Güllə atıcılığı üzrə Avropa kubokunun final yarışları başa çatıb

9 Oktyabr 2018 11:58

Xəbər 167 dəfə oxunub

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən güllə atıcılığı üzrə Avropa kubokunun final yarışları başa çatıb.Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi İradə Aşumova Azərtac-a bildirib ki, qitə birinciliyində 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışlarında ölkəmizi Ruslan Lunyov təmsil edib. IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu final yarışlarında uğurla çıxış edərək ayrı-ayrı növlər üzrə 581 xalla qızıl və 573 xalla gümüş medal qazanıb.Qeyd edək ki, Ruslan Lunyov dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 582 xalla beşinci olub. O, bu nəticə ilə “Tokio-2020”yə lisenziya qazana bilməsə də, dünya reytinqində xeyli irəliləyərək 93-cü pillədən 10-cu yerə yüksəlib. Həm 10, həm də 25 metr məsafələrə atəşaçma üzrə dünya reytinqindəki nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına imkan verir. Belə ki, bu ilin sonunda dünya reytinqində ilk 24-lükdə qərarlaşan atıcılar “Minsk-2019”da iştirak edə biləcəklər.xeber100.com

 

İtaliya A Seriyasının növbəti mövsümünə yekun vurulub

Mayın 26-da İtaliya A Seriyasının 2018-2019-cu il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, çempionatın qızıl və gümüş mükafatçıları məlum olduğundan əsas mübarizə UEFA Çempionlar Liqasına vəsiqə qazananlar arasında gedib.Aktivində 66 xalı olan “İnter” doğma azarkeşlər önündə “Empoli” klubunu qəbul edib. Görüş “neradzura”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Eyni xala malik olan “Atalanta” “Sassuolo” komandasının qonağı olub. Bu görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb.Altmış beş xalı olan “Milan” səfərdə SPAL klubunu 3:2 hesabla məğlub etsə də, bu qələbə “rossoneri”ə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmağa yetməyib.İtaliya A Seriyasının qızıl medallarını 90 xallı olan “Yuventus” klubu qazanıb.Çempionatın gümüş medallarına 78 xal toplayan “Napoli” komandası sahib olub. “Atalanta” komandası 69 xalla üçüncü, eyni xala malik amma şəxsi oyun nəticəsinə görə geri qalan “İnter” isə dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.“Milan”, “Roma” və “Latsio” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər. “Empoli”, “Frosinone” və “Kiyevo” A Seriyasından vidalaşaraq ikinci diviziona - B Seriyasına enib.A Seriyasının sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb: “Frosinone” - “Kiyevo” - 0:0; “Bolonya” - “Napoli” - 3:2; “Torino” - “Latsio” - 3:1; “Sampdoriya” - “Yuventua” - 2:0; “Roma” - “Parma” - 2:1; “Kalyari” - “Udineze” - 1:2.xeber100.com

May 27, 2019 13:38

11-ci Avropa çempionatının ikinci günü davam edir

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.Milli.az xəbər verir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qruplarda, eləcə də aero-dans proqramında çıxışları olacaq.İkinci yarış günündə Azərbaycanı Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edir.Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.xeber100.com

May 25, 2019 14:05

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayı artırılmayacaq. Beləliklə, çempionatın final mərhələsində 32 milli komanda mübarizə aparacaq.Azərtac xəbər verir ki, FIFA rəsmiləri bu barədə məlumatı təsdiqləyiblər.Məlumatda qeyd edilib ki, çempionatın finalında iştirak edəcək ölkələrinin sayının 32-dən 48-dək artırılması 2022-ci ildə deyil, 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 23-cü mundialda baş tutacaq. Açıqlamada, həmçinin bildirilib ki, mühüm iştirakçı tərəflərlə aparılan müfəssəl və ciddi məsləhətləşmələrdən sonra növbəti çempionatda hazırkı şərtlər altında komandaların sayının artırılmasına dair təklifin irəli sürülməməsi barədə qərar qəbul edilib. Buna görə də FIFA-nın iyunun 5-də Parisdə keçiriləcək Konqresində növbəti çempionat üçün 48 komandanın iştirakına dair ssenari təqdim edilməyəcək.Xatırladaq ki, FIFA prezidenti Cianni İnfantino müxtəlif irimiqyaslı futbol turnirlərində iştirakçı komandaların sayının artırılmasının əsas tərəfdarıdır. Bununla da bir tərəfdən belə mötəbər yarışda daha çox ölkənin iştirak etmə şansına malik olması və həmin ölkələrdə futbola marağın yüksəlməsi, digər tərəfdən isə FIFA-nın təşkilatçı kimi gəlirlərinin artması hədəflənir.xeber100.com

May 23, 2019 11:19