75-ci Kann Film Festivalı mayın 17-dən 28-dək keçiriləcək

14 Aprel 2022 14:31

Xəbər 140 dəfə oxunub

75-ci Kann Film Festivalı cari il mayın 17-dən 28-dək keçiriləcək.Festivalın əsas nümayəndəsi Tyeri Fremo Kann Film Festivalının 75-ci yubileyinin xüsusi pandemiya, Ukraynadakı müharibə, dəyişmiş və yenidən dəyişəcək dünya şəraitində baş tutacağını bildirib. Bu il Kann Festivalına 2200-dən çox film təqdim olunub. Onlardan yalnız 20-si “Qızıl Palma” mükafatına namizəd seçiləcək.Qeyd edək ki, 2014-cü ildən Kann Film Festivalının prezidenti 76 yaşlı Pyer Lekur (Pierre Lescure) üçün bu sonuncu festivaldır. Onu beynəlxalq profilə malik hüquqşünas və kinoda uzunmüddətli karyerası olan İris Nobloçun (İris Knobloch) əvəz edəcəyi qeyd edilib.Eyni zamanda, bu il Kann Film Festivalı tarixi yayım tərəfdaşı olan “Canal+” televiziya kanalı ilə tərəfdaşlığı France Televisions-Brut-Tik-Tok komandası ilə əvəz etməklə, mediada və Fransa hüdudlarından kənarda sosial şəbəkələrdə əhatə dairəsini gücləndirmək niyyətindədir.xeber100.com

Azərbaycan Milli Xalça Muzeyində sərgi açılacaq

İyunun 29-da Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq.Xalça Muzeyindən bildirilib ki, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən Xalidə Nəsirovanın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunacaq. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdiriləcək.Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovanın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.Sərgi sentyabrın 10-dək davam edəcək.xeber100.com

İyun 24, 2022 14:06

Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, sənətşünaslıq doktoru, professor, “Şərəf” və “Şöhrət ordenli Amaliya xanım Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. Görkəmli teatr və kino xadimi, Xalq artisti Rafiq Əzimovun, rejissor, Əməkdar artist Elxan Qasımovun, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərovanın, yazıçı-dramaturq Firuz Mustafanın, rejissor, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı, rəssam, əməkdar artist Suqra Bağırzadənin, telejurnalist Vidadi Hüseynovun, əməkdar artistlər - Füzuli Hüseynovun, Sənubər İsgəndərli və digərlərinin iştirak etdiyi tədbirdə görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgisi nümayiş olundu. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”. Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib: “Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”. Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova ölkənin aparıcı teatrında roldan-rola başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”. Görkəmli sənətkarla uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bərabər çalışmış, quruluş verdiyi tamaşalarda Amaliya Pənahovaya əsas rolları həvalə etmiş Xalq artisti Mərahim Fərzəlibəyov qeyd edib ki, “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm: “Tale elə gətirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdiridiyim tamaşalarda onunla bərabər çalışdıq və uzun illər teatrın ən önəmli səhnə əsərlərində Amaliya xanım tamaşalarımdakı qadın obrazlarının təkrarsız ifaçısı oldu. Son illərdə isə Bakı Bələdiyyə Teatrında görkəmli sənətkarla çalışdım. Teatrın kolklektivilə bir çox tamaşalar hazırladıq. Son hazırladığım “Xan qızı” tamaşası onun xatirəsinə həsr olundu. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın yolunu layiqli şəkildə davam etdirəcək". Tədbirin sonununda Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov ailəsi adından çıxış edərək hamıya öz təşəkkürünü bildirdi: “Bir neçə gün bundan əvvəl Film Fondun direktoru Cəmil Quliyev tərəfindən Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradıldı. Bu gün Amaliya xanımı yad etmək üçün bu gözəl tədbirə yığışmışıq. Amaliya xanımın ailəsi adından hər birinizə, xüsusilə Cəmil müəllim Quliyevə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümüzü bildiririk”. Daha sonra Amaliya Pənahova haqqında onun geniş müsahibəsini əks etdirən veriliş təqdim olunub.xeber100.com

İyun 17, 2022 18:48

Milli Qurtuluş Günü münasibətilə “Xan qızı” tamaşasının premyerası oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi bir çox silsilə tədbirlərin həyata keçirilməsinə yol açdı. Prezidentin digər Sərəncamına əsasən bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilinin  tamam olması münasibətilə Mədəniyyət Nazirliyi şairənin yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirməkdədir. Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da həmin tədbirlər planının bir hissəsidir. İyunun 14-də Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasının premyerasını keçirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və  teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunub. İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Xatırladaq ki, pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır. Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Yeni quruluşda olan tamaşada iştirak edirlər: Xurşibanu Natəvan - Ülviyyə Rza (Humay mükafatı laureatı) Xasay bəy - Tural Əhməd (Humay mükafatı laureatı) Canişin - İsmayıl Atakişiyev Mirzə Ruhulla – Rafiq İbrahimov (Əməkdar artist) Mirzə Rəhim – Toğrul Rza (Humay mükafatı laureatı) Həsən bəy – Əhməd Salahov Mirzə Məmmədqulu – Mehman Abdullayev Fəhim xanım – Zülfiyyə Qurbanova (Humay mükafatı laureatı) Süsən – Təzəgül Məmmədova Qönçə - Zülfiyyə Məmmədova (Humay mükafatı laureatı) Bəyim – Aynur Abbasova Pakizə Bəyim – Günel Həmidova Gülgün – Əzizə Həşimova Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Plastik səhnələrin quruluşu – Bəhruz Vaqifoğlu (Əməkdar artist) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıq rəssamı – Tərlan Ələsgərli Kostyum sexini müdiri – Leyla Əkbərova Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. Teatr yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində, eyni zamanda xaricdə uğurla təbliğ edir.                  

İyun 14, 2022 21:46

Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, İttifaqın sədri, professor Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub.Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri öz əksini tapıb.Tədbirdə Firəngiz Əlizadə film haqda qısa da olsa fikirlərini bölüşüb.Bildirilib ki, filmdə istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Tanınmış musiqi xadimləri - Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.Bəstəkarın film boyunca “Habilsayağı”, “Gitara üçün fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” əsərlərindən fraqmentlər təqdim olunub. Bu əsərlər Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Rusiya və digər ölkələrin konsert zallarında böyük təntənə ilə səslənib.Filmdə 2007-ci ildə bəstəkara UNESCO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatlarının verilməsi anları da yer alıb.Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.xeber100.com

May 23, 2022 15:41

Şuşada beynəlxalq konfrans davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans plenar sessiyalarla davam edib.Konfransın birinci plenar sessiyası “Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu” mövzusuna həsr olunub.Plenar sessiyada TÜRKSOY-un Baş katibi Sultanbai Raev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köler, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer çıxış ediblər.Bildiriblər ki, Şuşa şəhəri nəinki Azərbaycan, bütün Türk dünyası üçün çox vacib məkandır. Qeyd edilib ki, Şuşa işğal dönəmində bir çox sahədə, o cümlədən mədəni sahədə dağıntılara məruz qalıb. Bütün bunlara baxmayaraq mədəniyyətin bərpası digər sahələrlə nisbətdə daha həssas sahədir. Bu sahənin aktivləşməsi üçün insanlar öz doğma yurd yuvalarına qayıtmalıdırlar. Bunun üçün isə ilk növbədə minaların təmizlənməsi prosesi başa çatmalıdır.Qeyd edilib ki, mədəniyyət kollektiv və fərdi yanaşmanı, kimliyi təsdiq edir.Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.xeber100.com

May 19, 2022 15:16

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.Festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb.Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeqraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər sənətçilərdən həqiqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “ORATNITZA” musiqi qrupunun üzvləri olmuşdurlar. Həmçinin trio dünya musiqi istiqamətinda geniş bir musiqi platforması nümayiş etdirir.Xatırladaq ki, mayın 14-dək Şuşada keçiriləcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.xeber100.com

May 13, 2022 15:10

Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.Ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlər də təmsil olunacaqlar.Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltəraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.xeber100.com  

Aprel 30, 2022 15:29

26 aprel görkəmli diktor Yusif Muxtarovun anım günüdür

26 aprel görkəmli radio diktoru, pedaqoq, Xalq artisti Yusif Muxtarovun anım günüdür. Yusif Muxtarov 22 iyul 1941-ci ildə anadan olub.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. Y.Muxtarov 1964-1994-cü illərdə indiki  Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Klassik şeirimizin təbliğatçılarından biri kimi tanınan Y.Muxtarov Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Yusif Muxtarov səsində təqdim olunur. Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Yusif Muxtarov böyük məsuliyyət hissilə  peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb. Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin Fərmanı ilə ona  “Xalq artisti” fəxri adı verilib. Diktorluq fəaliyyəti, pedaqoji fəaliyyət, dublyaj işləri ilə yanaşı, eyni zamanda bir çox televiziya tamaşalarında - Nazim Hikmətin “Qəribə adam”, M.Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx” və s. yaddaqalan rollar yaradıb. Onun “Azərbaycancanfilm” kinostudiyasında istehsal edilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər  filmlərdə böyük ustalıqla yaratdığı obrazlar da tamaşaçıların yaddaşına əbədi həkk olunub. Görkəmli diktor Yusif Muxtarovu bu günkü anım günündə böyük hörmət və ehtiramla yad edirik!                            

Aprel 25, 2022 22:27

Bakı Bələdiyyə Teatrının təqdimatında – “Sehrbaz”

Həqiqətə tapınmaq, öz-özünə hesabat vermək, həqiqət önündə diz çökərək əbədi yaşam qazanmaq, bütün bunlar insanlığa xas keyfiyyətlərdir. Aprelin 1-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tamaşasının təqdimatında bütün bu keyfiyyətlərin şahidi olduq. Ədəbiyyat, teatr, kino  mütəxəssilərinin tamaşaçı qismində bir araya gələrək yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasının təqdimatında həqiqət axtarışına çıxmışdılar. İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar əslində bir-birlərinə yad olmayan, həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişən qəhrəmanlardır. Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir... Baş verən olayların “bələdçisi” əsərin iştirakçılarını və tamaşaçıları öz keçmişlərinə baş vurmağa  dəvət edir. Sirlərlə dolu olan keçmişdə nələr baş verib, səbəblər və s. tamaşaçı auditoriyasını düşüncələrə qərq edir. Hadisələrin əsas “aparıcısı” olan sehrbaz digər qəhrəmanların keçmişinə sanki parlaq bir işıq salır və bu işığın fonunda və ya gur projektor şüaları altında  tamaşaçılar onların həyatının  ən qaranlıq nöqtələrinə bələd olur. Faciəvi olduğu qədər də komik situasiyalar da tamaşa boyunca bir-birini izləyir... Və nəhayət boş yeri olmayan tamaşaçı salonu gurultulu alqışlarla qəhrəmanlarımızı bu sehr dünyasından ayıraraq özünə qaytarır. Bu sadəcə bir yazıçının təxəyyülündən gələrək qələmə süzülən və rejissorun səhnə üçün hazırlayaraq tamaşaçılara təqdim etdiyi, bəlkə dünyamızda baş verən hadislərin fonunda, bəlkə də sadəcə xəyali bir məhsul kimi öz həyatını yaşadı və yaddaşlarda iz buraxdı. Aktyorların üzərinə düşən vəzifə bəlkə də qat-qat artıq oldu. Çünki yazıçı pyesini rejissora təhvil verincə necə işini bitmiş hesab edir və bu səbəbdən kənara çəkilərərk bütün məsuliyyəti rejissora həvalə edir, eləcə də rejissor eynisini təkrarlayır. Aktyorları qəhrəmanların həyatına bürüyərək kənardan onları seyr edir. Beləliklə də son sözü aktyorlar deyir və önəmli olan da odur ki, “Sehrbaz” tamaşasında bir araya gələn aktyorlar sözün həqiqi mənasında SÖZ deməyi bacardı. Onların hər birinin hiss həyacanı tamaşaçıya sirayət etdi və sonda ayaqüstə alqışa boyanan tamaşaçı salonu bunu canlı olaraq yaşadı... Xatırladaq ki,  “SEHRBAZ” pyesinin  müəllifi, Əməkdar incəsənət xadimi Firuz Mustafa, quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər. HAŞİYƏ: Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com      

Aprel 1, 2022 23:03