“Minsk-2019” oyunları üçün bilet satışına start verilib

1 Dekabr 2018 17:55

Xəbər 105 dəfə oxunub

“Minsk-2019” II Avropa Oyunları üçün bilet satışına start verilib.Milli.az bildirir ki, istənilən ölkənin vətəndaşları bu gündən www.minsk2019.ticketpro.by saytı vasitəsilə biletləri öz adlarına rəsmiləşdirə bilərlər. Bundan başqa, biletləri Belarusda rəsmi bilet operatoru “Tiketpro”, Avropada rəsmi resellerlər vasitəsilə əldə etmək mümkündür. Rusiyada isə satış rəsmi bilet agenti ponominalu.ru saytında dekabrın 15-dən başlanacaq.Qiymətlər 5 Belarus rublundan 50 belarus rublunadək (əcnəbi vətəndaşlar üçün 2 avrodan 20 avroyadək) qoyulub. Biletlər bir neçə kateqoriyada – “Standard”, VIP, açılış və bağlanış mərasimləri üçün hazırlanıb. Açılışa 150 – 300 rubla, bağlanışa 70 – 150 rubla tamaşa etmək mümkündür.II Avropa Oyunları oturacaq yerlərinin ümumi sayı 375 min olacaq. Lakin tələb və idman növünün populyarlığından asılı olaraq, sayı 535 minədək artırmaq mümkündür. Biletlərin satılacağı idman sessiyalarının ümumi sayı isə 111-dir.Qeyd edək ki, II Avropa Oyunları 21 – 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.xeber100.com

Reklam

UEFA Çempionlar Liqasının final mərhələsinə start veriləcək

Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.xeber100.com

Fevral 12, 2019 11:29

Velosiped İdmanı Federasiyasının məlumatına görə…

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunların da 4-ü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkə isə yaxın aylarda müəyyənləşəcək.xeber100.com

Fevral 11, 2019 17:16