Abituriyentlər üçün qəbul imtahanı başlayıb

23 İyun 2019 17:57

Xəbər 104 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanı başlayıb.DİM-dən Azərtac-a bildirilib ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılır. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.Bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayan imtahanın müddəti 3 saatdır. İmtahanda 24 min 028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 min 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 21 min 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18 min 238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13 min 788 nəfəri oğlanlar (I qrup üzrə 12786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10 min 240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21 min 720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.Bakı şəhərində 10 min 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.xeber100.com

“YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə…

Azərbaycan Universitetinin bir qrup tələbəsi “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində açılmış “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə olub.Universitetdən Azərtac-a bildirilib ki, tələbələr qısa mühazirənin ardından burada sərgilənən əsərlərlə tanış olub, onlara verilən yaradıcı tapşırıqları yerinə yetirib, muzey bələdçisinə suallar ünvanlayıblar.Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub. Burada XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, eləcə də ədəbi nümunələr, arxiv sənədləri və xronika təqdim edilir.Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov və şairlər Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiqin və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.Tələbələrin ekskursiyası ayda iki dəfə olmaqla tədris ilinin sonuna qədər davam edəcək.xeber100.com

Noyabr 8, 2019 13:39

BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 27-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 17-si saat 18:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.xeber100.com  

Sentyabr 25, 2019 13:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə…

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən pedaqoji şura iclasları başa çatıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, şura iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi, İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin mövcud durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılıb.Pedaqoji şura iclaslarında müəllimlərə 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilib.xeber100.com

Sentyabr 24, 2019 12:35

45-ci illik beynəlxalq konfransı keçiriləcək

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransı keçiriləcək.Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Qeyd edək ki, Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. Bu il keçirilən konfrans artıq ikinci dəfədir ölkəmizdə təşkil olunur.Dövlət İmtahan Mərkəindən Azərtac-a bildirilib ki, konfransın işində Azərbaycanla birgə 43 ölkədən – Böyük Britaniya, ABŞ, Honq-Konq, Niderland, Norveç, Avstraliya, İsrail, Rusiya, Ukrayna, Litva, Malta, İran, Çin, Qazaxıstan, Gürcüstan, Bosniya Herseqovina, Belarus, Tacikistan, Qırğızıstan, Özbəkistan, Tailand, Malayziya, Səudiyyə Ərəbistanı, Meksika, Barbados, Çili, Cənubi Afrika Respublikası, Qana, Keniya, Uqanda, Nigeriya, Liberiya, Zimbabve, Qambiya, Syerra-Leone, Pakistan, Svaziland, Zambiya, Malavi, Hindistan, Lesoto və Omandan 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.Konfransda təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (keynote speakers) mühazirələri ilə yanaşı sentyabrın 22-si və 27-də praktiki məşğələlər (Pre and Post-Conference Workshops) də keçiriləcək.Konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9:00-da “Fairmont Baku” otelində keçiriləcək.xeber100.com

Sentyabr 20, 2019 11:19

Yeni təhsil proqramları əsasında hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır.DİM-dən Azərtac-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar oktyabrın 9-dan Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.Qeydiyyat oktyabrın 7-si saat 23.59-dək davam edəcək.Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Sertifikat əldə edənlər müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.xeber100.com

Sentyabr 17, 2019 13:47

Təhsil Nazirliyi: Yeni tədris ilində 1 milyon 525 min 16 şagird təhsil alacaq

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir.Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilib.2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.Qeyd edilən dövrdə 108 min 74 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 dərslik və metodik vəsait çap olunub.Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr ediləcək.Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.xeber100.com

Sentyabr 16, 2019 10:43