“Trans-Adriatik” qaz boru kəmərinin 97 faizi tamamlanıb

10 Oktyabr 2018 14:53

Xəbər 141 dəfə oxunub

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya hissəsində xəndəyin qazılması işlərinin 97 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 744 kilometrində xəndəyin qazılması işləri yekunlaşıb.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında (ES) da itirilmiş gücün bərpa olunması istiqamətində işləri davam etdirir.ASC-dən Azərtac-a bildirilib ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” ES-də mövcud 18 aqreqatdan 4-ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 meqavat itirilmiş güc bərpa olunub.Eyni zamanda, işləməyən 4 aqreqatdan 1-i yenisi ilə əvəz edilib, digərinin isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 meqavat itirilmiş güc bərpa olunub. Bununla da, “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir addım atılmış olacaq.“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.xeber100.com

May 21, 2019 14:26

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində

"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Azərbaycan Mərkəzi Bankında (AMB) "MasterCard" beynəlxalaq kart təşkilatının sahəvi ekspertləri tərəfindən İqtisad Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri üçün seminar keçirilib.Bankdan Azərtac-a bildirilib ki, "Müasir ödəniş imkanları" mövzusunda təşkil edilən seminarda rəqəmsal ödənişlər sahəsində ən son innovasiyalar, trendlər, inkişaf etmiş ölkələrin təcrübələri və fintexlərin mahiyyəti barədə tələbələrə geniş məlumat verilib. Eyni zamanda, ən son texnoloji innovasiyalar əsasında maliyyə xidmətlərinin göstərilməsi üsulları, ödəniş məkanına daxil olmuş yeni iştirakçılar, NFC texnologiyalarına əsaslanan mobil ödənişlər, QR kod ödənişləri, onlardan istifadə imkanları, həmçinin bu sahədə yaranacaq risklər və onların aradan qaldırılması yolları ilə bağlı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılıb.Seminarda, həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilib və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanıb.Qeyd edək ki, Mərkəzi Bank "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.xeber100.com

May 17, 2019 15:03

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Bu il sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub. Bu sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əczaçılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, tütün məmulatlarının istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz, geyim istehsalı 10,2 faiz, poliqrafiya məhsullarının istehsalı 7,4 faiz, tikinti materiallarının istehsalı 5 faiz, hazır metal məmulatlarının istehsalı 4,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artıb. Sair nəqliyyat vasitələrinin istehsalı 4,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 14,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalıb.xeber100.com

May 14, 2019 13:07