“YUĞ” Dövlət Teatrı 30-cu teatr mövsümünə yekun vuracaq

30 İyun 2019 10:13

Xəbər 33 dəfə oxunub

İyunun 30-da “YUĞ” Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə 30-cu teatr mövsümünə yekun vuracaq.Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.xeber100.com

I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

İyulun 3-dən 7-dək ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festival UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur.Festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. Festival insanların daha rahat gəlmələri üçün Nizami küçəsində açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil ediləcək. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaq.Tədbirə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Tədbirin keçiriləcəyi ərazidə məlumat mərkəzləri yaradılacaq. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcək.xeber100.com  

İyul 2, 2019 19:14

“İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək

İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.Azərtac xəbər verir ki, iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında festivalın bədii rəhbəri Firəngiz Əlizadə festivala hazırlıqla bağlı geniş məlumat verib.Bildirib ki, Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda çoxsaylı qonaqların iştirakı gözlənilir. Festivalda Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilər çıxış edəcəklər.“Bu il artıq Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Azərbaycan Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar”, - deyə Firəngiz Əlizadə vurğulayıb.Xalq artisti məlumat verib ki, ilk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə bağlayacaq. Azərbaycan musiqisi - muğam operasından tutmuş kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq.xeber100.com  

İyun 27, 2019 16:16

“Rossiyskaya qazeta” yazır…

“Rossiyskaya qazeta”da Azərbaycanda turizmin inkişafına həsr olunmuş məqalə dərc edilib.Azərtac xəbər verir ki, Olqa İvanovanın “Mersi, Baku!” adlanan məqaləsində son illərdə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin, Formula-1 yarışlarının, “Jara” festivalının ölkəmizə çoxlu sayda turistin gəlməsinə səbəb olduğu qeyd edilir. Bildirilir ki, Rusiyadan Azərbaycana həm Moskvadan, həm də regionlardan “Aeroflot” və “AZAL” şirkətlərinin təyyarələri ilə birbaşa reyslərlə gəlmək olar.Bakının geniş prospektləri, parkları və gözoxşayan memarlıq üslubu ilə turistləri cəlb etdiyini vurğulayan müəllif “Brilyant əl”, “Amfibiya adam” və Ceyms Bond haqqında filmlərdən birinin Bakıda çəkildiyini xatırladıb.Məqalədə deyilir ki, Azərbaycanda hər büdcəyə uyğun otel tapmaq mümkündür. Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını təklif edən yerli restoran və kafelər də diqqətdən yayınmayıb. “Əgər yolu tapa bilməsəniz, yerli sakinlərdən soruşa bilərsiniz. Bakı sakinləri qonaqpərvərdirlər. Bakı həm də təhlükəsiz şəhərdir. Yerli sakinlər deyirlər ki, şəhərdə gecələr də rahat gəzmək olar”, - deyə müəllif vurğulayır.Məqalədə turistlərə “Yanardağ” Tarix-Dövlət Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmək, Abşeron çimərliklərində dincəlmək təklif olunur. “Azərbaycana səyahətdən həzz almaq üçün cəmi bir həftə kifayətdir”, - yazan müəllif oxucularına burada unudulmaz istirahət vəd edir.xeber100.com

İyun 26, 2019 19:47

Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.xeber100.com

İyun 18, 2019 17:14