Bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

29 Mart 2023 15:07

Xəbər 78 dəfə oxunub

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar. Artıq gimnastlarımız Bolqarıstana yollanıblar.

Bolqarıstan yarışı cari il Z.Ağamirovanın ilk beynəlxalq turniri olacaq. Digər təmsilçimiz A.Gözəlova bir müddət əvvəl İspaniyada Qran-Pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci olub.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23-də keçiriləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08