Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

3 May 2018 14:44

Xəbər 857 dəfə oxunub

Mayın 3-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə iki məsələ daxildir.İclasda əvvəlcə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə görə, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər.Sonra deputatlar “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qeyd olunub ki, dəyişikliyə əsasən dərman vasitələrinin istifadəsinə dair təlimatlarda istehsalçı tərəfindən bəyan edilməmiş məlumatlar, habelə dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı bu dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun müvafiq maddəsində nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə ölkədə tətbiqini qadağan etmək hüququna malikdir. Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər. Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir. Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05