Rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir

8 Fevral 2017 13:31

Xəbər 1194 dəfə oxunub

Kinooperator işində sənətkarlıq nümayiş etdirən onlarla operatorlar var ki, onların hər biri Azərbaycan kinosunun yaranma tarixində böyük rol oynayıblar. Əlisəttar Atakişiey, Xan Babayev, Muxtar Dadaşov, Valeri Kərimov kimi kinematoqrafçılarımız dünyasını dəyişsə də yaratdıqları sənət nümunələri ilə hər zaman xatırlanırlar.  Bir vaxtlar adlarını çəkdiyimiz kinematoqrafçılarla  çiyin-çiyinə çalışanlar var ki, hazırda onlar müdrik yaş dövrünü yaşayırlar. Kənan Məmmədovu, Hüseyn Mehdiyevi, onlardan sonra kinematoqrafiyaya gələn kinooperator Rafiq Quliyev kimi kinematoqrafçılar da ustadlar qədər bu sənətdə fədakarlıq nümayiş etdirə bildilər. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan Rafiq Quliyevlə elə dərs dediyi İncəsənət Universitetində söhbət etdik…

-Rejissor M.Kosırevlə çəkdiyiniz  “Gənc Mixailin görüntüsü” adlı diplom filminiz Monreal film festivalında “Ən yaxşı film” və “Ən yaxşı fantaziya” mükafatlarına layiq görülüb ki, nəticədə də festival rəhbərliyi tərəfindən “Tələbə Filmlərinin Ümumdünya Proqramı”na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. Bu da o deməkdir ki, siz şansı məhz tələbəlik illərində əldə etmisiniz və hələlik son uğur kimi diqqətdə dayanan “Çölçü” filmi də bunu bir daha sübut edir.

-Əslində mənim şansım Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olanda Vladimir Vasilyeviç Monaxovun kursuna düşməyimlə başladı. Bu artıq mənim ikinci təhsilim idi. Öncə Teatr rejissorluğunu qiyabi oxumuşdum və kinostudiyada işləyirdim. Ancaq hiss etdim ki, bu bilik məni qane etmir və kinooperatorluq fakultəsinə hazırlaşdım.

-Maraqlıdır, ikinci təhsili kinorejissorluğu deyil, məhz kinooperatorluq üzrə aldınız…

-Bunun səbəbini belə izah edərdim. Mən tanınmış sənədli film ustadı rejissor-operator Kalyaginlə bir yerdə çalışdığım zaman ondan sənətlə bağlı çox şey öyrəndim, ümumiyyətlə kinematoqrafiyaya olan sevgini məndə o aşılamışdı. Ondan öncə isə Hüseyn Mehdiyevin yanında ikinci operator olaraq “Babamızın babasının babası, “İşgüzar səfər” və s. filmlərdə çalışdıq və Hüseyn müəllimdən də çox şey öyrəndim və o da mənə başa saldı ki, mən mütləq təhsilimə davam etməliyəm. 1982-1987-ci illər Moskvada təhsilimə davam etdiyim illər olaraq yadımdadır. Hazırda dünya ölkələrində yaşayan sənətkarların əksəriyyəti ilə Moskvada böyük bir təhsil sistemi keçdik. Etiraf edim ki, sənətkar kimi formalaşmağımda Moskva təhsil sistemi böyük rol oynadı.

-Ümumiyyətlə Sovet kino məktəbində təhsil alanlar Azərbaycan kino məktəbinin yaranmasında böyük rol oynayıb…

-Çünki Sovet kino məktəbi dünyanın ən aparıcı məktəblərindən biri idi. Çünki orda bütün millətlərin nümayəndələri təhsil alırdı və biz bir-birimizin mədəniyyətimizi, ədəbiyyatımızı, həyata olan baxışımızı, fəlsəfmizi görüb, öyrənirdik. Belə bir mühitdə formalaşaraq özünüdərk prosesini, kamillik yolunu keçirdik. Özünə qarşı, işinə qarşı olan tələbkarlıq, tənqid və s. hamısı məhz o mühitdə formalaşdığım dövrdən yaranıb. Təhsil aldığım illərdə bir çox filmlər çəkdim ki, onların da hər birini rus, türk, ispan, ərəb, azərbaycanlı və b. rejissorlarla çəkdim, ancaq qazandığım təcrübəyə baxmayaraq mənə elə gəlirdi ki, hələ tam olaraq operator kimi yetişməmişəm. Bəlkə də insanın özünəqarşı tələbkar olması ona görə yaxşıdır ki, hər dəfə qazandığın uğurda yerində saymırsan, “daha yaxşı ola bilərdi” fikri ilə davam edirsən.

-Moskvadan döndükdən sonra ilk olaraq “Yaramaz” filmində ikinci operator olaraq çalışsanız da bildiyim qədərilə əslində filmi əsas məsuliyyət yükünü siz daşımısınız…

-Aleksandr İlxovski müəyyən məsələlərə görə filmin axırına yaxın çıxıb getdi və məhz bu səbəbdən filmi mən tamamladım. Ümumiyyətlə filmdə elə kadrlar var ki, mənim çəkilişlərimdir. Yəni beləliklə də mənim operataor olaraq sərbəst fəaliyyət  dövrüm başladı və bu günə qədər də bu sənətin hər xırdalığını öyrənirəm və tələbələrimin peşəkar kimi yetişməsi üçün onlarla mütəmadi məşğul oluram.

-Operator kimi çəkdiyiniz bədii filmlərin, qısametrajlı filmlərin, sənədli filmlərin sayı-hesabı yoxdur. Hansı filminiz sizin operatorluq imkanlarınızı tam olaraq açıb?

-Çəkdiyim bütün filmlər birbaşa marağımda olan mövzular üzərində qurulub. Yəni, mən operator olaraq düşündürməyən mövzularda olan filmləri çəkməmişəm, ciddi mövzular mənim üçün əsasdır. “Cansıxıcı əhvalat” filmində rejissor Cəmil Quliyevlə birgə mövzu üzərində olan iş prosesi mənim operator kimi imkanlarımın açılmasında böyük rol oynayıb, hətta eyni hissləri “Çölçü” filmində də hiss etmişəm. Hər iki film mənə çox əzizdir, çünki hər iki filmdə operator duyumu çox güclüdür.

-Xarakter etibarilə ustadınız Hüseyn Mehdiyevlə oxşar cəhətləriniz çoxdur. Mövzu seçimi, ciddi yanaşma, tələbkarlıq və s…Əslində demək olarmı ki, çalışdığınız rejissorlar sizinlə hesablaşmalıdır?

-Mən rejissorla hesablaşaram, ancaq o rejissorla ki, o nə çəkdiyini bilsin, məni inandıra bilsin, mövzunu mənim üçün aça bilsin. Mövzunu içindən keçirib onunla yaşamağı bacaran rejissorlarla işləmək mənim üçün daha önəmlidir. Çox təəssüf ki, belələri çox azdır…

-Kinostudiyadakı fəaliyyətinizlə yanaşı bir müddət Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran “Xəzərdən dünyaya” verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil etmisiniz. Bu, çox az bir müddəti əhatə edir…

-1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışdım və bir çox işlərə imza atdım, hətta paralel olaraq elmi işlə də məşğul olurdum. Bilirsinizmi mən aktif fəaliyyəti xoşlayan insanam. Mənim üçün çəkiliş meydançası həyatdır. Əgər mən işlə məşğul olmuramsa o zaman sanki həyatımı itirmiş oluram, nəfəsim daralır, qocalıram…Bir etirafı edim. “Çölçü” filmindən və filmə münasibətdən  sonra qismən bədbinləşən Rafiq Quliyev daxilən o qədər qocalmışdı ki, hətta kinodan uzaqlaşmaq qərarına gəlmək istədi. Filmin dəyərini anlamayanların münasibəti  yaradıcı heyətə çox pis təsir edirdi ki, bu da filmin operatoru olaraq məndən də yan keçməyə bilməzdi. Ancaq bunun da öhdəsindən gələ bildim, artıq “yenidən davam” deyirəm. Çünki elə bir proses baş verdi ki, mən sənətə lazım olduğumu anladım.

-Yeri gəlmişkən, ətrafın münasibəti sizə nə dərəcədə təsir edir…Tutaq ki, ustad sənətkarın biri sizin gördüyünüz ərsəyə gətirdiyiniz sənət nümunəsi haqqında hər hansı bir mənfi fikir söyləyə bilər, bir də var, anlayışı belə olmayan hər hansı bir fikir söyləməklə mənfi təsir göstərir…

-Özümlə bağlı heç bir fikir məni incitməz.  Problem ondadır ki, sənətə qarşı olan fikirlər məni incidə bilər. Müsbət və ya mənfi fikir yürütmək odur ki, yaratdığın sənət nümunəsi yaşayır ki, üzərində mübahisələr gedir. Tənqid hissini normal qarşılayıram, çünki bu insana stimul verir.

-Elə ola bilər yaradılan sənət nümunəsindən xəbərsiz  biri korkoranə tənqid edə, zənnimcə bu durum heç də könülaçan deyil…

-Bilirsinizmi sənət adamı çox həssas olduğu üçün gördüyü işlərə qarşı yaxşı fikirlər eşitməyi xoşlayır. Şəxsən mən buna  qarşıyam, bu barədə bir qədər fərqli düşünürəm, daha sərt mövqedə dayanıram. Düşünürəm ki, tərifdən uzaq durmaq lazımdır, çünki məni belə formalaşdırıblar. Tərif insanı məhvə apara bilər, ancaq tənqid insanın işində ən böyük güc vasitəsidir. Hətta korkoranə tənqiddə belə müsbət tərəfləri axtarıb tapmaq mümkündür. Təsəvvür edin ki, min bir zəhmətlə yaradılan yeni bir sənət nümunəsi haqqında jurnalistlərin kinoşünas iddiasında olaraq  vətəndaş mövqeyindən fikir buildirməsi nə dərəcədə doğrudur?!  Mən demirəm ki, bilikləri aşağı səviyyədədir, sadəcə iddia yanlışdır. Sənətşünaslar hardadır, niyə sənətşünaslar yoxdur? Yaradıcı insanların xofundan qorxub öz mövqeyini ortaya qoyanlar, sağlam analizlər edən insanlarımız azdır. Hazırda kinoda yaranmış meşə qanunlarını düzgün məcraya yönəltsinlər, tör-töküntüdən, “cəsədlər”dən təmizləsinlər. Bu onların missiyası idi. Çox təəssüf ki, durum göz qabağında, zənnimcə bütün bunlarla mübarizə aparmaq lazımdır. İlk növbədə  sağlam tənqid olmalıdır, sağlam fikir yürüdülməlidir ki, bunu da ancaq kinoşünaslar edə bilər. Ancaq kinoşünaslıqda yaranmış problemlər bizi illərdir geridə qoyub. Sağlam analiz yoxdur. Tutaq kı, filmin tənqidinə yer verilir, ancaq ortaya vətəndaşlıq mövqeyi qoyulur “Azərbaycanlı bunu edə bilməzdi” kimi. Axı bu filmi azərbaycanlı çəkibsə, deməli edə bilərdi də. Ya da ki, mənim xoşuma gəlir və ya gəlmir səviyəsində rəy verilir. Analiz lazımdır, niyə xoşuna gəlir və ya əksinə. Bütün bunlar məni çox narahat edir.

-Bu narahat məqamlardan sizi uzaqlaşdıraraq bir qədər dünya kinosunda olan durumla söhbətə davam etməyi təklif edirəm. Hazırda sadəcə Azərbaycan kinosunda deyil, eləcə də dünya kinosunda rəqəmsal mərhələ başlayıb. Klassik kino təhsili alan bir operator olaraq bu durumu necə dəyərləndirisiniz?

-Əgər Azərbaycan kinosu dünya kinosu ailəsinə daxil olmaq istəyirsə o zaman mütləq rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir və rəqəmsal texnologiyaların milli kinematoqrafiyada istifadəsinə maksimum şərait yaradılmalıdır. Ancaq bu o demək deyil ki, biz klassik ənənələri unutmuş olaq. Əlbəttə ki, məzmun baxımından, yanaşma baxımından klassik ənənələrimizi unutmadan yeni formalar və bu formaların müasir texnologiyalar vasitəsilə həyata keçirməyə səy göstərməliyik.  Onu da qeyd edim ki, Azərbaycanda ilk dəfə rəqəmsal mərhələyə mən bir operator kimi “Vəkil hanı”(2010-cu il) filmi ilə başladım. İlk dəfə bu texnologiyalarla çəkmək üçün mən Moskva və Gürcüstanda ezamiyyətdə oldum, kurs yoldaşlarım və bu texnologiyalarda çalışa bilən sənətkarlardan çox şey öyrənmək üçün testlər apardım. Bunun da səbəbi o idi ki, rəqəmsal  texnologiyalarda işləmək, kinolentdə işləməkdən daha çox məsuliyyət tələb edir. Bir çox məmurlar və çox təəssüf ki “sənətkarlar” düşünürlər ki, əgər biz rəqəmsal  texnologiyalarda təsviri vizual nəzarət vasitəsilə idarə edə biliriksə, yəni onun fotoqrafik keyfiyyətini, kadrdaxili informasiyanı, mizanları, kompozisiyanı və s. kifayət edirsə başqa heç bir şey lazım deyil. Ancaq rəqəmsal texnologiya 3-cü ölçünün yaradılması baxımından, işıq rəsmindən daha incə işləmək tələbini  irəli sürür. Kinolentdə təsvir dərinliyini almaq üçün kinolentin özündə xüsusi təbəqələr bir-birinin üzərində müəyyən mikronlarla, müəyyən ölçü vahidini bölür ki, nəticədə də bu dərinlik ekranda qabarmış olur. Ancaq rəqəmsal texnologiyalarda bu yoxdur. Sadəcə bir səthin üzərində təsvir qurulur. Bu baxımdan daha incə işləmək lazımdır ki, bu da böyük məsuliyyət tələb edir. Doğrudur ki,  rəqəmsal texnologiyalar istənilən mövzunun açılışına, yozumun ifadəsinə daha geniş imkanlar açır. Yəni, daha rahat, çəkdiyini transformasiya edərək istənilən variantı, üslubu əldə edə bilirsən. Ancaq bunun üçün daha geniş  bilgilərin, peşə vərdişləri tələb olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycan kinosunda böyük problemlər var. Və bu problemlərin aradan qalxması  üçün çalışmalıyıq.

 

 

Azərbaycan Kinosunun yaranmasından 121 il keçir

Bu gün Azərbaycan Kinosu Günüdür, kinomuzun yaranmasının 121-ci ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.xeber100.com  

Avqust 2, 2019 12:31

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə…

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər: Əlizadə Oqtay Mahmud oğlu Rzayev Nazim İsrafil oğlu Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Vidadi Hüseyn oğlu Həsənov Vidadi İsmail oğlu Quliyeva Xalidə Camal qızı “Əməkdar incəsənət xadimi” Azay Adil Çərkəz oğlu “Əməkdar artist” Əlilicanzadə Qorxmaz Məmməd oğlu Namazov Zilli Yunus oğlu “Əməkdar mədəniyyət işçisi” Ağayev Nəsir İsmayıl oğlu Dadaşova Nelli Hacı qızı Hüseynov Nazim Fikrət oğlu Quliyev Babək Barat oğlu Mahmudova Zəkiyyə Güləmi qızı Məmmədov Əli Bala Ənvər oğlu Muxtarova Tamilla Muxtar qızı Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Babayeva Zemfira Baba qızı Sadıxova Zemfira Emin qızı Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.xeber100.com  

Avqust 1, 2019 12:33

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59

Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.Azərtac xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.xeber100.com

Avqust 2, 2018 12:21

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56