“Qarabağnamə” tamaşası nümayiş olunacaq

10 Yanvar 2019 12:50

Xəbər 128 dəfə oxunub

Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Yanvarın 20-də nümayiş ediləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.xeber100.com

İyun 18, 2019 17:14