Topaz Premyer Liqasının XV turuna start veriləcək

2 Fevral 2019 10:57

Xəbər 36 dəfə oxunub

Fevralın 2-də qış fasiləsindən sonra Topaz Premyer Liqasının XV turuna start veriləcək.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək XV turun ilk oyunu Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. “Zirə” komandası “Sabah”ı qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 16:30-da başlayacaq.Bu komandalar cari mövsümdə iki dəfə üz-üzə gəliblər. Hər iki oyunda “Sabah”a məğlub olan Samir Abasovun yetirmələri bu dəfə qalib gələrək sonuncu pillədən qurtulmağa çalışacaqlar. Elşad Əhmədovun yetirmələri əvvəlki iki görüşdə “Zirə”ni iki qolla məyus edə bilib. Hazırda “Sabah” 17 xalla turnir cədvəlində dördüncü, “Zirə” isə 10 xalla səkkizinci pillədə qərarlaşıb.“ASK Arena”da keçiriləcək digər oyunda “Keşlə” komandası “Səbail”i sınağa çəkəcək. Komandalar indiyədək Premyer Liqada 6 dəfə qarşılaşıblar. Bu oyunların üçündə “Keşlə”, ikisində isə “Səbail” qələbə qazanıb. Digər görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də “Səbail” öndədir – 6:5. Autsayderlər sırasından uzaqlaşmaq istəyən “Keşlə” son iki oyunda Aftandil Hacıyevin komandasına 1:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv “Səbail”ə qarşı keçirdiyi son dörd qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Səbail” hazırda 21 xalla üçüncü, “Keşlə” isə 12 xalla yeddincidir. Rəhim Həsənovun idarə edəcəyi oyun saat 19:00-da start götürəcək.Turun digər qarşılaşmaları isə fevralın 3-də keçiriləcək. Günün ilk oyunu saat 14:00-da Qəbələ şəhər stadionunda başlayacaq. Meydan sahibləri “Sumqayıt” ilə qarşılaşacaqlar. Matçı Əliyar Ağayev idarə edəcək.XV turun sonuncu və mərkəzi qarşılaşmasında isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Saat 18:30-da başlayacaq qarşılaşmanın idarə olunması Rəvan Həmzəzadəyə tapşırılıb. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Hazırda 33 xalla çempionata liderlik edən “Neftçi” qalib gələcəyi təqdirdə ikinci sıradakı “Qarabağ” ilə xal fərqini 6-ya çatdıracaq.xeber100.com

Reklam

Futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində

Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qalatasaray” komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. “Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli “Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endiriblər.Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.Turun bu gün keçirilmiş digər oyunlarında “Ərzurumspor” klubu “Sivasspor”u (4:2), “Kayserispor” komandası “Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki “Trabzonspor” doğma meydanda gözlənilmədən “Alanyaspor”a məğlub olub – 0:1.Hazırda “Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.Tura fevralın 18-də keçiriləcək “Antalyaspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.xeber100.com

Fevral 18, 2019 12:48