“Kapital Bank” nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı

3 Dekabr 2018 12:49

Xəbər 41 dəfə oxunub

“Kapital Bank” Yeni il münasibətilə nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı. Artıq hamı “Kapital Bank” filiallarına müraciət etməklə, illik faiz dərəcəsi 19 faizdən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilər.Aksiya çərçivəsində kredit götürənlərə üstəlik “BirKart” hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər.Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər.xeber100.com

Reklam

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Azərbaycanın altı xarici ölkədə rəsmi xarici turizm nümayəndəlikləri fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, müqaviləyə əsasən, “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə altı ölkə üzrə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib.Almaniyanın Frankfurt (Lieb Management end Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel end Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing end Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və digər istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti, həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və ölkəmizdəki turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edəcək.xeber100.com

Dekabr 13, 2018 14:29

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib

Dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq olunan müasir yanaşmalar hərraclarda şəffaflığı artırır, vətəndaş məmnunluğunu təmin edir. Elektron hərrac vasitəsilə dövlət əmlakları üzrə sifarişlərin onlayn formada verilməsi, eləcə də prosesə virtual formada qatılmaq imkanı investorlar üçün rahat iştirak şəraiti yaradır. Hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi və cəlbediciliyi ilə investorların axtardığı əmlakları tapması daha rahatdır. Sadalanan bu üstünlüklərlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 dekabr tarixində növbəti hərrac keçirilib. Komitədən Azərtac-a bildirilib ki, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşir. Yardımçı təsərrüfat obyektinin ümumi faydalı sahəsi 200 kvadratmetrdir. Dövlət əmlakının geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi investorun kənd təsərrüfatı üzrə fəaliyyətində əlavə imkanlar yarada bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsindəki mağazanın isə ümumi faydalı sahəsi 34.8 kvadratmetrdir. Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Sabunçu və Binəqədi rayonlarında yerləşir. Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsindəki obyektin ümumi faydalı sahəsi 287.9 kvadratmetrdir. Bu qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs onu xidmət və ya ofis obyekti kimi istifadə edə bilər. Biləcəri qəsəbəsində yerləşən obyektin isə ümumi faydalı sahəsi 35.5 kvadratmetrdir.Hərracda vətəndaş marağına səbəb olan nəqliyyat vasitələrinin buraxılış tarixi 2005-2007-ci illərdir. Rəqabətli mühitdə özəlləşdirilən “Kia Optima” markalı avtomobil üçün qalib iştirakçı son qiymət olaraq 4 min 400 manat təklif edib. Digər rəqabət yaradan nəqliyyat vasitələri isə “Daewoo Nexia” və “Mitsubishi” markalarına aiddir.Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac dekabrın 18-də keçiriləcək.xeber100.com

Dekabr 11, 2018 14:46

Əməkdaşlıq haqqında Memorandum imzalanıb

“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” MMC ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.“Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb. Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır.Qeyd edək ki, “Azərpoçt”un tranzit mərkəzi vasitəsilə Azərbaycandan Rusiyaya 2018-ci ilin 9 ayı ərzində göndərilən poçt həcminin ümumi çəkisi 93 min 485 kiloqram təşkil edib.Memoranduma əsasən, Çin tərəfinin sadə kiçik paketləri üzrə terminal xərcləri üçün hər iki tərəfin maraqlarına cavab verən məqbul tariflər formalaşdırılacaq. “Rusiya Poçtu”nda həyata keçirilən sadələşdirilmiş, qeydiyyatdan keçmiş poçt xidməti üçün terminal xərclərinin vəziyyəti tənzimlənəcək, beynəlxalq elektron ticarət paketləri üçün daxil olan tarif güzəştində qarşılıqlı endirimlərin tətbiqi üzrə addımlar atılacaq və beləliklə, poçt göndərişlərinin qəbulu zamanı şərti ödənişlə bağlı mövcud problemlər aradan qaldırılacaq.xeber100.com

Dekabr 7, 2018 16:19

Neft İxrac Edən Ölkələr Təşkilatının 175-ci iclası keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda dünən keçirilən OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında nazirlər neft hasilatının azaldılmasına dair tövsiyəsi, bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunacaq.Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib. Nazir dekabrın 7-də OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə iştirak edəcək.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

Dekabr 6, 2018 13:32

OPEC ölkələri Monitorinq Komitəsinin XII iclası keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda OPEC+ üzrə hasilatın azaldılması, həmçinin neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC arasında əməkdaşlıq müqaviləsinin imzalaması da planlaşdırılır.Toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.Dekabrın 6-da OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Nazir dekabrın 7-də isə OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq. Səfər çərçivəsində P.Şahbazovun bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

Dekabr 5, 2018 13:16