Mobil operatorların fırılldağı və ya SMS vurub qazan dolduranlar

""Azercell" və "Bakcell" nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki bu, bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın. Bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya da bəy cavab verir ki siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı ?Məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdu. "Stop" yazıb durdurmağa 2 AZN pul çıxılır.Mobil operatorlar deyir ki bizlik heç nə yoxdur. Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu sirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu smslərlə. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmiş səhifələrin xəbərlərini oxumaqdı. Vətəndaşı ən mədəni formada belə soyarlar.  Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə. Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək SMS vurub qazan doldururlar.  

Avqust 11, 2017 2:46

Minlərlə türk Ağılçı, bir erməni Nalçı…

Türkiyədə ermənilərin aztirajlı, ancaq tanınmış bir qəzeti var -“Aqos”. Xatırlayırsınızsa, baş redaktoru Hrant Dinki bir neçə il öncə küçədə öldürdülər və bu hadisəni Türkiyədə əməlli başlı ermənilərin təbliğat kampaniyasına çevirdilər. “Həpimiz erməniyik!” deyənlərin bağırtılarını yəqin ki, xatırlamış olardınız. Həmin qəzetin keçmiş yazarı, hazırda türklərin “Yeni Şafak” qəzetinin yazarı olan Aris Nalçı 10 gün öncə “T24″ adlı saytda Dağlıq Qarabağa səyahətindən yazıb. Dağlıq Qarabağı müstəqil Cumhuruyyət adlandırıb, orada ermənilərin Kobanidə olduğu kimi öz evlərinin təhlükəsizliyini qoruduğunu anlatmağa çalışıb. Türkiyə Cümhuriyyətinin vətəndaşının separatçı bir bölgəni və Azərbaycan ərazisinin ayrılmaz parçasını müstəqil bir cümhuriyyət kimi tanıması, Azərbaycan dövlətinin icazəsi olmadan bir bölgəyə səyahət etməsi özlüyündə rəsmi Türkiyənin münasibət bildirməsini zəruri edən bir faktdır və bu faktın izahatı tələb ediləcəkdir. Çünki burada söhbət ayrıca bir ermənidən deyil, Azərbaycan əleyhinə fəaliyyət göstərən və onun qanunvericiliyini pozan Türkiyə Cümhuriyyətinin erməni əsilli vətəndaşından gedir. Maraq doğuran digər məsələ isə Kobani ilə Dağlıq Qarabağın müqayisəsindən gedir. Guya hər ikisində adamlar öz evlərini qoruyurlar və onların hər ikisinin bu mübarizəsini haqlı sayır. Maraqlıdır ki, həm Kobanidə, həm də Dağlıq Qarabağda mülki əhali deyilən bir anlayış demək olar ki, ciddi qəbul olunmur. Hər ikisində də terrorçular söz sahibidirlər. Kobanidəki əhalinin əksəriyyəti Türkiyənin sərhəd bölgələrinə sığınıb, Dağlıq Qarabağın mülki əhalisi isə statistikaya görə 60 min azərbaycanlı erməni vəhşiliyindən qurtularaq Azərbaycanın digər rayonlarına məskunlaşıb, 100 minə yaxın erməni əhalisinin çoxu isə iqtisadi vəziyyətin ağırlığına görə ya xarici ölkələrə gedib, ya da Ermənistanın siyasi və iqtisadi sferasında aparıcı mövqeləri işğal edərək orada məskunlaşıb. Hər dəfə məgər Ermənistanda Dağlıq Qarabağ klanının ölkə siyasətini və iqtisadiyyatını işğal etməsi barədə ittihamların səsləndiyini duymuruqmu? Əlbəttə, Dağlıq Qarabağda az sayda mülki əhali var, bunların da yaşamı məhz terrorçulara xidmət sferası ilə bağlıdır. Ona görə də Kobanidə İŞİD terrorçu qrupu kürd terrorçu qrupu ilə üz-üzə gəlib, Dağlıq Qarabağda isə erməni terrorçiları ilə Azərbaycan dövlətinin ordusu üz-üzədir. Bu necə müstəqil respublikadır ki, heç Ermənistanın özü cəsarət edib, onu rəsmən tanımır? Ona görə də, hər iki misalda müqayisəni aparanda, bunu guya məsum insanların öz təhlükəsizliyini qoruması kimi təqdim etmək, əslində terrora və terrorçulara haqq qazandırmaq niyyətindən irəli gəlir. Burada ən düşündürücü və üzücü məsələ budur ki, bir erməni Nalçı, minlərlə türk Ağılçıya öz yalanını oxutmağa cəsarət edə bilir....  

Mart 30, 2017 4:23

Həqiqətlə odla davranan kimi davranılmalıdır

Bizim cəmiyyətdə insanların əhəmiyyətli hissəsi yetişdiyi mühitin inanclarının daşıyıcılarıdır. Yəni ataların dinini yaşatmağa daha çox meyllidirlər. Halbuki Qurani-Kərimin çoxsaylı tərcümələri, dini-fəlsəfi məzmunda ədəbiyyatların həm müəllif, həm də tərcümə əsərləri olaraq geniş yayılması imkan yaradır ki, düşünərək, araşdıraraq İslam dininin mahiyyətini həmvətənlərimiz daha doğru dərk etsinlər. Bununla belə, inanclar məsələsində hər kəsin özünü haqlı sayaraq başqalarına hücum etməsi, əslində bir çoxlarını bu mahiyyətdən uzaqlaşdırmış olur. Unutmayaq ki, tarixdə bunun ən maraqlı nümunələri var. Hz. Əlini öldürən şəxs əvvəllər onun tərəfdarı olmuş bir xarici (xəvaric) idi və o, həm Hz. Əlini, həm də Müaviyəni dindən çıxmış hesab edirdi. Maraqlıdır ki, o özü də namaz qılan, oruc tutan bir müsəlman idi və öz ideyasına səmimi inanmışdı. Cizgiləri o qədər aşmışdı ki, Hz. Əli kimi nəhəng İslam fədaisinin müsəlmanlığına şübhə ilə yanaşırdı və onu qətlə yetirəcək qədər bağışlanmaz bir akta imza atdı. Buyurun, bizdə də əslində buna bənzər bir proses baş verir. Hər gün bir qibləyə yönələn, kiçik fərqlərlə bir-birindən yadlaşan minlərlə, milyonlarla insan bir-birinə qarşı amansız bir nifrət duyğusu daşımaqdadır. Təsəvvür edin ki, Hz. Ömərin ədaləti haqqında təsəvvürü olmayan bir kimsədə uşaqlıqdan hansı nifrət duyğusu formalaşa bilərdi? Eləcə də Səfəvilərdən başlayaraq Peyğəmbərin xanımına atılan böhtanlar, sahabələrə qarşı mənasız nifrət içimizdə yer almışdı. Ədalət şəhidi Ömər ibn Əbdüləzizə qədərki Əməvilər dövründə Əli və övladlarının lənətlənməsi də başqa bir nifrət nümunəsi idi. Ona görə də bu gün Azərbaycanda din siyasətində əsas vəzifə yalnız və yalnız dinin siyasətdən ayrı, hər bir insanın daxili inanc məsələsi olaraq təhlükəsiz məsafədə tutulmasıdır. Müdriklərin bir sözünü xatırlatmaq bəlkə də yerində olar: "Həqiqətlə odla davranan kimi davranılmalıdır: yaxınlaşsan yanarsan, uzaqlaşsan donarsan". İslamın da bir Haqq dini olaraq modern cəmiyyətə tətbiqində bənzər yanaşma tələb olunur. İstər şiə olsun, istər sünni, istər kürd olsun, istər türk, talış, ləzgi, istər iqtidar olsun, istər müxalifət - qiymətləndirməmdə bir meyar var: adamın problemə, prosesə baxışı ədalətlidir, yoxsa yox? Çevrəmdə çox sayda şiə inancını daşıyan dostlarım var. Ona görə dostlarım deyirəm ki, onlar heç zaman Peyğəmbərimizin qadınına namussuz demirlər, Peyğəmbərimizin, Hz. Əlinin ən yaxın silah dostlarına - Hz. Əbu Bəkirə, Hz. Ömərə, Hz. Osmana lənət oxumurlar, Peyğəmbərimizlə Hz. Əlini bərabərləşdirmirlər, sadəcə Əli və ailəsinə - Əhli-Beytə özəl bir sevgi duyurlar. Yəni İslamı lənət üzərində köklənmiş bir din olaraq görmürlər və tarixi tarixçilərə, mübahisə mövzularını isə Allaha buraxırlar. Bu insanlara hansı şəkildə mənfi duyğular bəsləmək olar? Demək ki, sağlam düşüncə sahibi olan insanların uzlaşmasında heç bir problem yox. Sadəcə, adam bir dövlətin ideologiyasını özü üçün əqidə məsələsinə çevirib ətrafa nifrət və lənət aşılayırsa, o zaman qarşı tərəfin də müqaviməti ilə üz-üzə qalır. Bu dövlətin İran və yaxud Səudiyyə Ərəbistanı olması nə fərq edər ki... İndi bizi Türkiyəçilikdə suçlayanlar, sadəcə, tarixi və insani minnətdarlıq duyğusu daşımayan adamlardır. Allah bizə Azərbaycan vətəndaşlığı nəsib etmiş və bizlər bu dövlətin adını ucaltmaq üçün mükəlləfik. Ancaq bu dövlətin qurulmasına görə biz milli qəhrəmanımız Nuru Paşanın öndərliyində vətənimizə gəlmiş Türk Əsgərinin rəşadətinə və şəhadətinə borclu olduğumuzu unutmuruq və buna görə ən çətin durumda üzümüzü çevirə biləcəyimiz yerə bir minnətdarlıq duyğusu daşıyırıq. Digər tərəfdən, nurçuluqda, vəhabilikdə, sələfilikdə ittiham edənlər həqiqətən bilgisiz və cahil adamlardır. Bunları bir-birinə necə qatıb hamıya yarlıq asırlar? Onlar heç bu görüşlərin də mahiyyətini anlamış deyillər. Çünki dində təriqət və məzhəb qəlibi içinə girmək, özünü bu qəbildən olan adlarla tanıtmaq doğru yanaşma deyil, əslində bunu edənlər İslam okeanı içində üzməyə cəsarət edə bilməyib, öz vizyonunu böyüdə bilməyib, təhlükəsiz, dar bir gölə çəkilərək məhdud bir məkanda üzərək özlərini kiçildənlərdir. İslamı, Allahın kitabı ilə Hz. Məhəmmədin (s.ə.s.) həyatını sistemli araşdıraraq, öyrənərək dərk edən səmimi və gerçək müsəlmanlar bu cür davranmazlar. Bütün bunlardan sonra bir daha dönüb İslam tarixinə baxın. O qədər mənasız təfriqələr, müzakirələr, mübahisələr görəcəksiniz ki, bunun içindən axtardığınız İslamı tapa bilməyəcəksiniz. Sözümün tamamında müasir ilahiyyatçı alimlərdən birinin sözünü xatırlatmaq istərdim: çox sayda dürüst insanları dindən uzaqlaşdıran məhz dindarların hərəkətləridir.

Yanvar 23, 2017 4:03

ABŞ demokratiya tələb edirsə…

Avropa məkanında hazırda hər kəsi düşündürən əsas məsələ ayrı-ayrı ölkələrdəki sabitlik faktorudur və bu baxımdan Azərbaycan daha cəlbedici ölkə kimi qəbul olunur. Həm də enerji layihələrində daha yaxşı alternativlər tapmaq ideyaları o qədər də uğur qazanmadı və Azərbaycanla əməkdaşlığın əhəmiyyəti artmış oldu. Sadəcə, bu qurumun Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsinə dəqiq və aydın münasibətinin olmaması əlaqələrin dərinləşmə ehtimalını xeyli azaldır. Bütün hallarda münasibətlərin inkişafı hər iki tərəfin faydasınadır və hər iki tərəf də bunun fərqindədir. Avropa İttifaqının maraqları Azərbaycanda referendum və ya seçki məsələlərinə indeksli deyil. Avropa Birliyini hazırda narahat edən məsələ enerji təchizatında Rusiyadan asılılıqdan necə qurtumaqdır. Bu baxımdan da həmin rəyin münasibətlərin məcrasını dəyişəcək qədər təsirli olacağını düşünmürəm. Bir müddət əvvəl ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi. Belə müzakirələrlə bağlı həm iqtidar, həm də müxalifət təmsilçilərinin fərqli mövqeyi var. ABŞ Azərbaycanla bağlı illərdir ki, dinləmələr keçirilir. Ancaq hələ də ABŞ-ın Azərbaycan kimi ölkələri normal dinlədiyinin şahidi olmamışam. Bu cür dinləmələr, hansısa maraqların təmin olunması üçün bir manevr kimi düşünülür. Ancaq Azərbaycan tərəfinin ABŞ-ın maraqları ilə bağlı əslində maksimumları və minimumları bəllidir. Əgər bu cür dinləmələrdə ABŞ Azərbaycandan demokratiya tələb edirsə, bunun açılışı verilməlidir ki, bu, Liviyaya, Misirə, İraqa və ya Suriyaya vəd olunan demokratiyaların hansındandır? Ona görə də nə Azərbaycan iqtidarı, nə də müxalifəti o qədər sadəlövh deyil ki, bu cür dinləmələrin nəticəvi hissəsinə ciddi yanaşsın. Azərbaycanda bu cür dinləmələrə deyil, onun arxasında duran korporativ maraqlara diqqət yetirilir və bunun üzərində baş sındırılır. Ümumilikdə isə, ABŞ-ın prinsipsiz xarici siyasəti indiki məqamda Azərbaycanın faydasına ola biləcək qərarların qəbuluna ümid vəd etmir. Azərbaycan və digər sovet şinelindən çıxmış ölkələr haçan Rusiyadan uzaqlaşmışdı ki, indi də yaxınlaşsın? Biz Rusiyanın hüquq qanunlarının təsiri altında olmasaq da, cazibə qanunundan kənarda qala bilməmişik. Ukrayna da, Orta Asiya da, Qafqaz ölkələri də belədir. Burada əsas səbəb ABŞ-ın bölgə ilə bağlı siyasətinin qeyri-müəyyənliyidir. Rusiya ilə yaxınlaşmamız dünyanın siyasət okeanında baş verən fırtınalarla əlaqəlidir, bizim kimi kiçik gəmilərdə üzən dövlətlər, hansısa ”Titanik"lərin yaxınlığında fırtınanın keçməsini gözləmək məcburiyyətindədir. Rusiyanın kobud üslubu var, ancaq yaxşı və ya pis xarakterini açıq ortaya qoyan ölkədir, yəni nə istədiyini və nə verə biləcəyini aydınlaşdırmaq çətin deyil. ABŞ isə artıq dostluğu ilə düşmənçiliyi bəlli olmayan bir nəhəngə çevrilib. Türkiyə kimi ən yaxın müttəfiqini Suriyada Rusiya ilə birgə hərbi iməcilik keçirməyə vadar edən bir ölkənin Azərbaycana hansı sürprizlər hazırlayacağı təqribən aydın olur. Liviya, Suriya, İraq göz önündədir, o zaman Azərbaycanın öz qonşuları ilə sabit münasibətlər qurmaqdan başqa yolu qalırmı? Bununla belə, ABŞ-la da, Avropa Birliyi ilə də qırıcı üslubdan uzaq durmalıyıq. Çünki bu fırtınada bir təhlükə yaranarsa, heç Rusiyanın xilasediciləri də köməyimizə gəlməyəcək.      

Yanvar 6, 2017 3:48

Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır

Biz xalq olaraq erməni ilə düşmənik, torpağımızı işğal etdiyinə görə, Qərbi Azərbaycanda, Xocalıda və Qarabağda soyqırım, etnik təmizləmə gerçəkləşdirdiyinə görə, əhalimizi qaçqın, məcburi köçkün durumuna saldığına görə! Biz dövlət olaraq da Ermənistanla düşmənik, yenə də eyni motivlərə görə! Ona görə də güclü ordu quraraq düşməni torpaqlarımızdan çıxarmaq məqsədilə ən amansız şəkildə Ermənistan ordusunun əsgərlərini və onlara qoşulmuş muzdlu qüvvələri məhv etməyə hazır olmalıyıq. Xalq olaraq Milli Ordumuzun dəstəklənməsi və güclənməsi üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Lakin bu praktik addımlarla yanaşı, biz "düşmən olmaq"la "nifrət etmək" arasında məsafəni bir daha dəqiqləşdirməliyik. Xalq olaraq, dövlət olaraq düşmənçilikdən o tərəfə cılız nifrət psixologiyasını özümüzə aşılamaqla dünya düzənində mövcudluğumuzu şübhə altına almış olacağıq. Hətta o zaman dini kimliyimizə aid olan "Sizinlə savaşanlarla savaşın!" tələbini də gözardı etməyə vara biləcəyimiz də unudulmamalıdır. Bizimlə savaşmayanlara, əl uzadanlara qarşı necə, nifrət duyğularımızdan çıxış edərək düşmənçiliyi davam etdirməyi nə ilə əsaslandıracağıq? O zaman başqa suallar da ard-arda düzüləcəkdir: Hansı rusa nifrət edək? Hansı farsa nifrət edək? Hansı gürcüyə nifrət edək? Deyəcəklər ki, onlar bizim hansısa torpaqlarımızı işğal etməyiblər, ermənilərlə onları eyniləşdirmək olmaz! Məgər tarix şüurumuzda yer almır ki, Dərbəndi ruslar, Güney Azərbaycanı farslar, Borçalını gürcülər bizim əlimizdən alıblar? Dünən, bu gün, fərqi nədir, Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır ki? İrəvan, Zəngəzur, Dağlıq Qarabağ bizim göz yaddaşımızda qalanlardır, bəs tarix yaddaşımızda qalan Güney Azərbaycanın, Borçalının, Dərbəndin dəyəri məgər İrəvan, Zəngəzur, Dağlıq Qarabağdan, Kəlbəcərdən, Laçından, Ağdamdan və başqa bölgələrimizin dəyərindən aşağıdır? Bütöv bir xalqa nifrət duyğularını əbədilik daşımaq bizə nə vəd edir? Əbədi düşmənçilik duyğusumu? Eyni qətliamları biz türklərə qarşı ruslar, farslar, gürcülər də tarixin fərqli dövrlərində gerçəkləşdirməyiblərmi? "Babalarımıza edilənlər bizə qarşı edilməyib" deyə bilmərik ki? Halbuki biz dövlət olaraq Rusiya, İran və Gürcüstanla dost ölkə olduğumuzu bəyan edirik. Ruslarla, farslarla, gürcülərlə heç bir nifrət kompleksinə qatılmadan oturub-dururuq, yeyib-içirik, ticarət edirik. Bircə Ermənistana düşmən olduğumuzu, bunun da bizdən deyil, onların işğalçılıq siyasətindən qaynaqlandığını bütün rəsmi platformalarda söyləyirik. Və hər dəfə də vurğulayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsə, biz onunla qonşu dövlət kimi normal münasibətlər qurmağa hazırıq. Eyni şeyi Türkiyə də deyir. Bir erməninin öz dövlətinin işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini ifşa etməsi ilə bir azərbaycanlının bunu etməsi arasında fərqi ayrıca izah etməyə gərək varmı? Hər dəfə diplomatiyamız dünyanın gözünə soxur ki, Bakıda otuz mindən artıq erməni yaşayır, ermənilər vəhşicəsinə məscidləri yandırıblar, bizlər isə erməni kilsəsini şəhərin mərkəzində təmirli vəziyyətdə saxlamışıq, ardınca da multikulturalizm, tolerantlıq və s. mövzularda mühazirələr oxuyuruq. Halbuki indiyədək otuz mindən artıq himayə olunan erməni xammalından siyasi brend hazırlayıb təqdim edə bilməmişik ki, Rusiyanın himayəsi ilə azğınlığını davam etdirən Ermənistanın işğalçılıq siyasətini ifşa etsinlər, dünya arenasına çıxaraq bizim dövlətin haqlı tezislərini möhkəmlətsinlər. Bir çox insanların duyğuları anlaşılandır, dövlət də bunları nəzərə almalıdır. Ancaq dövlət siyasətində duyğular hakim ola bilməz. Biz itirilmiş torpaqları qaytarmaq üçün bütün gedişləri sınaqdan çıxarmalıyıq. Ordu ilə savaş meydanında döyüşməliyik, diplomatiya ilə masada görüşməliyik, informasiya vasitələri ilə hər bir erməni vətəndaşa təsir göstərməliyik və nəhayət, bizim haqlı tezisləri qəbul edən erməniləri BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının önünə çıxarmalıyıq. Və deməliyik ki, bu da sizin sevdiklərinizin söylədiyi həqiqətlər, buyurun dinləyin. Bizim söylədiklərimizə illərdir inanmırsınız, barı öz sevdiklərinizə, dəstəklədiklərinizə qulaq asın. Odur ki, "ilanın ağına da, qarasına da lənət" deyib keçməyin. Babalarımızın bu lənət psixologiyasının nəticəsidir ki, avropalılar ilan zəhərini müalicə üçün ən faydalı xammal olaraq istifadə edə bildilər... Sonra da bu lənət, nifrət cəhalətinin içində yüzillər boyu daldalanan bizim kimi toplumların taleyini istədikləri kimi zəhərlədilər...    

Yanvar 6, 2017 3:42

Səfəvilik – Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır

Tarixlə, cəmiyyətimizlə bağlı fikirlərim Ağaoğlunun, Rəsulzadənin, Sabirin görüşlərinə tam uyğunluq təşkil edir, sadəcə onların qaragüruhun basqısı altında fikirlərini dolayı yolla söyləmək məcburiyyətində qaldıqlarını əsərləri ilə tanış olarkən dərhal sezmək olur. Bu zaman müzakirələrin açılmasının, əks arqumentlərin səsləndirilməsinin, elmi diskussiyaların aparılmasının ancaq faydası ola bilər. Səfəvilik bizim hansısa milli dəyərlərimizə uyğun deyil. Halbuki, istər Səfəvilər olsun, istər də onlardan əvvəlki Səlcuqlular olsun, bu sülalələrin idarəetmə prinsipi Sasani bürokratik mexanizminə daha çox uyğun gəlirdi. Söhbət bu gündən tarixə baxışımızda milli mirasdan gedir və səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur. Göy türklərdən, Səlcuqlulardan, Qaraqoyunludan, Ağqoyunludan çox şeyləri milli miras olaraq ala bilərik. Əslində, cəmiyyətin axtardığı və çox zaman da tapdığı tarix deyil, bu gün bütün cəmiyyəti birləşdirməyə uyğun gələn mifdir. Azərbaycan türkləri üçün birləşdirici mif məhz Dədə Qorqud mifi və Dədə Qorqud mədəniyyətidir. Bu bizim bütün Türk arealı ilə iç-içə olmağımızın ən vacib elementidir. - Səfəvilik Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır. Özləri üçün Dədə Qorqud mədəniyyətini əsas alanlar türk mədəniyyətini yaşadanlardır. Səfəviliyi referans alanlar millətimizin İrançı düşüncədən azad olunmamasına şüurlu və ya şüursuz şəkildə xidmət edənlərdir. Müstəqilliyə qədərki dövr üçün belə bir mifə bizim üz tutmağımız hardasa anlaşılandır. Bəli, o zaman deyirdik ki, bizim imperiyamız olub, biz dövlət qurma haqqına sahibik, şah babamız, onun ələ keçirdiyi ölkələr, 50 milyonluq xalqın haqqı və s. Müstəqillikdən sonra isə artıq xəyallar arxada qalır. BMT-yə 86 min kvadrat kilometrlik ərazi ilə daxil oluruq, bunun da faktiki bizə qalanı 66 min kvadrat kilometrdir. Bizim mirasımız Məmmədəmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir. Bütün türk dövlətlərinin tarixi bizim tariximizdir, ancaq o dövlətlər ki, məhz türk dövlətçiliyi məfkurəsinə dayanır. Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir. Halbuki, mövcud Azərbaycan Respublikasının qurucuları məhz bu dövləti antisəfəvi tezislər üzərində qurmuşlar.- Cümhuriyyət dönəmi ilkin müzakirələrdə dövlətin adı Oğuzustan olaraq nəzərdə tutulmuşdu. Sonradan məhz İran arealından bu millətin qoparılması üçün Azərbaycan adı üzərində duruldu və buna görə İran tərəfinin xeyli təzyiqləri ilə də qarşılaşıldı. Hətta İrançı zehniyyətdən qurtulmamış Pişəvəri belə, bu adın İrana məxsus olduğunu bildirərək, Rəsulzadəyə qəti etirazını bildirirdi.              

Yanvar 6, 2017 3:30