Azərbaycan bayrağı Şuşada dalğalanır, Şuşada yenə də azan səsi eşidiləcək

8 Noyabr 2020 13:58

Xəbər 44 dəfə oxunub

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.Azərtac xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, – deyə dövlətimizin başçısı bildirib.xeber100.com

“Associated Press News” agentliyi yazır…

“Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.Azərtac xəbər verir ki, “Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.Müəllif yazır Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.xeber100.com

Noyabr 22, 2020 14:02

İlham Əliyev yeni tarix yazır, yeni tarix yaradır

Noyabrın 20-də Ağdam rayonun erməni işğalından azad olunması xalqımız tərəfindən böyük sevinclə qarşılandı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Ermənistanın məğlubiyyəti ilə nəticələndi. Döyüş meydanında məğlub olan işğalçı Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək üçtərəfli bəyanatı imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində qeyd etdi ki, Ağdamın dinc yolla işğaldan azad olunması üçtərəfli Bəyanatın nəticəsidir.Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır, yeni tarix yaradır. Bu, zəfər, qələbə tarixidir.Deputatın sözlərinə görə, Ağdamın işğalı rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub, çoxlu şəhidlər veriblər. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, mineralogiya elmləri doktoru Xudu Məmmədov kimi onlarca görkəmli şəxsiyyət bəxş edib.Eyni zamanda, Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb. Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparıblar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilib, Çörək muzeyi, Tarix-ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun Xatirə muzeyi və Ağdam Şəkil Qalereyası, 1314-cü ildə Xaçındərbənd kəndindəki tikilmiş Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.S.Fətəliyeva qeyd edib ki, Azərbaycan bu vandalizmi törədən ermənilərin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.xeber100.com  

Noyabr 21, 2020 15:51

Hulusi Akar: Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib

Azərbaycanla bağlı qərar qəbul olunub. Hazırlıqlarımız başa çatıb. Bu qərardan irəli gələn vəzifələrə uyğun olaraq əsgərlərimiz Azərbaycandakı xidmətlərinə başlayacaqlar. Hərbi Hava Qüvvələrimiz hərbçilərimizi daşımaq üçün hazırdır. Türk əsgəri azərbaycanlı qardaşlarımıza lazımi köməyi göstərəcək.Azərtac xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdiyini diqqətə çatdıran nazir deyib: “Rusiya ilə müzakirələrimiz davam edir. Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin müdafiəsi üçün nə tələb olunurdusa, hamısını etmişik və edirik”.Bəzi Qərb siyasətçilərinin proseslə bağlı ədalətsiz mövqeyinə münasibət bildirən nazir qeyd edib: “Həqiqətdən uzaq olan bu fikirlər tam yanlış dəyərləndirmədir. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib. Həyata keçirilənlərdə əsas məqsəd 30 ildən bəri işğal altında olan torpaqların düşməndən azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir”.Vətənin qorunmasının və işğal altındakı torpaqların azad edilməsinin müqəddəs borc olduğunu xatırladan nazir deyib: “Azərbaycan Ordusu məhz bu işi görüb. Ermənistan ordusu isə bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki yaşayış məntəqələrini, şəhərləri, dinc insanları bombalayıb”.xeber100.com

Noyabr 21, 2020 15:47

ATƏT PA-nın Paris Xartiyasının 30-cu ildönümünə həsr olunmuş iclas keçirilib

ATƏT PA-nın Paris Xartiyasının 30-cu ildönümünə həsr olunmuş onlayn iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Ülviyyə Ağayeva Paris Xartiyasının 30 il əvvəl Avropada qarşıdurma və bölünmə dövrünün sona çatdığını, iştirakçı dövlətlər arasında demokratik idarəetmə, qanunun aliliyi və insan haqlarına əsaslanan yeni bir demokratiya, barış və birlik dövrünün elan edilməsinin əbəs yerə olmadığını bildirib. Qeyd edilib ki, başqa bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiqi yuxarıda göstərilən prinsiplərə tamamilə ziddir. Beynəlxalq ictimaiyyət ümumdünya norma və prinsiplərini bütün münaqişələrin həlli proseslərinə istisnasız olaraq tətbiq etməlidir. Əks təqdirdə, təcavüzkarlara qarşı bu cəzasızlıq bölgəyə davamlı sülh və sabitlik gətirmək üçün göstərilən səylərlə tamamilə ziddiyyət təşkil edir.Diqqəti Azərbaycanın Kəlbəcər rayonunda baş verən son hadisələrə yönəldən deputat deyib: “Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana təhvil verilməli idi. Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi və bu müddət noyabrın 25-dək uzadıldı. Ancaq biz nəyin şahidi olduq? İndi ermənilər 27 il işğal altında olan rayonu tərk etməmişdən əvvəl evləri və meşələri yandırırlar. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı soyuq qış günündə körpə uşaqları qucaqlarında öz torpaqlarından qovuldular. Ermənilər torpaqlarımızı işğal edərkən, azərbaycanlılara öz yurdlarını tərk etmələri üçün cəmi 10 saat vaxt verilmişdi. Bu gün Kəlbəcərdə evləri, məktəbləri və meşələri yandırmaları, heyvanları öldürmələri, bütün infrastrukturu zədələmələri hər zaman məzlum millət kimi görünən ermənilərin barbar mahiyyətini bir daha nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan Yerevanın və tanınmamış “respublika”nın qüvvələrinin nəzarəti altında olduqları müddətdə Azərbaycan ərazilərinə vurduğu ziyana görə Ermənistandan təzminat tələb edəcək”.Ü.Ağayeva bildirib ki, Azərbaycan münaqişənin ən qısa müddətdə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu dəfələrlə vurğulayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan özünümüdafiə hüququna uyğun hərəkət etməklə, digər potensial humanitar fəlakətin qarşısını almaqla yanaşı, mülki əhalisini də qorudu.xeber100.com

Noyabr 21, 2020 15:38

İtaliya Azərbaycana qarşı təcavüz siyasətini pisləyən sənəd qəbul edib

Noyabrın 20-də İtaliyanın Kataniya Şəhər Şurasında “BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd yekdilliklə qəbul edilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildirilib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı işi” ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.Sənəddə, həmçinin İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizlikə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.Sənəddə sentyabrın 27-dən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir, bu xüsusda Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütün Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.Kataniya Şəhər Şurasının beynəlxalq hüququn norma və prinsiplərini daim dəstəklədiyi və bu xüsusda, Ermənistanın təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.xeber100.com

Noyabr 21, 2020 15:36

Avstraliyanın “The Sydney Morning Herald” qəzeti yazır…

Avstraliyanın “The Sydney Morning Herald” qəzetində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terrorla bağlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən, Azərbaycan noyabrın 15-də nəzarətə almalı olduğu Kəlbəcər rayonundan ermənilərin çıxması müddətini 10 gün artırdığı halda, ermənilər evləri, meşələri yandıraraq ekoloji terror törədirlər.Məqalədə xatırladılır ki, üçtərəfli sənədə əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilər uğrunda altı həftə davam etmiş müharibə dayandırılıb. Azərbaycan Ermənistan tərəfindən ötən əsrin 90-cı illərinin əvvəllərində işğal edilmiş əraziləri dekabrın 1-dək öz nəzarətinə götürməlidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilir ki, ilkin olaraq Kəlbəcər rayonunun Azərbaycanın nəzarətinə qaytarılması razılaşdırılsa da, Ermənistan tərəfinin xahişi ilə bu müddət noyabrın 25-dək uzadılıb. Bunun əvəzində isə ermənilər tərk etməli olduqları evlərə od vururlar: “Ermənilər ətraf mühitə və mülki obyektlərə böyük zərər vururlar. Vurulan ekoloji zərərin, ekoloji terrorun qarşısı alınmalıdır”.Məqalədə vurğulanır ki, 1994-cü ilədək Kəlbəcərdə yalnız azərbaycanlılar yaşayıblar. Lakin sonradan ermənilər silah gücünə bu əraziləri işğal ediblər. Azərbaycan heç vaxt bu işğalla barışmayıb.Məqalədə Qarabağın tarixi Azərbaycan torpağı olması, 1991-1994-cü illərdə baş vermiş I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edildiyi qeyd olunub.xeber100.com

Noyabr 19, 2020 20:49

Vladimir Putin: Azərbaycan müstəqil dövlətdir və müttəfiqlərini seçmək hüququna malikdir

Ən başlıcası, qan tökülməsinə son qoymaq mümkün olub.Azərtac xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri “Rossiya 24” telekanalına müsahibəsində söyləyib.Prezident xatırladıb ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar əvvəlcə 5 rayonun, sonra isə 2 rayonun Azərbaycana qaytarılması, Azərbaycanın Laçın rayonu ərazisində dəhliz yaradılması, köçkünlərin öz yerlərinə qaytarılması və Dağlıq Qarabağın statusunun tanınması prinsipi barədə olub. Vladimir Putin deyib: “Əgər biz bu razılaşmaya nail ola bilsəydik, müharibə olmazdı. Mən indi də buna tam əminəm”.Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı suala cavabında Rusiya lideri deyib: “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?”V.Putin xatırladıb ki, indiyə qədər heç bir ölkə, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri özünə qaytarıb. “Bununla əlaqədar Azərbaycan ona kömək göstərən hər hansı müttəfiqi seçmək hüququna malikdir”, - deyə Prezident bildirib. O qeyd edib ki, Türkiyə lap əvvəldən Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun üzvüdür, Türkiyəni “beynəlxalq hüququ pozmaqda” ittiham etmək çətindir. RF Prezidentinin sözlərinə görə, əsrlər boyu Rusiya-Türkiyə münasibətlərinin dramatik tarixini Rusiyada xatırlayırlar. Prezident belə bir fakta diqqəti cəlb edib ki, Avropa xalqlarının çoxunun bir-biri ilə münasibətlərinin tarixi bundan heç də az gərgin və faciəli olmayıb. O, nümunə kimi Fransa ilə Almaniyanı göstərib. Bu ölkələr öz aralarında dəfələrlə vuruşublar, indi isə NATO çərçivəsində müdafiə və təhlükəsizlik funksiyalarını birlikdə həyata keçirir, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq edirlər: “Onlar bütün bu çətinliklərin üstündən keçiblər və öz xalqlarının gələcəyi naminə hərəkət edirlər. Bəs biz Qara dəniz regionunda nə üçün eyni cür hərəkət edə bilmərik?”xeber100.com  

Noyabr 18, 2020 14:53

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Azərtac xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. -“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə); -“Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə; -“Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə; -Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş); -Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş); -“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş); -“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş); -“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş); -“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş); -Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).xeber100.com

Noyabr 18, 2020 14:46

Ermənistan silahlı qüvvələri meşələri yandırmaq üçün ağ fosfordan istifadə edib

Burada gördüklərimiz Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan istifadə olunmasının növbəti faktıdır. ANAMA-nın nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosforlu mərmilərdən istifadə edilmişdi.Azərtac xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir qrup yerli və beynəlxalq jurnalistin Füzuli rayonuna səfəri zamanı bildirib.Hikmət Hacıyev deyib: “Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edib. Təkcə bu əməliyyatlarda deyil, bundan əvvəlki əməliyyatlarda da - 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə olunub. Onların əsas hədəfi mülki obyektlər və mülki insanlar, əkin sahələri, həmçinin Azərbaycan Silahlı Qüvvələri olub. Bu barədə məlumatlar toplanılır. Beynəlxalq təşkilatlara, o cümlədən kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ermənistan ağ fosfordan istifadəni özündə ehtiva edən müvafiq konvensiyalara qoşulmayıb. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqanizminə daxil olduğu təqdirdə bunun qısa müddətdə ölümə və ciddi yanğıya səbəb ola biləcək təsirləri var”.xeber100.com

Noyabr 18, 2020 14:42

Ermənistan Kəlbəcərin tam təhvil verilməsi üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.Azərtac xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib.Ermənilərin bəyanatda göstərilən rayonlardan çıxarılması işlərinin davam etdiyini bildirən Hikmət Hacıyev deyib: “Bəyanatın tələblərindən biri Kəlbəcərin noyabrın 15-dək təhvil verilməsi idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərin noyabrın 25-dək təhvil verilməsinə razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, noyabrın 20-də Ağdamın, dekabrın 1-dək isə Laçının təhvil verilməsi nəzərdə tutulur.xeber100.com

Noyabr 15, 2020 11:38

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb

Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumu videokonfrans formatında Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu imzalayıblar.Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli bir addım atıldığını vurğulayan türkiyəli nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.Xatırladaq ki, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılır. Mərkəzin yaradılması ilə bağlı müddəa Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatında yer alıb.Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.xeber100.com

Noyabr 12, 2020 15:08