Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

30 Noyabr 2018 15:27

Xəbər 114 dəfə oxunub

Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.Azərtac xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında “qərar” sözündən sonra “sərəncam” sözünün əlavə edilməsi təklif olunur.Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.xeber100.com

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Mayın 17-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Saziş layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.Sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri bildirib ki, ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır.Layihə barədə məlumat verən Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov deyib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib. Bugünkü dəyişikliklər isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur.Müzakirələr zamanı çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və Elşən Musayev Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər, qeyd və təkliflərini veriblər.Sonda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.xeber100.com

May 17, 2019 15:05

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, sədr əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ağır şəraitdə yaşayanlar müəyyənləşdirilib yeni mənzillərə köçürülürlər.Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.xeber100.com

May 7, 2019 14:40