Dünya Səhiyyə Təşkilatının müraciətinə əsasən…

29 Yanvar 2019 11:44

Xəbər 722 dəfə oxunub

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunda mövsümi qrip təhlükəsini xatırladaraq, region əhalisini peyvənd olunmağa və yoluxma halları zamanı dərhal müalicəyə başlamağa çağırıblar. Hər il payız-qış mövsümü ərzində şimal yarımkürəsinin əhalisinin təxminən 20 faizi qripə yoluxur.Azərtac DST-nin mətbuat üçün hazırladığı məlumata istinadla xəbər verir ki, hazırkı mövsümdə Avropada A tipli qripə daha çox rast gəlinir.Son vaxtlar regionda qripə yoluxma hallarının sayı artıb.23 dövlətdən daxil olan məlumata görə, ümumilikdə, bu mövsüm qripdən ölənlərin sayı ötən bir neçə ilin analoji dövrü ilə müqayisədə göstəriciləri üstələmir. Lakin bir sıra ölkələrdə yaşlılar arasında qripdən ölüm halları artır.DST-də bir daha region sakinlərini qrip əleyhinə vaksinlərə laqeyd yanaşmamağa çağırıblar. Həkimlər xatırladıblar ki, qripə yoluxduqdan sonra ağırlaşmaların inkişafının yüksək risk qrupuna yaşlı insanlar, hamilə qadınlar, azyaşlı uşaqlar, zəif immunitetə və xroniki patologiyalara malik insanlar daxildir. DST-də, həmçinin bütün tibb işçilərinə peyvənd etməyi məsləhət görürlər.DST ekspertləri qrip əleyhinə vaksinlərin regionda dövr edən A tipli (H3N2), A tipli (H1N1) və B tipli bütün qrip viruslarını əhatə edəcəyi qənaətindədirlər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05