Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib

12 Oktyabr 2020 11:00

Xəbər 37 dəfə oxunub

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, Niderlanddakı bütün azərbaycanlılar dövlətimizə və əsgərlərimizə hər cür dəstək olmağa hazırdırlar. Türkiyə dövlətinə və xalqına Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə minnətdarlıq ifadə olunub. Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağı bildirilib.Soydaşlarımız Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini və onun yanında olduqlarını yekdilliklə ifadə ediblər.Qeyd olunub ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.Niderland Türk Federasyon Başkanı Murad Gedik, Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərova, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə, Odlar Yurdu Təşkilatının rəhbərləri Firəngiz Bagırova, Azərbaycan Xalq Partiyasının nümayəndəsi Sabir Budaqov, Odlar Yurdu Birliyinin təsisçisi Rəşad Sadıqov çıxış edərək, ölkəmizin üzləşdiyi problemdən danışıblar. Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təxribatı pisləyiblər. Qarabağın Azərbaycanın əzəli və tarixi torpaqları olduğunu vurğulayıblar. Ordumuzun şücaəti sayəsində tezliklə torpaqlarımızın azad olacağını bildiriblər. Azərbaycan, türk əsgərinin dünyanın ən güclü əsgəri olduğunu deyiblər. Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini, eləcə də dinc əhalini hədəfə almasına etirazlarını bildiriblər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıblar.Sonda Niderlandda yaşayan müğənni Sadıx Ağamalıyevin ifasında “Yaşa Azərbaycan” və “Azərbaycan əsgəri” mahnıları ifa olunub.xeber100.com

Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır…

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.Azərtac xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.Məqalədə beynəlxalq KİV-lərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılması zamanı bəzilərinin yanlış olaraq bu münaqişəni “mübahisəli Dağlıq Qarabağ anklavı” kimi təqdim etdikləri bildirilir.Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan tarixboyu üzləşdiyi ən böyük humanitar böhranla üz-üzə qalıb.Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini vurğulayan müəllif qeyd edir ki, belə bir sülh yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilər. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır.Müəllif Dağlıq Qarabağın bəzən “mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.xeber100.com  

Oktyabr 22, 2020 13:34

Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə edirlər.Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirir.Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.xeber100.com

Oktyabr 21, 2020 14:35

“Israel HaYom” qəzeti: Azərbaycanın Dağlıq Qarabağ uğrunda mübarizəsi davam edir

Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında əsl müharibə qızışmaqda davam edir. Bu gün bu müharibədə yeni rekord vurulub, belə ki, Azərbaycan Ordusu Dağlıq Qarabağdan cənuba, İran sərhədi boyunca müdafiə xətlərini yarıb və şimala, Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhəri istiqamətində irəliləməyə real şəkildə nail olub.Azərtac xəbər verir ki, bu barədə İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Dağlıq Qarabağ: Azərbaycan Ordusu hücuma keçir – ermənilər geri çəkilir” sərlövhəli məqaləsində tanınmış israilli jurnalist Neta Bar yazıb.Qəzet qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatları zonasının cənub istiqamətində 13 kənd və şəhərin, o cümlədən 1990-cı illərdə, birinci Dağlıq Qarabağ müharibəsi başlananadək minlərlə dinc Azərbaycan sakininin yaşadığı Zəngilan şəhərinin işğaldan tam azad olunmasını elan edib.“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur. Azərbaycan istəyir ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib”, - deyə “Israel HaYom” qəzeti qeyd edir.Azərbaycan Prezidenti deyib: “Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bunu biz yerə vurduq. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.İsrail qəzeti öz tərəfindən yazır ki, ermənilər “bütün istiqamətlərdə əks-hücum həyata keçirmək” barədə elan ediblər, lakin sonradan bu xəbər təsdiqlənməyib.

Oktyabr 21, 2020 14:30

Prezident İlham Əliyev: Mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq, Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar. “Onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər, ancaq eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.xeber100.com

Oktyabr 20, 2020 13:51

“Kuwait Times” qəzeti Gəncənin raket hücumuna məruz qalmasından yazır…

“Kuwait Times” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücumu həyata keçirməsi ilə bağlı məqalə dərc olunub.Azərtac xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə gecə saatlarında həyata keçirilən raket zərbəsindən sonra Ermənistandan döyüş meydanında intiqam alacağını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinin Gəncəyə raket hücumunu müharibə cinayəti adlandırdığı vurğulanır.Məqalədə Gəncə şəhərinin bir yaşayış məntəqəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 10-dan çox mülki vətəndaşın həlak olduğu və onlarla insanın yaralandığı diqqətə çatdırılır.Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz rəsmi “Twitter” səhifəsində Ermənistan tərəfindən atılan bu raket hücumu ilə bağlı yazdığı fikirlərə istinadən Gəncədə 20-dən çox evin dağıldığını qeyd edir. Türkiyənin Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun fikirlərinə istinad edən müəllif yazır: “Ermənistan müharibə cinayətləri törətməkdə və mülki əhalini qırmaqda davam edir. Bu vəhşilik qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir”.Müəllif sonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verərək bildirir ki, onilliklərdir davam edən münaqişə bu il sentyabrın 27-dən başlayaraq daha da gərginləşib.xeber100.com

Oktyabr 19, 2020 09:23

Düşmənə qarşı döyüş əməliyyatları davam edir

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.xeber100.com

Oktyabr 19, 2020 09:14

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanat yayıb.Azərtac bəyanatı təqdim edir.2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcək.xeber100.com

Oktyabr 17, 2020 11:42

Prezident İlham Əliyev: Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.Bundan əvvəl Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndlərinin işğaldan azad edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.xeber100.com  

Oktyabr 17, 2020 11:39