Bakı Dövlət Universitetində imtahan sessiyasının üçüncü həftəsi başa çatıb

27 İyun 2020 18:29

Xəbər 370 dəfə oxunub

Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başa çatıb.BDU-dan Azərtac-a bildirilib ki, iyunun 25-də bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4598 (263 nəfəri “SABAH” qrupları olmaqla), qiyabi şöbədə 23 qrup üzrə 278 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 50 ixtisaslaşmada 18 fənn üzrə 153 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 366 tələbə imtahanlarda iştirak edib.İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.Qeyd edilib ki, üçüncü həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 638 qrup üzrə 14008 tələbə, magistratura pilləsində 247 ixtisaslaşmada 126 fənn üzrə 831 magistrant, BDU-nun Qazax filialında isə 1389 tələbə imtahanlarda iştirak edib.İmtahan sessiyası iyulun 10-da yekunlaşacaq.xeber100.com

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, ərizələrin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 15:30-a olan məlumata görə, 13 min 818 subbakalavr elektron ərizəsini təsdiqlədib.Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünəməxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində müvafiq düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.xeber100.com

İyul 4, 2020 20:51

Orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də və 25-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, respublikanın 19 şəhər və rayonunda təşkil ediləcək imtahanlara ümumilikdə 95 bina, 1530 imtahan zalı ayrılıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib.İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses ərzində (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.xeber100.com

İyun 23, 2020 13:29

Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.DİM-dən Azərtac-a bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahanların təşkil edilməsi üçün 94 imtahan binası, 1539 imtahan zalı, 94 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1999 nəzarətçi–müəllim, 188 buraxılış rejimi əməkdaşı, 94 bina nümayəndəsi ayrılıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.İlkin məlumatlara əsasən, 3 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İyunun 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.xeber100.com

İyun 19, 2020 14:34

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.DİM-dən Azərtac-a bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi–müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.İlkin məlumatlara əsasən, 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, iştirakçılara bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.Doqquzuncu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.On birinci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.xeber100.com

İyun 18, 2020 14:01

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanın yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.DİM-dən Azərtac-a bildirilib ki, hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanıb. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim edilən yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb. Qarşıdakı dörd gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirləri hər tapşırıq üzrə kəsilib ayrılacaq, yoxlama prosesi üçün bütün zəruri materiallar elektron bazaya daxil ediləcək, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlər müəyyən olunacaq. Eyni zamanda, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq. Bundan sonra yazı işlərinin yoxlanılması prosesi onlayn (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər.xeber100.com

İyun 14, 2020 19:11

2019/2020-ci tədris ilinin imtahan sessiyası onlayn formada keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada keçirilib.BDU-dan Azərtac-a bildirilib ki, universitetdə bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, altqruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyasının ilk günündə onlayn qaydada şifahi formada imtahan veriblər.Universitetin rektoru Elçin Babayev onlayn imtahan prosesini izləyərək tələbələrə uğurlar arzulayıb, müəllimlərin obyektiv, şəffaf və ədalətli qiymətləndirmə aparacağına əminliyini ifadə edib. Rektor onlayn imtahanların Azərbaycan təhsili tarixində ilk dəfə keçirildiyini deyib. O, həmçinin imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarlarının əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini vurğulayıb. Rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını bildirib.Bakalavriat pilləsində təhsil alan 216 qrup üzrə 5072 (259 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 44 fənn üzrə 269 magistrant imtahan verib. İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.xeber100.com

İyun 9, 2020 12:03

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.DİM-dən Azərtac-a bildirilib ki, üç seansda təşkil olunan imtahanlarda, ümumilikdə, 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.Qeyd edək ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər kompüterlərinə “ProctorDİM” proqramını yükləməlidirlər. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyat iyunun 4-də DİM-in saytı vasitəsilə aparılıb və iki saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.xeber100.com

İyun 6, 2020 21:04

Dövlət orqanında çalışmaq istəyənlərin nəzərinə!

İyunun 2-də 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 22-si isə B növünə (inzibati icraçı) aiddir.Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri və Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, şöbə müdirinin müavini-sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Turizm Agentliyi, Ümumi şöbə, İnformasiya texnologiyaları və texniki dəstək sektorunun müdiri, Dövlət Statistika Komitəsinin Saatlı Rayon Statistika İdarəsinin rəisi və Maliyyə Nazirliyinin Zəngilan rayonu üzrə Maliyyə Şöbəsinin rəisi vəzifələridir. Ümumilikdə isə Ali Attestasiya Komissiyasında 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Dövlət Statistika Komitəsində 7, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 4, Şirvan Kommersiya Məhkəməsində 1, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə iyulun 2-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.xeber100.com

İyun 2, 2020 12:52

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun bal əsasında aparılacaq. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.xeber100.com  

May 28, 2020 20:34