“Azərbaycan Hava Yolları” QSC sərnişinlərinə müraciət edib

17 Fevral 2021 15:04

Xəbər 42 dəfə oxunub

“Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.QSC-dən Azərtac-a bildirilib ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.Xatırladaq ki, AZAL bu gündən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayıb. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.Fevralın 18-dən isə “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı). Uçuşlar həftədə iki dəfə – birinci və dördüncü günlər həyata keçiriləcək.xeber100.com

 

“Bakı Metropoliteni” QSC-nin məlumatı əsasında…

COVID-19 virusu ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi Qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla Bakı Metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, martın 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda, hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.Bu tədbirlər Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, COVID-19 koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.xeber100.com

Mart 3, 2021 12:01

7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsi ilə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcək. Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və “Sadıqcan dairəsi” ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar dairəsi” və Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində gediş-gəlişi təmin ediləcək.Eyni zamanda, martın 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu xətt üzrə avtobuslar dəyişiklik nəticəsində Yeni Yasamal-“İnşaatçılar” metro stansiyası-“Elmlər Akademiyası” metro stansiyası -“Gənclik” metro stansiyası-“N.Nərimanov” metro stansiyası-Keşlə bazarını əlaqələndirəcək. Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metro stansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.Həmçinin bu marşrut üzrə avtobusların metronun “Elmlər Akademiyası” stansiyasından keçməsi də təmin edilib.17 nömrəli xətt üzrə dəyişiklik də çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla edilib. Bununla da Yeni Yasamal yaşayış massivi, metronun “İnşaatçılar” (Abbas Mirzə Şərifzadə küçəsi) və “Elmlər Akademiyası” stansiyası ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə metronun “Nəriman Nərimanov” stansiyası və ətraf ərazilərə gediş-gəlişi təmin olunacaq.xeber100.com

Fevral 27, 2021 18:20

“Kənddən şəhərə” həftəsonu yarmarkaları başlayıb

Bu gündən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən şəhərə” həftəsonu yarmarkaları başlayıb. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.Azərtac xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.Karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilən yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və sair) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılır, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçülür, ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunur.“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir: - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı) - Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) - Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Fevral 27, 2021 18:14

Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü olub.Azərtac xəbər verir ki, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.Görüşdə 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb. Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.Söhbət zamanı iki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Cari ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.xeber100.com

Fevral 23, 2021 11:58

“Rabitəbank” Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir

“Rabitəbank” müştəriləri üçün qarşıdan gələn Novruz bayramı münasibətilə sərfəli bayram kampaniyaları keçirir. Bu dəfə ənənədən bir az kənara çıxaraq müştərilər öz bayram paylarını özləri seçəcəklər.Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər “Rabitəbank”dan nağd pul kreditini 2 faiz endirimlə 16 faizdən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 min AZN olacaq. İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını “Rabitəbank” qarşılayacaq.Bunlarla yanaşı, Bahar və Novruz adlı müştəriləri də xüsusi sürpriz gözləyəcək. Kampaniya çərçivəsində adı Bahar və ya Novruz olan müştərilərə “Kartmane kredit” kartı hədiyyə olunacaq.Bayram günlərində ən çox balacaların üzü gülsün deyə “Rabitəbank” kampaniya müddəti çərçivəsində xeyriyyə aksiyası da keçirəcək. Bu müddət ərzində “Kartmane debet” kartı alan müştərilərin ödədiyi xidmət haqqının bir qismi uşaq evlərinə “Novruz payı” göndərilməsi üçün ayrılacaq.Bu sərfəli təkliflərdən sizə ən uyğun olanından onlayn sifarişlə də faydalana bilərsiniz.xeber100.com  

Fevral 22, 2021 09:21

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı əsasında…

Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.“Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildirilib ki, Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq. Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu. Keçidin inşası baş verə biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır. Qatarların hərəkəti zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da öz növbəsində əlavə vaxt itkisi demək idi. Keçidin tikintisi dəmir yolu ilə avtomobil yolunun eyni səviyyəli kəsişmələrində nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək.Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 poqonmetr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.xeber100.com

Fevral 19, 2021 14:45

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciəti

Xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə əyani, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesinin başlayacağı nəzərə alınaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında nəqliyyat vasitələrinin sıxlığının yaranması istisna edilmir.Azərtac xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bu səbəbdən hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edir.“Mövcud pandemiya şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bakı Nəqliyyat Agentliyi övladlarını şəxsi nəqliyyat vasitəslə məktəbə aparan valideynlərdən xahiş edir ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür”, - deyə agentliyin məlumatında qeyd olunur.xeber100.com

Fevral 13, 2021 19:14

Müşahidə Şurasının yaradılması ilə bağlı Sərəncam

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti QSC-nin yenidən təşkili və ləğvi, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətlərini yerinə yetirəcək.Azərbaycan İnvestisiya Holdinqi QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbulu kimi səlahiyyətləri icra edəcək.QSC-nin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətləri olacaq.Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini 6 ay müddətində təsdiq etməlidir.xeber100.com

Fevral 11, 2021 18:27