Yaponiya hökuməti ümumi seçkiləri oktyabrın 22-ə təyin etdi

29 Sentyabr 2017 15:45

Xəbər 121 dəfə oxunub

Gözlənildiyi kimi, sentyabrın 28-də parlamentin aşağı palatası buraxıldıqdan sonra Yaponiya hökuməti ümumi seçkiləri oktyabrın 22-ə təyin etdi.Yaponiya qanunvericiliyinə əsasən parlamentin aşağı palatasına seçkilərdə səslərin çoxunu toplayan partiyanın lideri hökumətə rəhbərlik edir. Seçkilərin tarixi barədə qərar hökumətin aşağı palata buraxıldıqdan yarım saat sonra keçirilən iclasında qəbul edilib. İclasda seçki kampaniyasına oktyabrın 10-da start veriləcəyi elan edilsə də, bu kampaniya demək olar ki, sentyabrın 25-də başlayıb. Belə ki, həmin gün axşam keçirilən mətbuat konfransında Baş nazir Şinzo Abe parlamentin aşağı palatasını buraxmaq niyyətində olduğunu açıqlayıb. Baş nazirin hesablamalarına görə, gələn ilin dekabrında gözlənilən seçkilərin daha münasib məqamda keçirilməsi hakim koalisiya üçün uğurlu nəticələr vəd edir.xeber100.com

 

Reklam

İranın Çabahar limanı Hindistanın idarəçiliyinə veriləcək

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm dayaq məntəqəsi olan İranın Çabahar limanı Hindistanın idarəçiliyinə veriləcək.Azərtac-ın verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhaninin Hindistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında əməkdaşlıq haqqında 15 sənəd imzalanıb.İmzalanan sənədlərdən biri İranın Çabahar limanının idarəçiliyinin Hindistana verilməsi ilə bağlıdır. Hindistanın baş naziri Narendra Modi ilə İran prezidenti H. Ruhaninin görüşündə Çabahar limanının idarəçiliyinin müvəqqəti olaraq Hindistana verilməsi haqqında razılıq əldə olunub.Xatırladaq ki, bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rola malikdir. Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan, Orta Asiya və Şərqi Avropa ölkələri ilə ixrac-idxal əməliyyatlarını həyata keçirmək niyyətindədir.Yüklər Hindistanın Mumbai limanından gəmilərlə İranın Çabahar limanına gətiriləcək, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə çatdırılacaq. Əks istiqamətdə daşınma da Hindistan üçün olduqca sərfəlidir.Hindistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə maraq göstərməsi İran ilə yanaşı, Azərbaycanın da iqtisadi maraqlarına uyğundur.xeber100.com

Fevral 18, 2018 13:00

“Save the Children” qeyri-hökumət təşkilatının hesabatında

Dünyada münaqişə zonalarında böyüyən uşaqların sayı getdikcə artmaqdadır. Bu barədə məlumat beynəlxalq “Save the Children” qeyri-hökumət təşkilatının hesabatında yer alıb.Azərtac xəbər verir ki, hesabatda Yer kürəsində təxminən 357 milyon uşağın, yəni, hər altı uşaqdan birinin böhran və müharibə regionlarında yaşadığı qeyd olunub. Bu isə ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 75 faiz artım deməkdir.Hesabatı təqdim edən təşkilatın rəhbəri, Danimarka hökumətinin keçmiş rəhbəri Helle Torning-Şmidt bildirib ki, dünyanın bir sıra regionlarında ölüm, işgəncə, cinsi zorakılıqla qarşılaşmalı olan uşaqların evləri, məktəb və oyun sahələri bu gün döyüş meydanlarına çevrilib. Hesabatda qeyd edilən uşaqların tam yarısı xüsusilə ağır münaqişə zonalarında (Suriya, Əfqanıstan, Somali) yaşayırlar. Fiziki və cinsi zorakılıqla yanaşı, uşaqların əsgər kimi müharibələrə səfərbər edilməsi də ən acınacaqlı problemlər sırasındadır.2010-cu ildən bəri münaqişələrdə ölən və ya yaralanan uşaqların sayında 300 faiz artım müşahidə olunub. Bununla yanaşı, döyüşlərin daha çox əhalinin sıx yaşadığı ərazilərdə baş verməsi uşaqlara humanitar yardımların göstərilməsini də çətinləşdirib. Həmçinin silahlı münaqişələrin müddətinin əvvəlki dövrlərlə müqayisədə uzanması vəziyyətin daha da dramatikləşməsinə gətirib çıxarır.1919-cu ildə İsveçrənin Sürix şəhərində yaradılan “Save the Children” qeyri-hökumət təşkilatı dünyada uşaqların hüquqlarını müdafiə edən ən böyük müstəqil qurumlardan biridir.xeber100.com

Fevral 15, 2018 15:39

Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon söhbətində ikitərəfli münasibətlər və Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.Azərtac Krallığın KİV-lərinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı aparılan “Zeytun budağı” əməliyyatının gedişi barədə Səudiyyə Kralını məlumatlandırıb. Hər iki ölkənin liderləri Suriyanın ərazi bütövlüyünə ehtiramlarını bildirərək, böhranın siyasi vasitələrlə nizamlanmasının vacibliyini, bu məsələdə birgə səylərin və əməkdaşlığın zəruriliyini qeyd ediblər.Səudiyyə Ərəbistanı Kralı Suriya böhranı ilə bağlı Cenevrə prosesini və beynəlxalq səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan, öz növbəsində, qeyd edib ki, Astana prosesi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Cenevrə danışıqlarının ayrılmaz hissəsidir. Dövlət başçıları ikitərəfli münasibətləri daha da möhkəmləndirmək əzmində olduqlarını təsdiqləyərək qeyd ediblər ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə qarşıdakı səfəri ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.xeber100.com

Fevral 14, 2018 15:14

Misir prezidentinin administrasiyası yeni paytaxtına köçürüləcək

Misir prezidentinin administrasiyası və hökuməti ölkənin tikilməkdə olan inzibati paytaxtına köçürüləcək.Azərtac xəbər verir ki, Misirin MENA informasiya agentliyinin yaydığı məlumata əsasən, bunu layihənin rəhbəri Əhməd Zəki Abdin jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət rayonunun salınması planlaşdırılan ərazidə tikinti işləri artıq başlayıb. Hökumət müəssisələri yeni administativ paytaxta 18 ay müddətində köçürüləcək. Bu, ilk növbədə prezident dəftərxanasına, Nazirlər Kabinetinə, parlamentə aiddir.Hökumət məhəlləsinin tikintisinə 35 milyard Misir funtu (iki milyard ABŞ dollarına yaxın) vəsait qoyulması planlaşdırılır. Eyni zamanda, yeni paytaxta gələn əməkdaşlar üçün yaşayış məhəllələri salınacaq və onlar burada güzəştli şərtlərlə mənzil ala biləcəklər.Yeni inzibati paytaxt Qahirədən 45 kilometr şərqdə səhrada salınacaq. Bu, əhalisi 20 milyon nəfər olan meqapolisin yükünün azaldılması ilə bağlıdır. Nazirlik və idarələrin, parlamentin, prezident administrasiyasının, ali təhsil müəssisələrinin, diplomatik nümayəndəliklərin yerləşəcəyi yeni paytaxtın ərazisi 700 kvadratkilometr təşkil edəcək. Burada yeddi milyon insanın məskunlaşacağı gözlənilir. Layihənin birinci növbəsinin dəyəri 45 milyard dollardır və hökumətin ilkin planına əsasən, bu mərhələ 2020-ci ilədək reallaşmalıdır.Bir müddət əvvəl Çinin China State Construction Engineering Corporation dövlət mühəndis-tikinti korporasiyası ölkənin yeni inzibati paytaxtında infrastruktur obyektlərinin tikintisi üçün Misir hökuməti ilə 2,7 milyard dollarlıq saziş imzalayıb.xeber100.com

Fevral 2, 2018 15:52