Yaponiya parlamentinin növbəti sessiyası işə başlayır

28 Yanvar 2019 11:50

Xəbər 62 dəfə oxunub

Yanvarın 28-də Yaponiya parlamentinin növbəti sessiyası işə başlayır.NHK telekanalı xəbər verir ki, növbəti sessiyada hakim və müxalif partiyalar arasında müxtəlif mövzularda, o cümlədən işçi qüvvəsinin səhv hesablanması ilə əlaqədar gərgin mübahisələr gözlənilir. Parlamentin sessiyasının açılış mərasimində İmperator Akihito da iştirak edəcək. Bundan sonra hər iki palatanın qatılacağı ümumi iclasda Baş nazir Şinzo Abe siyasi məruzə ilə çıxış edəcək. Üç gün davam edəcək sual-cavab sessiyasının yanvarın 30-da başlayacağı bildirilir.Hökumət və hakim koalisiya martda başa çatacaq cari maliyyə ili üçün əlavə büdcənin qəbuluna çalışır. Müxalif partiyalar isə dövlət orqanlarına etibarı aşağı salan qeyri-dəqiq dövlət statistikası məsələsini ciddi şəkildə araşdırmağa çağırırlar. Bununla əlaqədar onlar əmək naziri Takumi Nemotonun istefasını tələb edirlər.Yaponiya parlamentinin bu sessiyasının iyunun 26-dək, cəmi 150 gün davam edəcəyi bildirilir.xeber100.com

Reklam