhv olma təhlükəsi ilə üzləşdiyi bir zamanda UNESCO-nun üzərinə məsuliyyətli vəzifənin düşməsini vurğuladığı videomesajı ilə başlayıb. Tədbirdə Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş, mədəniyyət və turizm naziri Nabi Avcı, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş, İstanbul valisi Vasip Şahin, UNESCO-nun baş direktoru İrina Bokova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyasının sədri Lalə Ülkər, UNESCO-ya üzv ölkələrin nümayəndə heyətləri və digərləri iştirak ediblər. Türk Mədəniyyəti və İrsi Fondundan Azərtac-a bildirilib ki, tədbir zamanı türk ney sənətçisi Kutsi Ergünerə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı təqdim olunub. Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsahibəsində bildirib ki, Türkiyənin terrorla qarşılaşdığı bir vaxtda əksər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin İstanbulda bir araya gəlmələri terrora qarşı mübarizənin birgə şəkildə dəstəkləndiyini, eləcə də belə bir zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində xalqların mədəniyyətlərinin mühafizəsinin vacibliyini sübut edir. Günay Əfəndiyeva, həmçinin qeyd edib ki, bu iclasda türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə əlaqədar yaxın günlərdə mühüm qərarların qəbul ediləcəyi nəzərdə tutulub. UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası iyulun 20-dək davam edəcək.

İyul 12, 2016 3:40

Azərbaycanın təbii sərvətləri talan edilir

Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır. Həmin karxanalarda doğranan mişar daşları Ermənistana aparılır. Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttinə yaxın kəndlərdə yaşayan sakinlər Apa-ya bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: “Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

İyul 4, 2016 1:14

Şuşalı məcburi köçkünlərlə görüş keçirilib

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə görüş keçirib. APA-nın məlumatına görə, F. V. Ştaynmayer öncə məktəblə tanış olub. Məktəbdə ATƏT-in fəaliyyətdə olan sədrinə Şuşanın, o cümlədən Xankəndinin tarixi barədə məlumat verilib, Şuşa və Xankəndinin Şuşa xanları tərəfindən salındığı nəzərinə çatdırılıb. Daha sonra məktəbin həyətində məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, dövlət tərəfindən Şuşa şəhərciyində məcburi köçkünlər üçün hər bir şərait yaradılıb, ancaq məcburi köçkünlər Şuşaya, doğma torpaqlarına qayıtmaq istəyirlər.  F. V. Ştaynmayer gənc nəslin də Şuşaya qayıtmaq arzusunda olub-olmaması ilə maraqlanıb. B. Səfərov bildirib ki, nəinki gənc nəsil, uşaqlar belə Şuşanı arzulayırlar: ‘Mənim 8 nəvəm var, hər gün məndən soruşurlar ki, Şuşaya nə vaxt gedəcəyik?” Görüşdə Xankəndində anadan olmuş, daha sonra Şuşada yaşamış Ramiq Məhərrəmov Şuşadakı evlərinin dağılmamışdan öncə və Şuşanın işğalından sonra dağılmış vəziyyətdə çəkilmiş fotolarınə göstərib. O, evlərinin dağılmış vəziyyətdə fotolarının Şuşada olmuş avropalı fotoqraflardan biri tərəfindən çəkildiyini söyləyib. Görüşdə çıxış edən digər məcburi köçkünlər münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildirib, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduğunu vurğulayıblar. Görüşdə F. V. Ştaynmayerə ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Qarabağda ucaldılmış abidənin fotosu də göstərilib. B. Səfərov nəzərə çatdırıb ki, ermənilər Qarabağa köçmələrinin 150 illiyini 1978-ci ildə qeyd ediblər, abidə də bu münasibətlə qoyulub: “Ancaq sonra ermənilər özləri o abidəni dağıtdılar”. F. V. Ştaynmayer görüşdə ATƏT və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcəyini bildirib.xeber100.com

İyun 30, 2016 2:00

“Millətlərin Qafqaza köçü: XX əsr”…

Litvanın Edukologiya Universitetində litvalı tarixçi-alim Algimantas Liyekisin “Millətlərin Qafqaza köçü: XX əsr” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın Litvadakı səfirliyindən Apa-ya verilən məlumata görə, tədbirdə Edukologiya Universitetinin rektoru Algirdas Qaijutis və müəllim heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, tarixçilər, yerli media nümayəndələri iştirak ediblər. Mərasimi çıxış sözü ilə açan Edukologiya Universitetinin rektoru A. Qaijutis bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd kimsəni qınamaq və ya günahlandırmaq deyil, bu tədbir həqiqətin axtarılması üçün bir fürsətdir. Səfir Həsən Məmmədzadə çıxışında Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək Azərbaycan və Ermənistan tarixi ilə maraqlanmağa başlamasınının vacibliyini vurğulayıb: “Ən əsası odur ki, bu kitab Azərbaycan və Ermənistan tarixinə litvalıların bitərəf yanaşmasını göstərir və hesab edirəm ki, ədalət prinsipi qorunur“. Kitabın müəllifi Algimantas Liyekis çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başladığı və kitabın yazılma prosesi haqqında danışıb. Müəllif rus, ingilis, gürcü mənbələrindən istifadə etdiyini deyib: “Litvada bəzən yalnış fikir fomalaşıb ki, bu məsələlərdə azərbaycanlılar günahkardır. Litvada bilmirlər ki, Yerevan nə vaxtsa Azərbaycana məxsus olub“. Müəllif ermənilərin qonşuları ilə normal münasibətlər qura bilməməsi, onlara torpaq iddiası irəli sürməsini iştirakçıların diqqətinə çatdırıb. Jurnalist Audris Antanaytis çıxışında bu yaxınlarda Azərbaycana yanlış yoldan səfər etdiyini söyləyərək bu səbəblə səfirdən uzr istədiyi deyib. O, Dağlıq Qarabağa getməzdən öncə bu kitabı oxumadığına görə çox təəssüfləndiyini də bildirib. Beş yüz tirajla nəşr edilmiş kitabın yarısı Litvanın şəhər kitabxanalarına verilib, qalan  hissəsi isə Litva siyasətçiləri və tarixçiləri arasında paylanıb. Kitabın elektron versiyası “elibrary.lt” internet portalında yerləşdirilib. Kitaba maraq göstərildiyi nəzərə alınaraq, Litva dilində ikinci dəfə çapa verilib. Eyni zamanda, kitab rus dilinə tərcümə edilib və hazırda çap edilməsi üzərində işlər gedir. Kitabın müəllifi, professor, elmlər doktoru Algimantas Liyekis 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, 79 kitabın müəllifi və ya həmmüəllifidir. O, Elmşünaslıq İnstitutunun direktorudur. Kitab haqqında Litvanın nüfuzlu “Literatura-menas” jurnalında, “Karştas komentaras” həftəlik qəzetinin 8, 9 və 10 nömrələrində, “slaptai.lt” internet portalında məqalələr dərc olunub.xeber100.com

İyun 3, 2016 12:47