“Azeri Light” markalı neftin qiyməti 0,90 dollar ucuzlaşıb

8 Oktyabr 2020 09:39

Xəbər 35 dəfə oxunub

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 40,58 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Beynəlxalq Valyuta Fondu neftə dair proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) cari ildə neft qiymətlərinin 41,7 dollar/barrel, 2021-ci ildə isə 46,7 dollar/barrel olacağını proqnozlaşdırır.Azərtac IMF-yə istinadla xəbər verir ki, fond neftin qiymətinin aprel ayındakı “böyük karantin” dövründə müşahidə olunan ucuzlaşmadan sonra qlobal iqtisadi fəaliyyətlərin yenidən bərpası ilə bahalaşdığı bildirib.Yeni növ koronavirus epidemiyasının hələ də nəzarətdə saxlanılmaması səbəbindən neft bazarında qeyri-müəyyənlik hökm sürür. Neft qiymətlərindəki yuxarı və aşağı istiqamətli dəyişiklikləri dəstəkləyən bəzi risklər var. Orta Şərqdə artan geosiyası gərginlik və epidemiyanın davamlı yayılması ilə azalan neft və təbii qaz bazarı üzrə investisiyalar yuxarı istiqamətli risklər sırasındadır. Qlobal iqtisadi fəaliyyətdəki yavaşlama, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdəki tədarük bolluğu, Liviyada neft istehsalının gözləniləndən daha sürətlə əvvəlki səviyyəyə qayıtması, OPEC və qeyri-OPEC ölkələr tərəfindən istehsalın azaldılmasını nəzərdə tutan saziş üzrə öhdəliklərin pozulması isə aşağı istiqamətli risklərdir.COVID-19 epidemiyası qlobal neft tələbatında azalmaya və anbar tutumu ilə bağlı narahatlıqlara səbəb olduğu üçün fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Qiymətlər cari ildə keçən ilə nisbətən 32 faiz azalacaq və 41,7 dollar/barrel olacaq. 2021-ci ildə “qara qızıl”ın bir barrelinin orta qiyməti 46,7 dollar təşkil edəcək.xeber100.com

Oktyabr 14, 2020 13:37

Beynəlxalq Aeroporta dəmir yolu xətti çəkiləcək

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 dəmir yolu sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhlizboyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.Azərtac xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.Sənədə görə, Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmir yolu reyslərinin açılması planlaşdırılır.Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, habelə “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmir yolu dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılması nəzərdə tutulur.Bunlarla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolunun çəkilməsi, Heydər Əliyev Beynəlxalq Aeroportundan Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmir yolu xəttinin inşası, o cümlədən Hövsan dəmir yolu stansiyasının fəaliyyətinin bərpası planlaşdırılır.Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmir yolu bağlantısının təmin edilməsi və dəmir yolu nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmayı-Pirşağı” dəmir yolu dəhlizinin yaradılması nəzərdə tutulur.2040-cı ilədək Abşeron yarımadası üzrə dəmir yolu şəbəkəsinin ümumi uzunluğunun 198 kilometrdən 280 kilometrə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması planlaşdırılır.Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər.xeber100.com

Oktyabr 9, 2020 14:18

XXIII Avrasiya İqtisadi Zirvə görüşü başlayıb

Oktyabrın 7-də İstanbulda öz işinə başlayan XXIII Avrasiya İqtisadi Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin türk millətinə mesajının oxunması ilə açıq elan edilib.Azərtac xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan toplantı onlayn formatda baş tutub.Dünyanın 45 ölkəsinin qatıldığı görüşdə açılış nitqi ilə çıxış edən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver Türkiyənin Aralıq dənizindəki haqları, işğalçı Ermənistan tərəfindən son günlər törədilən təxribatlar və qanuna zidd hərəkətlər, dünyanın qloballaşmaya olan ehtiyacı barədə danışıb.Bu ilin əvvəlindən bütün dünyanı öz təsiri altına salan pandemiya ilə birgə mübarizənin vacibliyini vurğulayan A.Suver bu məqsədlə builki zirvə görüşünün bir sülh və rifah layihəsi olan “Kəmər və Yol Təşəbbüsünün işığında” şüarı altında keçirildiyini deyib.Zirvə görüşünün üç hissədən ibarət birinci günündə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbulun Avcılar Bələdiyyəsinin sədri Turan Hançerli, “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat Lekompte, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədri Mustafa Gültepe, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, İstanbul Tarix Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin (İRCİCA) Baş direktoru, professor Halid Eren, TÜRKSOY-un Baş katibi professor Asəf Hacıyev, Türkiyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (AGİT) rəhbəri George Tsereteli və İstanbul Valisi Ali Yerlikaya, eləcə də Türkmənistan, Bolqarıstan, İtaliya, Monqolustan, Avstriya, Albaniya, Belçika, Qırğızıstan, Rumıniya, Özbəkistan, Çin və digər dövlətlərin hökumət nümayəndələri çıxış ediblər.Tədbirdə COVID-19 peyvəndinin hazırlanması istiqamətində görülən işlərdən bəhs edilib, “Türk Hava Yolları” və “SOCAR”-ın tanıtım filmləri nümayiş olunub.Tədbir oktyabrın 8-də davam edəcək.xeber100.com

Oktyabr 7, 2020 09:44

Azərbaycan Mikromaliyyə Assosiasiyasının bəyanatı

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzv təşkilatları bəyanat yayıb.AMFA-dan Azərtac-a bildirilib ki, Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də səhər saatlarından başlayan növbəti təcavüz aktı mənfur düşmənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha ortaya qoyub. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinləri, yaşayış məntəqələrini və mülki obyektləri, eləcə də hərbi mövqelərimizi atəşə tutublar. Düşmənin təxribatları nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralıların da olması Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzv təşkilatlarını sarsıdıb. Azərbaycanın Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alıb və əks-hücumla torpaqlarımızın azad edilməsi uğrunda əməliyyatlara başlayıb.Biz, ictimai birlik olaraq, dövlətimizin, Ordumuzun və Ali Baş Komandanın yanında olduğumuzu, dövlətimizin yürütdüyü siyasəti tam dəstəklədiyimizi bir daha bəyan edirik. Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində irəliləyişləri hər bir üzvümüzü sevindirir və qürurlandırır. İnanırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün uzaqda deyil.Ordumuza şanlı zəfər, xalqımıza qələbə sevinci arzulayırıq!Hər şey Vətən üçün, hər şey Qələbə üçün!xeber100.com

Oktyabr 1, 2020 12:23