Böyük Vətən müharibəsinin 72-ci ildönümü münasibətilə…

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə paytaxtın Nəsimi rayonunda veteranlarla görüş və tədbirlər keçirilib. Rayon icra hakimiyyətindən Azərtac-a bildiriblər ki, Böyük Vətən müharibəsindəki tarixi qələbə şərəfinə ucaldılmış 1941-1945 abidəsinin yerləşdiyi parkdakı abidə önünə əklillər qoyulub, tər çiçək dəstələri düzülüb.Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov veteranları və tədbir iştirakçılarını təbrik edərək öz çıxışında bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Alman faşizmi üzərindəki qələbədə xalqımızın şərəfli yeri var. Respublikamızdan ordu sıralarına 680 min nəfərdən çox əsgər yola salınıb.Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb.1941-1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınıb, döyüşən ordunun yanacaqla təminatında Azərbaycan böyük pay sahibi olub. Böyük Vətən müharibəsi illərində SSRİ-də çıxarılan neftin 69 faizi Bakıda istehsal olunub. Müharibə illərində Azərbaycanın ayrı-ayrı bölgələrində 66 təxliyə hospitalı yaradılıb.İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 72 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.Tədbirdə çıxış edən veteranlar öz xatirələrini danışaraq onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Tədbirdə veteranlara rayon icra hakimiyyətinin hədiyyə və maddi yardımlar verilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən veteranlarının yaşadıqları mənzillərə baş çəkilərək onlara bayram sovqatları çatdırılıb.xeber100.com

May 5, 2017 12:55

2 Aprel 1993-cü il…

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.xeber100.com

Aprel 2, 2017 1:48

31 Mart – Azərbaycanlıların Soyqırım Günüdür

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etməyə gəliblər.Azərtac xəbər verir ki, martın 31-i Quba soyqırımı məzarlığına yürüş təşkil olunub. Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz yürüşdə iştirak edərək soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir”, “Terrorizmə yox!” şüarları səsləndirilib.Günün ilk yarısında Quba Soyqırımı Memorial Kompleksini 10 minə yaxın soydaşımız ziyarət edib.Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işləri zamanı məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.xeber100.com

Mart 31, 2017 11:48

26 Fevral 1992-ci il…

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankədidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımına aid 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.xeber100.com

Fevral 26, 2017 11:54