Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

24 May 2018 09:59

Xəbər 873 dəfə oxunub

Mayın 24-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, Əmək Məcəlləsində edilən dəyişikliklər əsasən redaktə xarakterlidir. Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb ediləcəklər. Bu dəyişikliyin vacibliyini qeyd edən İsa Həbibbəyli deyib ki, sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur.Diqqətə çatdırılıb ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər.“Təhsil haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.Sənədə edilən dəyişikliyə görə vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.“Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə edilən dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qanuna edilən digər dəyişikliyə görə, xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bildirilib ki, ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsil standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.Təhsil naziri Ceyhun Bayramov deyib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi sertifikasiya ilə bağlı müddəaların əlavə edilməsindən ibarətdir. 2014-cü ildən etibarən bu istiqamətdə ilkin addımlar atılıb. Həmin ildən etibarən Təhsil Nazirliyi tərəfindən ümumtəhsil sistemində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə başlanılıb. Qanunvericilikdə sertifikasiya sisteminin təsdiq edilməsi işin keyfiyyətinə müsbət təsir edəcək.Nazir “Təhsil haqqında” Qanunda ediləcək dəyişikliklər barədə də fikirlərini bildirib. O qeyd edib ki, Bakıda və digər böyük şəhər məktəblərində sıxlıq mövcuddur. Paytaxt orta məktəblərində sıxlıq 10 faiz təşkil edir. Belə ki, şəhərdə birinci sinfə qəbul üçün müraciət edənlərin sayı digər yerlərdən çox olur. Təbii ki, müraciətlərin hamısını qəbul etmək mümkün deyil. Qanunda edilən dəyişikliyə görə, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin məktəblərə ilk növbədə qəbul olunacaqlar.Sonra deputatlar qanun layihələri barədə təklif və rəylərini bildiriblər.Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.İclasda, həmçinin “Ümumi təhsil haqqında” Qanunun hazırlanması məqsədilə işçi qrupunun tərkibi təsdiq edilib.xeber100.com

VII qrant müsabiqəsi çərçivəsində intellektual yarış layihəsi öz işini davam etdirir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş “Sən elə bir Zirvəsən-100” məktəblilərarası intellektual yarış layihəsi öz işini davam etdirir. Bu barədə 189-190 nömrəli tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, icra planına əsasən layihə rəhbəri, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, layihənin aparıcısı və təlimçi Rifah Zeynalov, eksperti Elnarə Nərimanova və yarışda iştirak edəcək 16 məktəbin təşkilatçı rəhbərləri ilə görüş keçirilib, onlara yarışın qaydaları barədə məlumat verilib. Fayaz Hüseynov layihənin məktəblər arasında əməkdaşlığa, şagirdlərdə liderlik bacarığının formalaşdırılmasında böyük rolu olacağını söyləyib. Qeyd edək ki, 16 komanda 2 qrupa bölünərək yarış keçirilib və yarımfinal turunun qalibləri bəlli olub. Yarışda A qrupunda 2 texniki-humanitar liseyin “DDK” komandası, 7 nömrəli məktəb liseyin “Versus”, 8 nömrəli tam orta məktəbin “Zirvə”, 16 nömrəli texniki-humanitar liseyin “Dəmir yumruq”, 18 nömrəli tam orta məktəbin “Batalyon”, 49 nömrəli tam orta məktəbin “Qarabağ”, 53 nömrəli tam orta məktəbin “Xudafərin”, 60 nömrəli tam orta məktəbin “Flaqman” komandaları mübarizə aparır. B qrupunda isə 20 nömrəli məktəb-liseyin “Triumf”, 50 nömrəli məktəbin “Gənc Heydərçilər”, 147 nömrəli tam orta məktəbin “Mübarizlər”, 160 nömrəli tam orta məktəbin “ 160%”, 167 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası, 175 nömrəli tam orta məktəbin “Xəyal”,189-190 nömrəli tam orta məktəbin “Clever”, 236 nömrəli tam orta məktəbin “Zəfər” komandaları qalibiyyət uğrunda bilik yarışında mübarizə aparırlar. Yarışmaya aid foto və videolar daim layihənin feysbuk səhifəsində paylaşılır.xeber100.com

Dekabr 19, 2023 13:53

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayını təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 3165, rus bölməsi üzrə 365, hər iki bölmənin birgə müsabiqəsi üzrə 570 olmaqla cəmi 4 min 100 plan yeri nəzərdə tutulur. 3045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır. Qeyd edək ki, psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 85 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Avqust 26, 2023 18:25

Bakı Dövlət Universitetində mütəxəssis hazırlığı həyata keçirilir

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində bakalavriat səviyyəsində 7 ixtisas üzrə - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, filologiya (Azərbaycan dili və ədəbiyyatı), dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu barədə BDU-dan məlumat verilib. Fakültədə 4 elmi-tədqiqat laboratoriyası, Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilçilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Azərbaycan dili və nitq mədəniyyəti, Rus dili (humanitar fakültələr üzrə), Rus dili (təbiət fakültələri üzrə), İngilis dili (təbiət fakültələri üzrə) İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları fəaliyyət göstərir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisasları üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər. Filologiya (Azərbaycan dili və ədəbiyyatı), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə məzunlar filologiya istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, yerli özünüidarəetmə orqanları və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq fəaliyyət göstərə bilərlər. Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.xeber100.com

Avqust 18, 2023 14:55