Ehtiyacı olanlara dövlət qayğısı və ya kağız üzərində qalan vədlər…

Bir neçə il öncə “Google Inc” San-Fransiskodakı evsiz insanlara yardım məqsədi ilə 2 milyon dollar ayırdığı məlumatı yayılmışdı. Belə ki, San-Fransiskoda 2013-cü ilin statistikasına görə, 6.436 nəfər evsiz vardı. Onlara yardım üçün 165 milyon dollarlıq büdcə ayrılıb və həmin büdcə hesabına evsizlərə ev tikilib. Onu da qeyd edək ki, San-Fransisko ABŞ-da kasıblarla varlılar arasında fərqin son dərəcə böyük olduğu ikinci şəhər kimi tanınır. Eləcə də dünyanın digər ölkələrində ehtiyacı olan insanlar daima diqqət mərkəzində dayanır və onlara hərtərfli dəstək verilir. Son illər Azərbaycanda da bu kimi durum gündəmin əsas mövzusuna çevrilib. Xəbər verildiyi kimi ölkəmizdə mərkəzləşdirilmiş ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Bu da o deməkdir ki, artıq ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki işlərə başlanıb.  Onu da qeyd vedək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq, eyni zamanda yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün  texniki infrastrukturun hazırlanması təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun fikrincə, Azərbaycan ötən 23 ildə  ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsi zəminində dövlət müstəqilliyinin və ölkənin dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanıb: “Azərbaycan 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuş 147 ölkədən biridir. Bu sənəddən irəli gələn öhdəliklərdən biri də yoxsulluğun yarıyadək azaldılmasıdır. Hazırda dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin 1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər”. Statistikaya görə, Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir. Dünya Bankının regional direktoru Henri Kerali hələ bir neçə il öncə “Azərbaycan kasıb təbəqəyə qayğını artırmalıdır. Biz Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısında bu məsələni müzakirə edəcəyik. Azərbaycan öz institutlarını gücləndirməli, öz vətəndaşlarına kömək etməlidir ki, daha yaxşı təhsil və səhiyyə ilə təmin olunmaq imkanlarını inkişaf etdirsinlər. Bu iclasda əsas məqsəd İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun üzvləri ilə görüşmək və bu ölkələrlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu arasındakı ümumi maraqları əhatə edən məsələləri müzakirə etməkdir. Bü gün müzakirə edəcəyimiz əsas mövzular odur ki, ölkələr öz iqtisadiyyatlarını necə diversifikasiya etdirə bilərlər. Biz Dünya Bankı olaraq inanırıq ki, diversifikasiya siyasəti dövlət institutlarının, təhsil, səhiyyə və sosial təminatın daxil olduğu insan resurslarının gücləndirilməsi ilə, həmçinin infrastrukturun və təbii sərvətlərin inkişafı ilə həyata keçirilməlidir. Biz müxtəlif ölkələrin təbii sərvətləri necə idarə etdiyiniə baxacağıq. Məsələn, Azərbaycan gələcək nəsillərinə xeyir vermə baxımından öz neft və qaz resurslarını necə istifadə edir ? Bu kimi sualları müzakirə edəcəyik". Bəhs olunan toplantıda, bəhs etdiyimiz mövzu müzakirə olundu və əlbəttə ki, problemlərin həlli yollarını göstərilən qərarlar alında, qeydlər oldu və s. və il. Bir sözlə, sözdə, danışıqda, ən önəmlisi kağız üzərində güclü dövlətlər sırasında yer alırıq, yaşayış səviyyəsinin yüksək olduğu qeyd olunur, ancaq nəticəyə gəlincə saysız-hesabsız olan problemləri görürsən və düşünmək məcburiyyətində qalırsan-Görəsən səhv olan nədir?!    

May 17, 2016 4:02

Azərbaycanda yoxsulluğun səviyyəsi…

 Azərbaycanda yoxsulluğun  səviyyəsi müstəqillik qazandığımız illərdə- Qarabağ hadisəsi törədildikdən sonra və əlbəttə ki, qaçqın insanlarımızın yurdlarından zorla çıxarılmasından sonra artmağa başladı. İllərlə öyrəndiyimiz yaşam tərzinin dəyişməsinin nəticəsi idi ki, yoxsulluğun qapını döymədən içəri girməsinin şahidi olduq. Ancaq hər dövrün öz çətinlikləri olduğunu unutmamalıyıq.  Qeyd edək ki, əhalinin aylıq gəliri yaşayış səviyyəsinin yüksəlməsində  muhum rol oynasa da bu, yoxsulluğun azaldılmasına o qədər də təsir etmir. Bundan başqa ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, eyni zamanda sosial sahədə gostərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan,  uşaq ölümü, ana ölümü, ərzaq təhlukəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri,hətta  təlim nailiyyətləri kimi gostəricilərin monitorinqinin aparılması da muhum əhəmiyyət kəsb edir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müasir dövrdə atmosferin ozon qatının dağıdılması, iqlimin pisləşməsi, bioloji muxtəlifliyin kəskin azalması, aramsız təbii fəlakətlər, ətraf muhitin cirklənməsi muxtəlif xəstəliklərin geniş yayılmasına gətirib cıxarır ki, nəticədə də əhalisi arasında tənəffus orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklər, qan dovranı sisteminin xəstəlikləri, həzm orqanlarının xəstəlikləri ustunluk təşkil edir. Bütün bunların hamısı yoxsulluğu atrmasında kifayət qədər rol oynayır. Xatırladaq ki, 2000-ci ilin sentyabrında BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Nyu-Yorkda -Minilliyin sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzaladı ki, bu da yoxsulluğun 2015-ci ilə qədər azaldılması yolunda götürülən öhdəliklərdən ibarət idi. Həmin bəyannaməyə əsasən 8 qlobal məqsəd müəyyən olundu. İlk olaraq yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutulurdu. Ekspertlərin fikrincə, Dövlət Proqramlarında konkret olaraq hədəf müəyyənləşdiyi üçün vaxt qoyulur və maliyyə mənbələri olur. Amma elə proqramlar var ki, onların həyata keçirilməsində götürülən indikatorlar dəyişmir. Yoxsulluq həddinin müəyyən edilməsi də real bazar qiymətlərinə deyil, bir neçə ildən bir Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsaslanır. Ona görə də yoxsulların sayı statistik rəqəmlərdə azalsa da, reallıqda azalma dinamikası elə də ürəkaçan deyil.  Dünya Əmək Təşkilatı öz yeni hesabatında xəbərdarlıq edir ki, 2014-cü ildə dünyada işsizliyin səviyyəsi mövcud 6 faizdən 6.1 faizə yüksələcək. Söhbət, təbii ki, əmək qabiliyyətli əhalidən gedir. Hesabatda Azərbaycanda da işsizliyin 2013-cü ildən 2018-ci ilədək artacağı bildirilir. Hesablamalara görə, Azərbaycanda işsizlik 2013-cü ildə 5.5 faiz idisə, 2014-cü ildə 5.8, 2015-ci ildə 5.9, 2016-cı ildə 6, 2017-ci ildə 6.1, 2018-ci ildə 6.2 faiz olacaq. İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, Azərbaycanda neft hasilatının azalması ölkədə işsizlik probleminə ciddi təsir göstərəcək: “İndiyədək neft gəlirləri hesabına yeni iş yerləri yaradılırdı. Ancaq indi Azərbaycan neft gəlirlərinin azalması ilinə qədəm qoyub. Keçən ilin sonundan ixtisarlar başlanıb. Bu baxımdan bu il işsizliklə bağlı vəziyyətin keçən illərə nisbətən pisləşəcəyi gözlənilir”.Əslində yoxsulluğun aradan qaldırılması siyasətinin formalaşdırılmasında bir sıra əhəmiyyət kəsb edən məsələlər var. Məlumdur ki, ölkənin digər şəhər və kənd yerlərinə nisbətən paytaxtda gəlir əldə etmək imkanları kifayət qədər yüksək olub. Məsələn,  regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, eyni zamanda müxtəlif sahələrin inkişaf etdirilməsi zərurəti mövcuddur. Bundan başqa aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədi ilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir. Eyni zamanda çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir. Ərzağa olan tələbatın getdikcə artması, enerji resurslarının qiymətlərinin kəskin surətdə yüksəlməsi, eyni zamanda  əkin torpaqlarından bioenerji xammalı yetişdirilməsində istifadə olunması ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Bu isə ölkədə əhalinin aztəminatlı hissəsinin ərzaqla təminatına və ümumilikdə həyat səviyyəsinə mənfi təsir göstərir...      

May 16, 2016 4:14

Şəhid adlarının əbədiləşdirilməsi…

Azərbaycan Respublikasının Qanununda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər nəzərdə tutulub. Qeyd edək ki, Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Əslində şəhid adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarına küçələr və parklar verilsə də bir çox şəhidlərin adlarına verilmiş küçələrdə onların adları yazılmış löhvələr, barelyeflər yoxdur və yaxud həmin löhvələr və barelyeflər tamami ilə oxunmaz haldadır. Bunlar isə şəhid ailələrində narahatçılığa səbəb olur. Bundan başqa şəhid adını daşıyan küçədə yaşayan insanlar heç bilmirlər ki, bu insan kim olub. Bütün bu narazılıqların səbəbi isə şəhidlərin adını daşıyan küçələrdə “ŞƏHİD” sözünün yazılmamasındadır. Hətta bir çox şəhidlərimizin  adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarına küçələr və parklar verilməsindən uzun illər keçməsinə baxmayaraq, yerli icra hakimiyyətləri hələ də Nazirlər kabinetinin 03 sentyabr 1993-cü il şəhid adlarının əbədiləşdirilməsi qərarına biganə münasibət bəsləyərək barelyeflərin vurulmasını icra etmirlər. Bəzən şəhid ailələri bu məsələnin həll olunması üçün aylarla Prizdent Administirasiyasına, Nazirlər Kabinetinə məsələnin həlli üçün şikayət etməyə məcbur olurlar. Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, şəhid ailələrinə verilən güzəşt və imtiyazlar yetərli hesab olunmur. "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Almaz Zeynalova bu sahədə çatışmazlıqların olduğunu vurğulayıb: "Qüvvədə olan qanunda elə məqamlar var ki, şəhid ailələrini qane etmir. Çünki "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunla bu şəxslər şəhid ailəsinin üzvləri hesab edilirlər: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, texniki peşə, orta ixtisas məktəblə-rində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. Bəhs etdiyim qanunda Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. "Şəhid ailəsi" statusunu almış ailənin üzvlərinə müxtəlif təminatlar verilir. Bu təminatlardan biri ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlıdır. Hansı ki, bu təminat "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq tənzimlənir. Bir başqa güzəşt isə valideynlərdən biri həlak olduqda, onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra haki-miyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilməsidir". Hərbi ekspert Üzeyir Cəfərov isə belə hesab edir ki, şəhid ailələrinə göstəriləcək yardımın mənəvi önəmi də böyükdür: "Ümumiyyətlə, düşünürəm ki, şəhid ailələri, müharibə əlilləri, Qarabağ veteranları dövlət qayğısı ilə maksimum təmin edilməlidir. Bu, həm vətənpərvərlik nöqteyi-nəzərindən vacib bir məsələdir, həm də şəhid yaxınlarının itkisinin bir qədər yüngülləşməsi, onların təsəlli edilməsi baxımından böyük önəm kəsb edir”. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, bəhs etdiyim mövzuda görülən işlər çox olsa da görüləcək işlər daha çoxdur...  

May 13, 2016 4:22

Əmək miqrantlarının sosial mudafiəsi

Beynəlxalq müstəvidə müvəqqəti əmək miqrantlarının sosial müdafiəsi kifayət qədər çətin bir problem olaraq  hər zaman müzakirə olunur.  Bu problemlər əmək miqrantları qəbul edən ölkələrdə cəmiyyətin bir hissəsinə çevrilmiş miqrantlar və onların ailə üzvlərinə münasibətdə təminatlı əmək haqqı və sosial müavinətlərin verilməsi, əllillik və digər bu kimi hallardan sığortalanma kimi məsələlərin həllində daha aktual görünür. İşçi qüvvəsi ixrac edən ölkələrdə isə miqrantın yaşayış yerini dəyişməmiş ailə üzvlərinin tibbi xidmətlərə ehtiyac və ailə başçısını itirmə kimi risklərdən sığortalanması, xaricdə işləmiş şəxsin öz vətəninə qayıtmasından sonra pensiya və digər sosial xidmətlərə olan tələbinin ödənilməsinin həlli xüsusilə vacib məsələ kimi diqqəti çəkir. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, iqtisadi qloballaşma sosial qloballaşmanın sürətlə genişləndirilməsini tələb edir. Həmin problem müasir dünyaya inteqrasiya yolu tutmuş Azərbaycan üçün də eyni dərəcədə aktualdır. Əslində qloballaşmanın əsas sferasını təşkil edən və iqtisadi inteqrasiyanın təsiri altında sürətlə böyüyən beynəlxalq miqrasiya proseslərinin subyektlərinin, yəni əmək miqrantlarının sosial müdafiəsinin təmin olunmasına çalışan beynəlxalq və regional təşkilatların – Beynəlxalq Əmək Тəşkilatının, Beynəlxalq Sosial Тəminat Assosiasiyasının, Avropa Şurasının, Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasının səyləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan əmək miqrantlarının sosial müdafiəsi üzrə BMТ-nin, BƏТ-in və digər qurumların ümumbəşəri konvensiya və xartiyalarına qoşulmaqla bərabər ayrı-ayrı ölkələr tərəfindən həmin konvensiya və xartiyaların əsas müddəalarının milli qanunvericilikdə əks etdirilməsini aid etmək olar. Artıq ölkəmiz həmin istiqamət üzrə mühüm irəliləyişlərə nail olub.  Yəni, BMТ-nin bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiyaya qoşulmuş, dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmaq haqqında qərar qəbul edilmiş və Xartiyada nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı təsdiq edilmiş, əmək miqrasiyası və MDB dövlətlərinin vətəndaşları olan əmək miqrantlarının sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanmış, əmək miqrasiyası haqqında və immiqrasiya haqqında,  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunlar qəbul edilib. Onu da qeyd edək ki, Azərbaycan 800 milyondan artıq avropalını birləşdirən Avropa Şurasının üzvü kimi Avropa İnsan Haqları Konvensiyasına və fərdlərin müdafiəsinə dair digər aidiyyəti sənədlərə əsaslanaraq ümumavropa səviyyəsində ümumi və demokratik prinsiplərin inkişaf etdirilməsində böyük səylər göstərir. Bu da o deməkdri ki, Avropa dövlətləri ilə inteqrasiya, onlarla bərabər hüquqlu və hərtərəfli əməkdaşlığının inkişafı, dinindən, siyasi əqidəsindən, milliyətindən və irqindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların hüquqlarının bərabər təmin edilməsi onun bu yolda uğurla inkişaf etməsində mühüm rol oynayır. Ekspertlərin fikrincə, regional əmək bazarında əmək miqrantlarının sosial mudafiəsi vəziyyətinin təhlili zamanı onların 2 hissədən  -  leqal və qeyri-leqal əmək miqrantlarından ibarət olduğu nəzərə alınmalıdır. Beynəlxalq təcrübəni əks etdirən materiallara istinad olunsa, Şimalı və Qərbi Avropada qeyri-leqal immiqrantların sayının ümumi leqal miqrantların 50 faizi həcmində olduğu ehtimal edilir. Rusiyada bütün miqrantların  50 faizi qeyri leqal fəaliyyət göstərir. ABŞ-da orta hesabla 4-5 milyon qeyri-leqal miqrant yaşayır ki, bu da ümumi əhalinin təqribən 1,5 faizini təşkil edir. Bu göstərici İtaliyada 0,5-1 milyon nəfər, Yunanıstanda 300 min nəfər və ya əhalinin 3 faizi qədərdir. Ancaq xarici ölkənin əmək bazarında çalışan qeyri-leqal miqrantların işlədikləri dövrdə və ya müəyyən dövrdən sonra öz ölkələrinə geri dönəcəyi halda onların sosial müdafiəsi, xüsusilə  pensiya təminatı hansı qaydada həyata keçiriləcəyi sual doğurur...  

May 12, 2016 3:27

Milli qəhrəmanların təbliğatı…

"Milli Qəhrəmanı" adı ölkəmizin müstəqilliyi uğrunda müstəsna xidmətlərə görə verilir. Qeyd edək ki, Milli Məclisdə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda bu statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi ilə bağlı “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hələ ötən 2 ərzində hazırlanıb. Bundan başqa ölkə başçısı milli qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi üçün bir neçə sənəd imzalayıb. Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Ən önəmlisi isə milli qəhrəmanların təbliğatı istiqamətində bir çox sənəd imzalanıb, yəni, bir neçə rəsmi sənəd vasitəsilə milli qəhrəmanlarımızın gənclərə tanıdılması tövsiyə olunub. Belə ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Dəstəyi Proqramının 6.2.- "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi"- bəndinin 6.2.3 maddəsində Gənclər və İdman Nazirliyinə, Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi tapşırılıb. Millət vəkili Fərəc Quliyev bildirib ki, dövlət tərəfindən milli qəhrəmanlara, onların ailəsinə hər cür şərait yaradılıb, müxtəlif imtiyazlar verilib: “Milli qəhrəmanlar hər cür imtiyaza layiqdirlər və əgər imtiyazlarla bağlı digər təkliflər olarsa, hesab edirəm ki, qanunla təsbit olunmalıdır. İnanıram ki, bu halda da dövlət onlara lazımi qayğını göstərəcək”. Onu da qeyd edək ki, Milli qəhrəman ailələrinə xüsusi prezident təqaüdü verilir. Milli qəhrəmanların adlarını daşıyan məktəblər, küçələr, uşaq bağçaları, parklar var, onlar üçün hazırlanan anım günləri də dövlətin diqqətinin nəticəsi olaraq dəyərləndirilə bilər. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elxan Uluxanlı hökümətimizin Milli Qəhrəman ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib: “Hələ bir neçə il öncə ölkə başçısı Milli Qəhrəman ailələrinə 600 manat məbləğində təqaüd verilməsilə bağlı sərəncam imzalayıb. Bu vəsaitin artırılmasını reallaşdıran ölkə rəhbərimiz bu addımı ilə bir daha Milli Qəhrəman ailələrinin rəğbətini qazandı. Təbii ki, verilən təqaüdlə də Milli Qəhrəman ailələrinin sosial rifahı bir qədər də yaxşılaşacaq, problemlərin həllinə şərait yaradacaq”. Yeri gəlmişkən, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə yeni bir kitab işıq üzü görüb. Kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, son bir neçə ildə milli qəhrəmanlarla bağlı bir çox layihələrə start verilib. Artıq davamlı olaraq milli qəhrəmanlarımızla bağlı geniş səviyyəli tədbirlər keçiriləcək. Qeyd etdiyimiz kimi hazırda ölkəmizdə 211 nəfər Milli Qəhrəman olsa da, onlardan yalnız on səkkiz nəfəri həyatdadır, qalanları isə dünyasını dəyişib. Ancaq bu qəhrəmanların övladları, həyat yoldaşları, valideynləri, yaxınları onların xatirəsini yaşadır. İstər ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə də, istərsə də hazırda Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Ölkə başçısı Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, milli qəhrəmanlarımızın sosial problemləri ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhrəman adının verilməsi buna canlı misaldır. Mütəxəssislər bildirir ki,  Milli Qəhrəmanların təbliğatı gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə malik olmasına müsbət təsir göstərir. Ehtiyatda olan polkovnik Mehdi Mehdiyev ölkə başçısının şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən fərman və sərəncamlarını yüksək qiymətləndirib: “Müharibə veteranlarının da müavinətlərinin artırılması dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini sübut edir. Ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Dünən isə möhtərəm Prezidentimiz müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam verdi. Bu sərəncam yüzlərlə ailəyə sevinc bəxş etdi". Onu da qeyd edək ki,  Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və müxtəlif dövlət qurumları vaxtaşırı Milli Qəhrəmanlara göstərilən dövlət qayğısı ilə, eləcə də digər məsələlərlə bağlı silsilə tədbirlər təşkil edir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd əlbəttə ki, Azərbaycan dövlətinin Milli Qəhrəmanlarla, şəhidlərlə əlaqədar həyata keçirdiyi siyasəti davam etdirməkdir. Onlar, həmçinin, bu qayğı barədə gənclər arasında təbliğat da aparır. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçisi Nurəddin Abbasovun fikrincə, Milli Qəhrəmanlara dövlət qayğısının əsasını Azərbaycanın mərhum prezidenti Heydər Əliyev qoyub": Ümummilli liderimiz Heydər Əliyev kimi cənab İlham Əliyev də bu gün Qarabağ şəhidlərinin xatirəsini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin məqsədi Milli Qəhərmanlarımızın təbliğini yaxşı aparmaqdır”. Ekspertlərin fikrincə, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquq müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilsə də, bütün bunlar öz bəhrəsini versə də, bəzi problemlər hələ də həll olunmamış qalır. Ancaq nə olur olsun Milli qəhrəmanlara göstərilən qayğı təqdir olunmalıdır. Çünki gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bunun mühüm rolu var. Tanınmış ziyalı Mahmud Vəlinin fikrincə, milli özünüdərk prosesini daxilindən keçirib yaşamayan gənclik heç zaman Azərbaycanın sabahına sahib dura bilməz: “Gənclik birmənalı olaraq vətənpərvərlik tərbiyəsi almalıdır. Azərbaycan xalqı qonşu xalqlardan həmişə öz milli kimliyinə sadiqliyi və vətənpərvərliyilə seçilib. Təəssüf ki, hazırda bu keyfiyyətimizdə müəyyən zədələnmə müşahidə edilməkdədir. Gənclərimizin heç də hamısının dəyərlərimizə münasibəti eyni deyil. Respublikamız 20 ildən artıqdır müstəqildir. Bu illər ərzində bizim cəmiyyətimizdə, ictimai həyatımızda, məişətimizdə çox şey dəyişib. Dəyərlər sistemimizə də tamam başqa gözlə baxanlar çoxdur. Azərbaycan gəncliyinin milli mənlik şüuru heç zaman məhv olmayıb, bu gün də onun kifayət qədər daşıyıcıları var. Çar Rusiyasının işğalı dövründə də o illərin gəncliyi bu ruhun daşıyıcısı olub, bolşevizm dönəmində də. Bu hiss gənclərdə olmasaydı, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı - Azərbaycan Demokratik Cumhuriyyətini quranların sırasında çoxlu sayda gənclər olmazdı”. Böyük dövlətçilik tarixi olan bir xalqın qəhrəmanlarının  keçdikləri döyüş yolu geniş səviyyədə təbliğ olunmalıdır ki, gənclər öz qəhrəmanını yaxından tanısın. Əslində təbliğatdan çox şey asılıdır: “Milli düşüncədən uzaq olan gənclərə hansısa bir milli xüsusiyyətimizi, milli adətimizi, bir qəhrəmanlıq dastanımızı sevdirənə qədər böyük zəhmət çəkməli olursan. Bir məsələ var ki, indi gənclərin bəziləri inkarçılığa meyl göstərir. Elə tərbiyə alıblar ki, onları fikirlərindən döndərmək çox çətin olur. Bəzən isə mümkün olmur. Gənclərimizin bir çoxunun milli folklorumuzdan-dastanlardan, nağıllardan, aşıq şeirindən və aşıq sənətindən, muğamdan, xalq mahnılarından, el sənətindən xəbəri yoxdur. Halbuki, elə şeylər var ki, gənclik onu beş barmağı kimi bilməlidir. Bilənlər də var. Amma onlar elə də çox deyil. Gənclərimizin bir qisminin müəyyən təsirlərə düşdüyü faktdır. Öz milli ədəbiyyatımızı, incəsənətimizi qəbul etməyənlər Qərbdə qürub edən etibarsız "izmləri", cərəyanları təbliğ edir”. Gənclər ilk növbədə öz dəyərlərimizi sevməlidir ki, onları başqa dəyərlərlə müqayisə edə bilsinlər. Əslində elə ən böyük təbliğat gəncliyə milli hissləri aşılamaqdır.  

May 6, 2016 4:25