“Grand Prix 2019” seriyasının ikinci mərhələsində

11 İyul 2019 17:17

Xəbər 23 dəfə oxunub

Riqada iyulun 12-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin oyunları start götürəcək.Azərtac xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək. Şahmatçımızdan başqa yarışlarda Aniş Giri (Hollandiya), Maksim Vaşe-Laqrav (Fransa), Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Nikita Vityuqov, Daniel Dubov (hamısı Rusiya), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Yu Yanqi (Çin), David Navara (Çexiya), Pentala Harikrişna (Hindistan), Kriştof Duda (Polşa) mübarizə aparacaqlar.Qeyd edək ki, Qran-Pri pley-off (uduzan çıxır) sistemi ilə keçiriləcək. Qarşılaşmalarda rəqiblər əvvəlcə iki klassik kontrollu partiya oynayacaqlar. İki partiyanın nəticəsinə görə qalib gələn şahmatçılar növbəti mərhələyə vəsiqə qazanacaq, uduzanlar isə yarışı tərk edəcəklər. Klassik partiyalarda qalib müəyyənləşməsə, rapid növü üzrə iki partiya (25+10) oynanılacaq. Bu halda da heç-heçə qeydə alınarsa, iki blits (5+3) partiya keçiriləcək. Blitsdə də heç-heçə olacağı təqdirdə qalib “Armaqedon” partiyalarda müəyyənləşəcək. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına əvvəlki kimi xallar yazılacaq və sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə yollanacaq.Qeyd edək ki, birinci mərhələdə iştirak edən şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ilk raundda uduzaraq turnirlə vidalaşmalı olublar. Şəhriyar Məmmədyarov Riqa turnirindən başqa Tel-Əviv mərhələsində də mübarizə aparacaq. Teymur Rəcəbov isə Hamburq və Tel-Əviv mərhələlərində iştirak edəcək.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15