“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub

16 Aprel 2018 14:46

Xəbər 904 dəfə oxunub

Aprelin 16-da Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlik barədə məlumat verib.Əvvəlcə iclasda “Peşə təhsili haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meyilinin təşəkkülü, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sairə daxildir. Peşə təhsili müəssisələrində təhsil müvafiq dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanların bilik, bacarıq və vərdişlərinin mənimsənilməsini, ixisaslarının daim artırılmasını, eyni zamanda, onların zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Peşə təhsili təhsilalanların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik marağı və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.Qeyd olunub ki, peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Qanuna, bu qanuna, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.Deputatlar “Peşə təhsili haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.İclasda cari məsələlər də müzakirə olunub.Müzakirə olunan qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Bakı Dövlət Universitetinin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq. BDU-dan bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib. İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.xeber100.com

Mart 29, 2024 16:21

VII qrant müsabiqəsi çərçivəsində intellektual yarış layihəsi öz işini davam etdirir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş “Sən elə bir Zirvəsən-100” məktəblilərarası intellektual yarış layihəsi öz işini davam etdirir. Bu barədə 189-190 nömrəli tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, icra planına əsasən layihə rəhbəri, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, layihənin aparıcısı və təlimçi Rifah Zeynalov, eksperti Elnarə Nərimanova və yarışda iştirak edəcək 16 məktəbin təşkilatçı rəhbərləri ilə görüş keçirilib, onlara yarışın qaydaları barədə məlumat verilib. Fayaz Hüseynov layihənin məktəblər arasında əməkdaşlığa, şagirdlərdə liderlik bacarığının formalaşdırılmasında böyük rolu olacağını söyləyib. Qeyd edək ki, 16 komanda 2 qrupa bölünərək yarış keçirilib və yarımfinal turunun qalibləri bəlli olub. Yarışda A qrupunda 2 texniki-humanitar liseyin “DDK” komandası, 7 nömrəli məktəb liseyin “Versus”, 8 nömrəli tam orta məktəbin “Zirvə”, 16 nömrəli texniki-humanitar liseyin “Dəmir yumruq”, 18 nömrəli tam orta məktəbin “Batalyon”, 49 nömrəli tam orta məktəbin “Qarabağ”, 53 nömrəli tam orta məktəbin “Xudafərin”, 60 nömrəli tam orta məktəbin “Flaqman” komandaları mübarizə aparır. B qrupunda isə 20 nömrəli məktəb-liseyin “Triumf”, 50 nömrəli məktəbin “Gənc Heydərçilər”, 147 nömrəli tam orta məktəbin “Mübarizlər”, 160 nömrəli tam orta məktəbin “ 160%”, 167 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası, 175 nömrəli tam orta məktəbin “Xəyal”,189-190 nömrəli tam orta məktəbin “Clever”, 236 nömrəli tam orta məktəbin “Zəfər” komandaları qalibiyyət uğrunda bilik yarışında mübarizə aparırlar. Yarışmaya aid foto və videolar daim layihənin feysbuk səhifəsində paylaşılır.xeber100.com

Dekabr 19, 2023 13:53

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayını təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 3165, rus bölməsi üzrə 365, hər iki bölmənin birgə müsabiqəsi üzrə 570 olmaqla cəmi 4 min 100 plan yeri nəzərdə tutulur. 3045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır. Qeyd edək ki, psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 85 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Avqust 26, 2023 18:25