Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

8 İyul 2019 18:30

Xəbər 24 dəfə oxunub

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 64,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar geriləyərək 57,48 dollar təşkil edib.xeber100.com

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

İyulun 16-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, ƏMDK-nın dövlət əmlaklarının özəlləşdirilməsində tətbiq etdiyi innovativ hərrac sistemi prosesdə iştirakı investorlar üçün daha əlçatan edir. Hərraca çıxarılmış bütün dövlət əmlakları üzrə elektron seçim və sifariş, o cümlədən özəlləşmədə virtual iştirak imkanı hər kəs üçün hərraclara onlayn qoşulmaq fürsətləri yaradır. Açıq və şəffaf hərraclardakı müasir şərait investorların dövlət əmlaklarının özəlləşdirməsinə marağını artırmağa, eləcə də vətəndaş məmnuniyyətinin və rahatlığının təminatına yönəlib. Eyni zamanda, bu üstünlüklər özəlləşdirməni sürətləndirir, fərqli iqtisadi sahələr üzrə yeni biznes obyektlərinin yaranmasına və inkişafına dəstək verir.Budəfəki hərracda 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirildi. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87,4 kvadratmetr olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirilib.Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak etdi. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirib.Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçib. İlkin hərrac qiyməti 3 min manat olan “Nissan Maxima” markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi olub.Cari ilin ilk 6 ayında komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilib, 270-dək dövlət əmlakı özəlləşdirilib. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilib, 4 dövlət əmlakının hərracında sifarişçilər “Elektron hərrac” proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.xeber100.com  

İyul 16, 2019 20:26

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müraciəti…

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.DANX-dən Azərtac-a bildirilib ki, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus “Mercedes Vito” markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib və bunlardan 3-ü azyaşlıdır. Dəfələrlə sərnişinlərə müntəzəm qanuni daşımalardan istifadə edərək ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edilir. Qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirilən monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlərin bu cür işbazları müdafiə edərək qohum olduqlarını iddia etmələri nəticəsində arzuolunmaz bu cür hallarla müşayiət olunur.Respublikanın sərnişin axını sıx müşayiət edilən bütün avtovağzallarından mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün sərnişinlər heç bir problem olmadan qanuni daşımalarla səfərlərini daha təhlükəsiz başa vura bilər. Sərnişindaşıma üçün standartlara cavab verməyən mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır.xeber100.com

İyul 9, 2019 16:34

Dünya Bankı Azərbaycanda aqrar sektorun inkişafına dəstək göstərəcək

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenösun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azərtac-a bildirilib ki, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkəmizdə aqrar sahədə həyata keçirilən layihələr barədə məlumat verib.Görüşdə Dünya Bankının Azərbaycanın aqrar sektoruna maliyyə dəstəyinin göstərilməsi sahəsində əvəzsiz rolu, “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin məqsəd və komponentləri, layihə çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər, innovativ texnologiyaların rəqabətqabiliyyətli məhsul istehsalında rolu və digər məsələlərə toxunulub.S. Molenös bu illər ərzində aqrar sektorda səmərəli əməkdaşlığa və fəaliyyətə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edib. O, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatının inkişafında iştirak imkanları və həyata keçirilən layihələrin səmərəliliyi haqqında məlumat verib. S.Molenös təmsil etdiyi qurumun gələcəkdə rəqabətqabiliyyətli məhsul istehsalına təkan verən innovativ texnologiyaların aqrar sektorda tətbiqi və təşviqi istiqamətlərində əməkdaşlığın daha da gücləndirilməsinin, Azərbaycanda həyata keçirilən layihələrin aqrar tədqiqat və təhsil, toxumçuluq sektorunun inkişafı sahəsindəki önəmini vurğulayıb.Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bu illər ərzində Dünya Bankının xətti ilə icra olunan layihələrin institutun modernləşdirilməsində, tədqiqat proqramlarının təkmilləşdirilməsində, maddi-texniki bazasının gücləndirilməsindəki rolundan bəhs edib.Sonra tədbir iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dənin keyfiyyəti laboratoriyasında, toxum emalı müəssisəsində və digər sahələrdə olublar. Burada Dünya Bankının xətti ilə verilmiş avadanlıqlara baxış keçirilib və aparılan işlərlə tanışlıq olub. Görüş iştirakçıları institutun tədqiqat və sortların inkişafı proqramına göstərilən dəstəyin nəticələrini yüksək qiymətləndiriblər.Görüşdə Dünya Bankının gələcəkdə də Azərbaycanda aqrar sektorun inkişafına öz dəstəyini göstərəcəyi vurğulanıb.Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbər şəxsləri, həmçinin Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və digər məsul şəxslər iştirak ediblər.xeber100.com

İyul 6, 2019 15:51