ABŞ Konqresinin Nümayəndələr Palatası iqtisadi stimullaşdırma planını təsdiqləyib

27 Fevral 2021 18:24

Xəbər 141 dəfə oxunub

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 27-də pandemiya şəraitində milli iqtisadiyyat artımının təcili stimullaşdırılması tədbirləri barədə 1,9 trilyon dollarlıq qanun layihəsini təsdiq edib.Azərtac xəbər verir ki, Nümayəndələr Palatasının iclası Amerika telekanalları tərəfindən canlı yayımlanıb. Qanun layihəsi praktiki olaraq minimal səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 219-u layihəni dəstəkləyib, 212-si isə onun əleyhinə səs verib.ABŞ Prezidenti Cozef Baydenin proqramına əsaslanan sənəd bilavasitə pandemiya ilə mübarizə tədbirlərinə təxminən 400 milyard dolların ayrılmasını nəzərdə tutur. Həmçinin əhaliyə yardım məqsədilə 1 trilyon dollar yönəldiləcək, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına sərf olunacaq.Demokratlar martın 14-nə qədər qanun layihəsini imzalaması üçün prezidentə göndərməyi planlaşdırır. Lakin sənədin Senatda xeyli prosedur çətinlikləri ilə qarşılaşacağı gözlənilir.Qeyd edək ki, respublikaçılar stimullaşdırma paketinin həddən artıq şişirdildiyini hesab edirlər. Ağ ev isə öz növbəsində 1,9 trilyon dollar həcmindəki proqramın pandemiyanın səbəb olduğu miqyasa daha çox uyğun gəldiyi fikrindədir.xeber100.com

İtaliyada karantin öhdəliyinin müddəti uzadılıb

İtaliya Pasxa bayramı müddəti üçün nəzərdə tutulan ölkəyə giriş məhdudiyyətlərinin vaxtını aprel ayının sonunadək uzadıb.Azərtac xəbər verir ki, Avropa İttifaqı ölkələrindən İtaliyaya səfər edən şəxslər təkcə müvafiq PCR testi təqdim etməli deyil, eyni zamanda beş gün müddətində özünütəcrid rejimində olmalıdırlar. Həmin müddətin sonunda yenidən testdən keçmək lazımdır və yalnız bundan sonra hərəkət sərbəstliyinə icazə veriləcək. Aprelin 7-dən etibarən İsrail, Böyük Britaniya və Avstriyadan səfər edənlər üçün də bu qaydalar keçərli olacaq. Epidemioloji vəziyyəti nəzərə alaraq, İtaliya səhiyyə qurumları həmin üç ölkədən İtaliyaya səfərə yalnız istisna hallarda və 14 günlük özünütəcrid rejimi ilə icazə verirdilər.Qeyd edək ki, Pasxa bayramı dövrü üçün tətbiq edilən karantin öhdəliyi ilə İtaliya hökuməti italyanların xaricə səfərlərinin qarşısını mümkün qədər almağa çalışırdı. Aprelin 6-dək sərt karantin rejimində olan İtaliyada sakinlərə öz yaşadıqları məntəqəni tərk etməyə icazə verilmir. Lakin koronavirusla bağlı müvafiq testdən keçən şəxslər “koronasız aviareyslər“lə xaricə uça bilərlər.İtaliya Otelçilər Birliyi bu qərara qarşı sərt etiraz edib. “Baxmayaraq ki mənim öz yaşadığım məntəqəni tərk etməyimə icazə yoxdur, amma Kanar adalarına tətilə uçmağım mümkündür. İtaliyada 85 faiz otellərin qapalı olduğu hazırkı vəziyyətdə əhaliyə qarşı belə bir qaydanın tətbiqi absurddur”, - deyə təşkilatın prezidenti Bernabo Bokka “Corriere della Sera“ qəzetinə verdiyi müsahibədə hökumətin qərarını tənqid edib.xeber100.com

Aprel 6, 2021 10:20

“The Straits Times” qəzeti yazır…

Malayziya hökuməti istənilən dövlət seçkilərində səsvermə zamanı vətəndaşların yaş senzinin endirilməsini təxirə salıb.“The Straits Times” qəzeti xəbər verir ki, bu barədə Malayziya Seçki Komissiyasının sədri Abdul Qani Salleh məlumat verib.Onun sözlərini sitat gətirən qəzet yazır ki, seçkilərdə səsvermə ilə əlaqədar yaş senzinin 21-dən 18-ə endirilməsi, cari ildə koronavirus pandemiyasına görə mümkün olmayacaq.Qeyd edək ki, 2018-ci ildə Malayziyada son dəfə ümumi parlament seçkiləri keçirilib. Həmin seçkilərdə 14,9 milyon seçici səs verib. 2019-cu ildə qanunvericiliyə edilən düzəlişlər nəticəsində seçicilərin sayı 30 faiz artıb.Xatırladaq ki, ötən ilin əvvəllərində Malayziyada baş verən siyasi böhran nəticəsində həmin vaxt Baş nazir olan Mahathir Məhəmməd istefa verib. Bununla yanaşı o, “Ümid İttifaqı” partiyasının lideri vəzifəsini də tərk edib. Həmin vaxt Malayziya Kralı Konstitusiya hüququndan istifadə edərək Muhiddin Yassini yeni Baş nazir təyin edib. Ötən ilin sentyabrında “Ümid İttifaqı” Partiyasının sədri seçilən Ənvər İbrahim parlamentdə üstünlüyə malik olduğunu bəyan edərək vaxtından əvvəl yeni seçkilərin keçirilməsini tələb edib.İlkin olaraq, Baş nazir Muhiddin Yassin 2021-ci ildə yeni seçkilər keçiriləcəyini vəd etsə də, Malayziya Kralının ölkədə fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar parlamentin fəaliyyəti dayandırılıb və seçkilərin təşkili qadağan edilib.xeber100.com

Mart 26, 2021 19:37

Çanaqqala Zəfərinin 106-cı ildönümü qeyd olunur

Martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından olan Çanaqqala döyüşlərinin 106-cı ildönümüdür. Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi. Çanaqqalada şəhid olanlar arasında üç mindən çox azərbaycanlı da olub.Azərtac xəbər verir ki, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşləridir. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini qəti şəkildə həll etməyi planlaşdırırdılar. Lakin türk ordusunun qəhrəmanlığı düşmənin bu planını puça çıxardı. Bu qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verib. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də tam məğlubiyyətə uğradı. Bu döyüşlər türk xalqının hərb tarixinə qızıl hərflərlə yazılıb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Zəfərini “Anadoludakı türk varlığına və müqəddəs dəyərlərinə düşmən olanlara qarşı qəhrəman əcdadlarımızın yazdığı şanlı dastan adlandırıb. Ən çətin şərtlərdə belə düşmənlərini məğlub edən türk milləti birliyini qorumaq üçün eyni düşüncə ilə canından keçməyə hazırdır”.xeber100.com

Mart 18, 2021 14:17

COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində

Çin paytaxtı Pekində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində 5 milyondan çox nəfərə peyvənd vurulub.Azərtac Pekin şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, peyvənd olunanların 2,64 milyon nəfəri 2 doza, qalanları isə bir doza vaksin qəbul edənlərdir. Təxminən 21 milyon əhalisi olan Pekində peyvənd vurulanların əsas hissəsi risk qrupundan olanlardır. Bundan başqa, vaksinasiya proqramına uyğun olaraq, əvvəlcədən müraciət etməklə könüllü qaydada peyvəndləmə də aparılır. Müraciət edənlərin sayında isə artım dinamikası müşahidə olunur. Vaksinasiyada "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan inaktiv peyvəndlərdən istifadə olunur. Çin hökuməti hər iki şirkətin COVID-19 vaksinlərinin ölkədə kütləvi marketinqinə icazə verib.Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.xeber100.com

Mart 3, 2021 13:25

İspaniya hökuməti 11 milyard avro məbləğində yardım ayırıb

İspaniyanın Baş naziri Pedro Sançez Konqresdə turizm sektorunda çalışan şirkətlər, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan 11 milyard avro məbləğində yeni yardım proqramını elan edib.Azərtac xəbər verir ki, məqsəd COVID-19 pandemiyası dövründə böyük zərər çəkmiş turizm sektorunda çalışan şirkətlərin ödəmə qabiliyyətini artırmaq, həm də onların fəaliyyətini tam gücü ilə bərpa etməyə kömək etməkdir.İspaniya hökuməti iqtisadiyyatı bərpa etmək məqsədilə pandemiyadan ən çox zərər çəkmiş sektorlara dəstək tədbirləri üçün artıq ÜDM-in 20 faizini ayırıb. Bu vəsait pandemiya dövründə məşğulluğun müvəqqəti tənzimlənməsi istiqamətində hökumət tərəfindən irəli sürülmüş tədbirlərin həyata keçirilməsinə yönəldilib.Krallığın iqtisadiyyatının bərpa edilməsinin ümidverici amili koronavirusa qarşı peyvənd olunmaqdır. Daha sonra Aİ-nin Brüssel sammitində razılaşdırılmış Avropa iqtisadiyyatının bərpası fondundan İspaniyaya 140 milyard avro ayrılması prosesi sürətləndiriləcək. Pedro Sançesin sözlərinə görə, bərpa planı keyfiyyətli, davamlı və uzunmüddətli məşğulluq yaratmaq üçün daha ədalətli, daha ekoloji, daha rəqəmsal İspaniyanı nəzərdə tutur.Onun hesablamalarına görə, yaxın illərdə İspaniyada 850 min iş yeri açılacaq.Pandemiyanın dördüncü dalğasından qorunmağı qarşısında məqsəd qoyan İspaniya hökumətinin başçısı, 9 May tarixinədək həyəcan vəziyyətinin saxlanmasını zəruri sayır.xeber100.com

Fevral 25, 2021 11:03

COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində paytaxt Pekində əhalinin kütləvi vaksinasiyasına başlanılıb.Azərtac xəbər verir ki, 18-59 yaş arasında olan Pekin sakinləri əvvəlcədən müraciət etməklə növbəlilik əsasında ödənişsiz qaydada peyvənd oluna bilirlər. Bu məqsədlə təşkil olunan yüzlərlə müvəqqəti məntəqədə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. Məntəqələr səhər saat 7:30-dan fəaliyyətə başlayır.Peyvənd olunan Pekin sakini Yan Quanhao deyir ki, 2 həftə əvvəl evlər idarəsindən vaksinasiya barədə məlumat alandan sonra heç tərəddüd etmədən peyvənd olunmaq üçün qeydiyyatdan keçib. O, peyvəndin birinci dozasını qəbul etdikdən sonra bədənində heç bir yan təsir olmadığını bildirib.Peyvənd olunan Su Yüton isə valideynləri ilə birlikdə vaksinasiya üçün qeydiyyatdan keçdiyini deyib. O, peyvənd olunduqdan sonra arxayınlıq hissi ilə başqa şəhərlərə səyahət edə biləcəyini də söyləyib.Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.Vaksinasiyada Çinin "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərindən istifadə olunur. Hər 2 şirkətin peyvəndləri təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Avropa, Asiya və Latın Amerikası üzrə 40-dan çox ölkə, o cümlədən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya və Braziliya vaksinasiya prosesi üçün Çinin bu şirkətlərindən peyvənd sifariş ediblər. Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə olunur.xeber100.com

Fevral 22, 2021 09:36