Ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib

13 May 2022 15:00

Xəbər 76 dəfə oxunub

Mayın 13-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kiloqram çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.Artıq ilk qaliblər müəyyənləşib. Yaşı 15-dək olan qızlar arasında Gülşən Hüseynova (40 kq), Türkan Qənbərzadə (49 kq), Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (76 kq), yaşı 17-dək olanlar arasında isə Selcan Qarayeva (49 kq) və Rəhilə Hüseynzadə (76 kq) Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02