“Dövlət rüsumu haqqında” qanun layihəsi müzakirə olunub

18 May 2018 15:12

Xəbər 34 dəfə oxunub

Mayın 18-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan komitə sədrinin müavini Eldar Quliyev gündəliyi təqdim edib.İclasda əvvəlcə “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara, eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr edilib. Adıçəkilən normativ hüquqi aktlara əsasən agentliyə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və onların dövlət reyestrinin aparılması, eləcə də qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi səlahiyyətləri də verilib.Diqqətə çatdırılıb ki, “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Qanun layihəsinə əsasən qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, reyestrdən çıxarılmasına görə 150 manat, reyestr məhsullarında dəyişikliklərin qeydiyyatına görə 50 manat, reyestrdən çıxarışın dublikatının verilməsinə görə 10 manat məbləğində rüsum nəzərdə tutulur.Həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verilməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmasına görə 5 qəpikdən 5 manatadək miqdarda dövlət rüsumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Eyni zamanda, qanun layihəsinə əsasən bir sıra mövcud rüsumlar artırılacaq.Sonra “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, sənədin “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda bir sıra dəqiqləşdirilmə nəzərdə tutulub.Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən sənədə “Əkin yerinin yandırılması qadağandır” məzmunlu yeni maddə əlavə edilir. Bu maddəyə görə, torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. Torpaqların tənəzzülə uğramadan və dağıdılmadan qorunması tədbirləri ilə təmin edilməmiş obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan olunur. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi aidiyyəti olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

Reklam

“CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının "Global ATM Summit" ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilib."Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib."Global ATM Summit" illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitə dünyanın 100-dən çox ölkəsindən 250-dən artıq iştirakçı qatılır. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda, bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış "CANSO: Fit for the Future of ATM" proqramının təsdiq edilməsi olacaq.Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilib. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə təşkil ediləcək.CANSO, ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür."Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsi olan "Azəraeronaviqasiya" (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.xeber100.com

İyun 14, 2018 14:42

Neft sənayesində 5G şəbəkəsinin tətbiqi təklif olunub

Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində "Rəqəmli iqtisadiyyat " paneli keçirilib.Apa-nın xəbərinə görə, paneldə müzakirələrə qatılan iqtisadiyyat və idarəçilik üzrə professor Gerard Poqorel indi rəqəmli inkişaf dövrü olduğunu deyib: "İndi yeni mərhələdəyik. Simsiz şəbəkə, 5G nəsili yeni imkanlar yaradacaq. Bu, daha çevik sistemdir. Bu sistemə pul yatırmağa dəyər. Simsiz sahədə rəqabət çox vacibdir. Bu rəqabət şəbəkənin inkişafına yönəldilməlidir. Gələcək simsiz olacaq, yeni şəbəkələr rəqabətli olmalıdır və bu, yerli, eləcə də regional aləmdə yeni imkanlar yaratmalıdır"."Samsung" təmsilçisi Mişel Pastore isə bildirib ki, rəqəmli iqtisadiyyat strukturundan hər kəsin istifadə edə bilməsi üçün əlverişli mühit yaradılmalıdır.Telekom və istehlakçı müdafiəsi üzrə analitik Visiola Pula qeyd edib ki, yeni 5G şəbəkəsi iqtisadi sistemdə mühüm inqilabi rol oynayacaq: "Bu şəbəkə nəqliyyat, sənaye üçün də əhəmiyyətli ola bilər. Məsələn, Azərbaycanda 5G şəbəkəsi neft sənayesində bütün avadanlıqların əlaqəli işləməsinə kömək edə bilər".Finlandiya parlamentinin nümayəndəsi Saymn Elo MP rəqəmsallaşmanın əsas məqsədinin bütün xidmətləri bir yerə birləşdirməkdən ibarət olduğunu vurğulayıb.xeber100.com

İyun 9, 2018 21:05

“Kapital Bank” stimullaşdırıcı lotereya keçirir

"Kapital Bank" "BirKart" müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir.Mayın 15-dən sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində "BirKart" ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib qiymətli hədiyyələr qazana bilərlər.Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-də keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.Qeyd edək ki, "BirKart"ı artıq məvacib və pensiyasını "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilərlər."BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10 faizədək Cash Back imkanı. Visa kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur."BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.xeber100.com

İyun 8, 2018 16:09