XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib

4 İyul 2019 14:58

Xəbər 35 dəfə oxunub

İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, rəsmi açılış mərasimi “Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi “San Paolo” stadionunda təşkil olunub. Tədbirdə idmançılar, beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) nümayəndələri iştirak ediblər. Oyunların məşəlini “Napoli” komandasının futbolçusu Lorenzo İnsinye alovlandırıb.Üç saata yaxın davam edən açılış mərasimində Azərbaycan komandasının bayraqdarı cüdoçu Murad Fətiyev olub.İyulun 14-dək davam edəcək yarışlarda idmanın 18 növü üzrə 220 dəst medal uğrunda mübarizə aparılacaq. Universiadada ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma yarışlarında 22 idmançı təmsil edəcək.Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15