Neft İxrac Edən Ölkələr Təşkilatının 175-ci iclası keçiriləcək

6 Dekabr 2018 13:32

Xəbər 166 dəfə oxunub

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda dünən keçirilən OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında nazirlər neft hasilatının azaldılmasına dair tövsiyəsi, bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunacaq.Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib. Nazir dekabrın 7-də OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə iştirak edəcək.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında (ES) da itirilmiş gücün bərpa olunması istiqamətində işləri davam etdirir.ASC-dən Azərtac-a bildirilib ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” ES-də mövcud 18 aqreqatdan 4-ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 meqavat itirilmiş güc bərpa olunub.Eyni zamanda, işləməyən 4 aqreqatdan 1-i yenisi ilə əvəz edilib, digərinin isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 meqavat itirilmiş güc bərpa olunub. Bununla da, “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir addım atılmış olacaq.“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.xeber100.com

May 21, 2019 14:26

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Mərkəzi Bankında (AMB) "MasterCard" beynəlxalaq kart təşkilatının sahəvi ekspertləri tərəfindən İqtisad Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri üçün seminar keçirilib.Bankdan Azərtac-a bildirilib ki, "Müasir ödəniş imkanları" mövzusunda təşkil edilən seminarda rəqəmsal ödənişlər sahəsində ən son innovasiyalar, trendlər, inkişaf etmiş ölkələrin təcrübələri və fintexlərin mahiyyəti barədə tələbələrə geniş məlumat verilib. Eyni zamanda, ən son texnoloji innovasiyalar əsasında maliyyə xidmətlərinin göstərilməsi üsulları, ödəniş məkanına daxil olmuş yeni iştirakçılar, NFC texnologiyalarına əsaslanan mobil ödənişlər, QR kod ödənişləri, onlardan istifadə imkanları, həmçinin bu sahədə yaranacaq risklər və onların aradan qaldırılması yolları ilə bağlı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılıb.Seminarda, həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilib və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanıb.Qeyd edək ki, Mərkəzi Bank "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.xeber100.com

May 17, 2019 15:03

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Bu il sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub. Bu sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əczaçılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, tütün məmulatlarının istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz, geyim istehsalı 10,2 faiz, poliqrafiya məhsullarının istehsalı 7,4 faiz, tikinti materiallarının istehsalı 5 faiz, hazır metal məmulatlarının istehsalı 4,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artıb. Sair nəqliyyat vasitələrinin istehsalı 4,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 14,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalıb.xeber100.com

May 14, 2019 13:07