Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tibbi aksiya keçiriləcək

13 Fevral 2019 14:55

Xəbər 94 dəfə oxunub

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçiriləcək.Komitədən Trend-ə verilən məlumata görə, rayondakı məcburi köçkünlər üçün salınmış qəsəbədə təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həkim briqadası iştirak edəcək. Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödəniş əsaslarla müayinə olunacaq, lazımi həkim məsləhəti ala biləcəklər.Bu cür tibbi aksiyaların respublika ərazisində məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.xeber100.com

Reklam

V Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək

Mayın 3-5-də tibbin bir sıra digər sahələrinin aktual problemlərinə həsr olunmuş beynəlxalq səviyyəli V Azərbaycan-Alman-Türk Tibb Konqresi və V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümovun Azərtac-ın müxbirinə verdiyi məlumata görə, konqres zamanı referent qismində Almaniya, Türkiyə, İsveçrə, Avstriya və Ukraynanın tanınmış universitet klinikalarında çalışan 20-dən çox mütəxəssis tərəfindən oxunulacaq mühazirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcək.Konqreslə yanaşı laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiyaya həsr olunmuş təqribən 300 nəfərə qədər iştirakçının cəlb ediləcəyi V Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək. Treninqlər Avropada Davamlı Tibb Təhsili və Mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir tədris proqramları və treninq protokolları əsasında mulyajlardan və xüsusi simulyatorlardan istifadə edilməklə canlı heyvan orqanları üzərində aparılacaq.Konqres və treninqlərlə yanaşı Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin keçirilməsi də planlaşdırılır.xeber100.com

Aprel 29, 2019 12:13

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin məlumatı

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) iyunun 7-9-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresini təşkil edəcək.AÜDCC-dən Azərtrac-a verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.Bundan başqa “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin XV Konfransı da təşkil olunacaq.Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, əvvəlki konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə bilər.Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaradacaq. Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu təşkilatın XV Konfransı da Bakıda keçiriləcək.Professor Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqresə 24 Kredit balı verilib. Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 Kredit balının 24-nü toplamaq olar.Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.xeber100.com

Aprel 25, 2019 13:02

Dünya Səhiyyə Təşkilatının məlumatna görə…

Son vaxtlar reklam sənayesi uşaq və yeniyetmələrə münasibətdə çox aqressiv üsullarından istifadə edir, onlara sosial şəbəkələr və nəzarət edilməsi çətin olan mobil qurğular vasitəsilə təsir göstərir.Azərtac Dünya Səhiyyə Təşkilatına (DST) istinadla xəbər verir ki, DST internet şəbəkəsində spirtli içkilərin, tütün məmulatlarının və qeyri-sağlam, xüsusən tərkibində duz, şəkər və piyin miqdarı çox olan qida məhsullarının marketinqi sahəsinə nəzarəti gücləndirməyə çağırır.2010-cu ildə DST uşaqlara ünvanlanmış reklam barədə tövsiyələr qəbul edib. Lakin böyuməkdə olan nəsil hələ də qeyri-sağlam qida məhsullarının, tütün məmulatlarının və alkoqollu məhsulların onlayn marketinq mexanizmlərinin təsirinə məruz qalır. Halbuki siqaretçəkmə, alkoqollu içkilərə meyillilik və düzgün olmayan qidalanma ciddi xəstəliklərin inkişafına, o cümlədən piylənməyə səbəb olur. Bununla əlaqədar, DST hesab edir ki, dövlətlər onlayn reklamı daha diqqətlə izləməlidirlər.Bu gün uşaqlar internetdə, o cümlədən sosial şəbəkələrdə getdikcə daha çox vaxt keçirir, buna görə də rəqəmsal marketinqin təsirinə çox məruz qalır. Lakin rəqəmsal məkanda uşaqların davranışı və bu məkanın onlara təsiri barədə təsəvvür yarada biləcək araşdırmalar çox cüzidir.Məruzə müəllifləri rəqəmsal marketinqin uşaqlara təsirinin monitorinqi üçün ən qısa müddətdə xüsusi vasitələr yaratmağa və tətbiq etməyə çağırırlar.xeber100.com

Mart 18, 2019 12:44

Qriplə mübarizədə yeni strategiya hazırlanıb

Hər il 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Dünya Səhiyyə Təşkilatında (DST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, bu təhlükəli virusun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim ediblər.Azərtac Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, yeni strategiya 2030-cu ilədək olan dövr üçün nəzərdə tutulub.DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır.“Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də mövcuddur. Fikrimcə, pandemiya təhlükəsi tamamilə real ola bilər”, - deyə DST başçısı bildirib.Hər il qrip səbəbindən 290 mindən 650 min nəfərədək insan həyatla vidalaşır. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi şəkildə yerini dəyişməsi nəticədə növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.11 illik strategiya təsiredici milli proqramları işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.DST-də Madaqaskarda 2002-ci ildə qrip virusunun yayılmasını xatırladıblar. O zaman xəstəliyə yoluxanların 2,5 faizi ölmüşdü. Buna qədər qripin ən təhlükəli pandemiyası 1918-1919-cu illərdə baş verib.DST başçısı qriplə mübarizədə sayıqlıq göstərilməsinə və lazımi vəsaitin ayrılmasına çağırıb.xeber100.com

Mart 12, 2019 14:49

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən…

Azərbaycanda ötən ilin dekbar ayından indiyədək 150-dən çox insan qızılcaya yoluxub.Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayı və bu ilin yanvar ayında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu təsdiqini tapıb. Fevral ayında isə yoluxmaların sayı 50-dən çox olub:“Xəstələnmə səviyyəsi demək olar ki, eynidir, amma son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir. Çünki ərazilərdə peyvənddən kənarda qalan uşaqların buna cəlb edilməsi işi daha da gücləndirilib, gücləndirilmiş qaydada əks-epidemik tədbirlər həyata keçirilib, xəstələrin izolyasiya edilməsi, müayinə və müalicəyə cəlb edilməsi vaxtında həyata keçirilib. Hazırda bu tədbirlər davam etdirilir”.A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənd olunmayan 20-40 yaşlı şəxslərdir.Mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq: “Hazırda insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxın artıq qeydə alınmayacaq”.Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi Azərbaycanda qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyini açıqlayıb:"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları, əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".xeber100.com

Fevral 27, 2019 13:08

Dünya Səhiyyə Təşkilatının müraciətinə əsasən…

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunda mövsümi qrip təhlükəsini xatırladaraq, region əhalisini peyvənd olunmağa və yoluxma halları zamanı dərhal müalicəyə başlamağa çağırıblar. Hər il payız-qış mövsümü ərzində şimal yarımkürəsinin əhalisinin təxminən 20 faizi qripə yoluxur.Azərtac DST-nin mətbuat üçün hazırladığı məlumata istinadla xəbər verir ki, hazırkı mövsümdə Avropada A tipli qripə daha çox rast gəlinir.Son vaxtlar regionda qripə yoluxma hallarının sayı artıb.23 dövlətdən daxil olan məlumata görə, ümumilikdə, bu mövsüm qripdən ölənlərin sayı ötən bir neçə ilin analoji dövrü ilə müqayisədə göstəriciləri üstələmir. Lakin bir sıra ölkələrdə yaşlılar arasında qripdən ölüm halları artır.DST-də bir daha region sakinlərini qrip əleyhinə vaksinlərə laqeyd yanaşmamağa çağırıblar. Həkimlər xatırladıblar ki, qripə yoluxduqdan sonra ağırlaşmaların inkişafının yüksək risk qrupuna yaşlı insanlar, hamilə qadınlar, azyaşlı uşaqlar, zəif immunitetə və xroniki patologiyalara malik insanlar daxildir. DST-də, həmçinin bütün tibb işçilərinə peyvənd etməyi məsləhət görürlər.DST ekspertləri qrip əleyhinə vaksinlərin regionda dövr edən A tipli (H3N2), A tipli (H1N1) və B tipli bütün qrip viruslarını əhatə edəcəyi qənaətindədirlər.xeber100.com

Yanvar 29, 2019 11:44

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

1 oktyabr - Dünya Görmə Günü hər il oktyabrın ikinci cümə axşamı qeyd edilir. Bu tarix Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilib. Həmin gün kor, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.Azərtac xəbər verir ki, xroniki korluğa səbəb olan problemlər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığıdır. Statistikalara əsasən dünyada gözlə bağlı yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi səbəb olur.Dünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə “Baxış 2020: görmə haqqı” beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 300 milyon insan görmə problemləri ilə üzləşir ki, onların da 40 milyonu ümumiyyətlə görmür. Bundan əlavə bildirilib ki, dünyaya gələn körpələrin 217 milyonunda ağır görmə,19 milyondan çoxunda isə ümumi gözlə bağlı zəiflik müşahidə olunub. Yaşı 50-ni ötmüş əhalinin 65 faizi gözlə bağlı bir sıra patoloji hallarla rastlaşır. Görmə pozuntuları ilə üzləşənlərin 65 faizi 50 və daha yuxarı yaşda olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz halda korluğun qarşısını almaq mümkündür.Dünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.Bununla yanaşı göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür.xeber100.com

Oktyabr 11, 2018 14:11

Bu gün Beynəlxalq Oftalmologiya Günüdür

8 avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.Azərtac xəbər verir ki, Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.Artıq on dörd ildir ki, qeyd edilən bu gün təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə 180 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Xüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.Azərbaycanda gənc oftalmoloqların hazırlanması və oftalmologiyanın inkişafına Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir.xeber100.com

Avqust 8, 2018 10:29