“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub

16 Aprel 2018 14:46

Xəbər 76 dəfə oxunub

Aprelin 16-da Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlik barədə məlumat verib.Əvvəlcə iclasda “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meyilinin təşəkkülü, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sairə daxildir. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.Qeyd olunub ki, peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Qanuna, bu qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.Deputatlar “Peşə təhsili haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.İclasda cari məsələlər də müzakirə olunub.Müzakirə olunan qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Reklam

İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq.UNEC-dən Azərtac-a bildiriblər ki, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. Birinci ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. İkinci qrupda isə ixtisasların sayı artırılıb. İkinci ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestr ərzində Bakıda davam etdirə biləcək. Eyni zamanda, imtahanlarda ən yüksək nəticə göstərən üç tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək.xeber100.com

İyul 17, 2018 12:50

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini elan edib. İmtahanların nəticələri artıq mərkəzin internet saytında yerləşdirilib. Abituriyentlər DİM-in internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan nəticələrini mobil telefonla 7727-yə iş nömrəsini göndərməklə də öyrənmək mümkündür.DİM-dən Azərtac-a bildirilib ki, imtahan nəticələrinə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 18116 abituriyentdən 3001-i imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12-si imtahan qaydalarını pozduğu üçün xaric olunub və nəticələri ləğv edilib.Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4437 abituriyentdən 721-i imtahana gəlməyib. İmtahana qatılan abituriyentlərdən biri qaydaları pozduğuna görə xaric olunub və nəticələri ləğv edilib.Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarına qatılmayan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.Qeyd edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına iyulun 12-dən 13-nə kimi saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini gətirməklə şəxsən müraciət edə bilərlər.xeber100.com

İyul 12, 2018 11:23

Növbəti imtahanlarda 26014 nəfərin iştirak edəcəyi gözlənilir

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da növbəti imtahanlar keçirəcək.DİM-dən Azərtac-a bildiriblər ki, doqquz şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq imtahanlarda ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları; ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiqləyən sənədin əslini:a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq aşkarlanan şəxslər imtahan binasına buraxılmayacaqlar.xeber100.com

İyul 9, 2018 11:07

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.DİM mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İyulun 9-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 9-11 iyul 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.xeber100.com

İyul 8, 2018 14:58

Təhsil Nazirliyinin məlumatı əsasında…

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanacaq.Bu proses iyulun 8-dək davam edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyulun ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladıqları bal iki təqvim ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.xeber100.com

İyun 29, 2018 10:27

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, Bakıda keçiriləcək imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və üç saat davam edəcək.İmtahanda iştirak üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Onlara buraxılış vərəqəsi ilə yanaşı, “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Kitabçada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda namizəd imtahana buraxılmayacaq. Həmçinin imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib ediləcək və onlar binadan uzaqlaşdırılacaqlar.xeber100.com

İyun 29, 2018 10:25

Dövlət İmtahan Mərkəzi 70081 şagird üçün buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39 min 554, XI sinif üzrə 30 min 527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.DİM-dən Azərtac-a bildirilib ki, iyunun 27-də ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Doqquzuncu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10-da başlayıb və bir saat 30 dəqiqə davam edəcək. XI sinif şagirdləri üçün isə imtahan saat 15-də başlanacaq və iki saat 45 dəqiqə müddətində aparılacaq.İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq, imtahan prosesini yaxından izləyəcək.Xatırladaq ki, iyunun 28-də isə M.Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.xeber100.com

İyun 27, 2018 12:54